Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1488/2021 23.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışda düzəlişin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “Torpağa mülkiyyət hüququna dair” JN-0190 (KOD ********) nömrəli Dövlət aktına əsasən X7, X9, X3, X10, X4, X8, X1 və X11 Xanlar rayon Aqrar İslahat Komissiyasının 26.12.2001-ci il tarixli, 17 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,66 hektar torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktının torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində 0190 nömrəli torpaq üzrə 12650,0 kv.m, 190Q nömrəli torpaq sahəsi üzrə 13962,35 kv.m olmaqla, suvarılan əkin torpaqlarının cəmi sahəsi 26612,35 kv.m olaraq göstərilmişdir. 20.07.2006-cı il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X14, X16, X15, X5, X17, X12, X18 və X13 mülkiyyətlərində olan Xanlar (indiki Göygöl) rayonu, Quşqara kəndində yerləşən 2,66 hektar torpaq sahəsinin yalnız 1,26 hektar hissəsini alıcı İddiaçı satmışlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.08.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Xanlar (indiki Göygöl) rayonu, Quşqara kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan 1,265 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyəti tanınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 11.06.2021-ci il tarixli **********79 nömrəli imtina məktubundan görünür ki, İddiaçı Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.265 ha torpaq sahəsinə dair verilmiş çıxarışda düzəliş edilməsi ilə bağlı 31 may 2021-ci il tarixli, ********** Ə-0151 qeydiyyat nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, Ərazi idarəsinin elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əkin ərazisinə düşdüyü, həmçinin “Torpağa mülkiyyət hüququna dair” JN-0190 saylı dövlət aktında torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində 1,265 ha torpaq sahəsinin əkin (suvarılan) olduğu qeyd edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək pozulmuş hüququnun bərpası üçün Gəncə Ərazi İdarəsi tərəfindən ona verilmiş **********00 reyestr nömrəli çıxarışda “torpaq hansı məqsəd üçün verilmişdir” cümləsinin qarşısında yazılmış “Əkin” sözünün ləğv edilərək onun notariat qaydada X2 aldığı 190 saylı Dövlət Aktında qeyd olunmuş “torpaq hansı məqsəd üçün verilmişdir” cümləsinin qarşısında “kənd təsərrüfatı məhsulları istehsalı” cümləsinin yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün X6 adına verilmiş “Torpağa Mülkiyyət hüququna dair” JN-190 saylı Dövlət aktında torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində olan 1,265 ha torpaq sahəsini notariat qaydasında satın almışdır. Həmin sənəddə torpaqdan hansı məqsəd üçün istifadə olunması qrafasında “kənd təsərrüfatı məhsulları istehsalı” yazılmışdır. Bu isə ona hüquq verirmiş ki, kənd təsərrüfatının bütün sahələri ilə, o cümlədən heyvandarlıqla da, quşçuluqla da, əkinçiliklə də, bağçılıqla da məşğul olsun. Hüquqi sənəd almaq üçün Gəncə şəhəri Ərazi idarəsinə sənədlər təqdim etmiş, Gəncə şəhər Ərazi idarəsi tərəfindən ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********00 nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda Gəncə şəhər Ərazi idarəsi məqsədli istifadə növü qarşısına onun X2 aldığı “Mülkiyyət hüququna dair” JN190 saylı Dövlət aktına dair sənəddə “hansı məqsəd üçün” qrafasında yazılmış “kənd təsərrüfatı məhsulları istehsalı” cümləsi əvəzinə “Əkin” sözünü yazmaqla onun qarşıya qoyduğu məqsədi tamamilə alt-üst etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X24 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakı təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə tərəflərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını nəzərdən keçirərək iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki tələbində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.08.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışda ona məxsus olan 1,265 ha torpaq sahəsinin məqsədli istifadə növünün əkin deyil, həmin çıxarışı almağına əsas olmuş “Torpağa mülkiyyət hüququna dair” JN-0190 (KOD ********) nömrəli Dövlət aktında qeyd edilən “kənd təsərrüfatı məhsulları istehsalı” olmasını əsas gətirərək, aparılmış qeyddə düzəliş edilməsini və torpaq sahəsinin məqsədli istifadə növünün “kənd təsərrüfatı məhsulları istehsalı” kimi qeyd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. - 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. - 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. - 12-ci maddəsinin 4-cü bəndinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. - 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadə növləri qanunvericilikdə birmənalı şəkildə müəyyən edilmiş, buna uyğun olaraq əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar kimi məqsədli istifadə növləri fərqləndirilmişdir. Torpaq Məcəlləsinin 13-cü maddəsində qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaqların kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi üçün istifadə edilməsi məhz həmin torpağın məqsədli istifadə növü ilə birbaşa bağlıdır. Yəni məqsədli istifadə növü əkin olan torpaq sahəsindən də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə istifadə edilə bilər, lakin bu zaman torpaq sahəsinin məqsədli istifadə növü nəzərə alınmalıdır. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.08.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışda məqsədli istifadə növünün “əkin”dən “kənd təsərrüfatı məhsullarının istehsalı”na dəyişdirilməsini tələb edir. Bu isə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə ziddir. Belə ki, iddiaçının dəyişdirilməsini istədiyi məqsədli istifadə növləri arasında “kənd təsərrüfatı məhsullarının istehsalı” kimi növ müəyyən edilməmiş, qanunvericilikdə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar kimi növlər müəyyən edilmişdir. Bundan başqa, “Torpağa mülkiyyət hüququna dair” JN-0190 (KOD ********) nömrəli Dövlət aktının torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində iddiaçının notarial qaydada almış olduğu 0190 nömrəli 12650,0 kv.m torpaq sahəsi suvarılan əkin torpağı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31.08.2021-ci il tarixli, **********72 nömrəli məktubundan məlum olur ki, Xanlar rayonu, Quşqara kəndində yerləşən 2,66 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı suvarılan əkin torpaq sahəsidir. Məhkəmə onu da qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0190 (KOD ********) nömrəli Dövlət aktının torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpağın “suvarılan əkin” kimi, dövlət aktının özündə isə “kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün” yazılması da torpaq qanunvericiliyinin tələblərinə zidd olmamışdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlar (həmin torpaqlara aid olan əkin torpaqları da daxil) kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilir (Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12 və 13-cü maddələri). “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı zamanı yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyat aparıldığından və torpaq sahəsinin məqsədli istifadə növü Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün göstərildiyindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışda düzəlişin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1488/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1488/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver