Məhkəmə qərarları › İş №2-1(114)-149/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-149/2020

28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-149/2020 28.07.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 (üçüncü şəxs X1) qarşı tikili və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 (üçüncü şəxs X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 döngə, 23 A№-li ünvanda, 300 kvm torpaq sahəsində yerləşən tikililərin və torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının hüquqi varisi X2 məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən hazırkı iddia tələbi təmin olunduğundan cavabdehə qarşı verilmiş iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hüquqi varisi tərəfindən məhkəməyə ünvanlanmış ərizəni nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbindən imtina edilməsinə dair ərizə qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 55.1. maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qəradaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Hazırkı mübahisədə iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi izah edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 55 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 (üçüncü şəxs X1) qarşı tikili və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası geri götürülmüş sayılsın və 2- 1(114)-149/2020 nömrəli işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar