Məhkəmə qərarları › İş №2-1(114)-149/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-149/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-149/2022 10.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “25.12.1989-cu ildən 29.10.1994-cü ilədək “Novruz” kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1954-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İddiaçıya 24.05.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçının əmək kitabçasında qeyd edilən 25.02.1977-ci il tarixdən 16.02.1983-cü il tarixədək, 15.03.1983-cü il tarixdən 06.03.1985-ci il tarixədək, 13.05.1985-ci il tarixdən 28.06.1989-cu il tarixədək və 01.01.2010-cu il tarixdən 01.03.2014-cü il tarixədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilmişdir. Daha sonra 26.10.2020-ci il tarixdə iddiaçının müraciəti əsasında onun 01.09.1971ci ildən 24.06.1976-cı ilədək əyani təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilmişdir. İddiaçı 26.08.2021-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialına müraciət edərək 1989-1994-cü illərdə “Novruz” kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İnzibati orqan iddiaçıya ünvanladığı **********0 nömrəli 08.09.2021-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası X2 filialına sorğu göndərilmiş və arxivdən gələn məlumata əsasən “Novruz” kooperativinin sənədləri saxlanılmadığı üçün məlumat vermək mümkün olmamış, bu səbəbdən də həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı 05.10.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qocalığa görə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyən əmək pensiyasının fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək 25.12.1989-cu ildən 29.10.1994-cü ilədək “Novruz” kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 10.02.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qurum 27.10.2021-ci il tarixli **********5 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı əlavə iş illərinin sığorta stajına əlavə edilməsi ilə bağlı 26.08.2021-ci il tarixli müraciəti olmuşdur. Müraciətdə 25.12.1989-cu il tarixdən 30.10.1994-cu il tarixədək “Novruz” kooperativində işlədiyi illərin sığorta stajına əlavə olunmasını xahiş etmiş, lakin müəssisənin arxiv sənədləri X2 filialında saxlanılmır. Bu səbəbdən pensiyanın yenidən hesablanması imkan xaricindədir. Vətəndaşın iddiası təmin olunduğu halda pensiyanın məbləği 01.09.2018-ci il tarixdən yenidən hesablanaraq 732.06 manat fərq yaranacaq və aylıq pensiya məbləği 277,96 manat təşkil edəcəkdir. Hazırda aylıq pensiya məbləği 259,78 manatla ödənilir. Daha sonra inzibati orqan 04.02.2022-ci il tarixli **********8 nömrəli etirazla iddiaya münasibət bildirmiş və etirazda qeyd etmişdir ki, iddiaçıya 24.05.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilən zaman 01.01.2006-cı ilə qədər 13 il 11 ay ümumi staj və 01.01.2006-cı ildən 28.02.2014-cü ilədək 4 il 2 ay sosial sığorta stajı və 13.432 manat pensiya kapitalı nəzərə alınmaqla 161 manat pensiya təyin olunmuşdur. İddiaçı 26.10.2020-ci ildə pensiyanın yenidən hesablanması üçün etdiyi müraciət əsasında onun pensiyası yenidən hesablanmış və əyani təhsil aldığı illər (01.09.1971-24.06.1976) ümumi iş stajına əlavə olunaraq ona 01.01.2006-cı il tarixədək 18 il 08 ay ümumi iş stajı müəyyən edilmişdir. Bundan sonra pensiyanın məbləği 184 manat təşkil etmişdir. 24.05.2018-ci il tarixdən 30.10.2020-ci il tarixədək ödənilməyən pensiya məbləği iddiaçıya ödənilmişdir. İddiaçının 25.12.1989-30.10.1994-cü illərdə “Novruz” kooperativində işlədiyi illərə dair hər hansı arxiv sənədi tapılmadığı üçün həmin illərin yenidən hesablanaraq ümumi iş stajı kimi nəzərə alınması qeyri-mümkündür. Həmin müəssisə ilə bağlı X2 filialına, Gəncə şəhər Statistika İdarəsinə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Fondun 18 saylı regional ərazi filialına müvafiq sorğular göndərilmiş, lakin iddiaçının həqiqətən həmin müəssisədə işləməsi, ümumilikdə “Novruz” kooperativinin özünün mövcud olması ilə bağlı məlumat əldə edilə bilinməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin imtinası, iddiaçının pensiya işinin materialları təşkil etmiş, həmin sənədlərin məzmununa istinad edilmişdir. Bununla yanaşı, məhkəmənin müvafiq sorğusu əsasında aşağıdakı sənədlər əldə edilmişdir: - İddiaçıya məxsus İT-İ ******* nömrəli 13.08.1980-ci il tarixli əmək kitabçasına əsasən sonuncu 25.12.1989-cu il tarixli 3 nömrəli əmrlə Azərbaycan SSR Ticarət Nazirliyi Kirovabad ərzaq malları ticarəti “Novruz” kooperativinə qəbul olunmuş, 29.10.1994-cü il tarixli 18 nömrəli əmrlə işdən azad olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsinin 15.10.2021-ci il tarixli 1/259 nömrəli məlumatına əsasən “Novruz” kooperativi Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət reyestrində mövcud deyildir. -Azərbaycan Respublikası X2 filialının 19.10.2021-ci il tarixli 1149(335)/3 nömrəli məlumatına əsasən “Novruz” kooperativinin arxiv sənədləri X2 filialına təhvil verilməmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.10.2021-ci il tarixli **********402100 nömrəli məlumatına əsasən “Novruz” kooperativinin 1989-1994-cü illər üzrə fəaliyyətinin olubolmaması barədə hər hansı məlumatın təqdim edilməsi mümkün deyildir. -X2 filialının 19.10.2021-ci il tarixli 1149(335(/3 nömrəli məktubuna əsasən “Novruz” kooperativinin sənədləri təhvil verilməmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25.11.2021-ci il tarixli **********58 nömrəli məktubuna əsasən adıçəkilən müəssisə haqqında dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmiş və həmin müəssisə barədə təqdim edilməmiş və həmin müəssisə barədə məlumat qeydiyyata alınmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29.11.2021-ci il tarixli **********35 nömrəli məktubuna əsasən Azərbaycan SSR Ticarət Nazirliyi Kirovabad ərzaq malları ticarəti “Novruz” kooperativinin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.12.2021-ci il tarixli **********938400 nömrəli məktubuna əsasən dövlət reyestrində Gəncə şəhəri üzrə “Novruz” kooperativi adlı hüquqi şəxsin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Hazırkı iş üzrə mübahisəli hal iddiaçının əmək kitabçasında qeyd edilən 25.12.1989-cu ildən 29.10.1994-cü ilədək “Novruz” kooperativində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin müəssisənin sənədləri dövlət arxivinə təhvil verilməmiş və onun mövcud olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1988-1994-cü illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı 11.01.1988-16.04.1994-cü illərdə işləməsi barədə əmək kitabçası təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1989-1994-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə, nəzərə almaq lazımdır ki, müəssisənin sənədlərinin arxiv idarələrinə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan SSR Ticarət Nazirliyi Kirovabad ərzaq malları ticarəti “Novruz” kooperativinin arxiv sənədləri ilə əlaqədar Dövlət Arxivinin filialına, vergi orqanına və aidiyyəti orqanlara sorğu göndərilsə belə, həmin idarəyə dair arxiv sənədlərinin təhvil verilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı 25.12.1989-cu ildən 29.10.1994-cü ilədək “Novruz” kooperativində işləməklə, həmin illər üzrə 04 il 10 ay 04 gün sosial sığorta stajı qazanmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 25.12.1989-cu ildən 29.10.1994-cü ilədək “Novruz” kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanmasını tələb etməkdə haqlıdır. İddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bununla yanaşı, iddiaçının hüquqi marağı yalnız əmək pensiyasının yenidən hesablanmasına deyil, həm də yenidən hesablama ilə yaranmış fərqin ödənilməsinə yönəlmişdir. Lakin iddiaçı tələbində yaranan fərqin hansı tarixdən ödənilməli olduğunu göstərməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yenidən hesablama və pensiya fərqinin ödənilməsi öhdəliyinin əsasında məhz pensiyanın müraciət tarixindən 3 il və ya daha çox əvvəl üçün təyin olunması şərti dayanır. Bu səbəblədir ki, inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən yalnız müraciət tarixindən (pensiyanın təyin edildiyi tarixdən deyil) geriyə üç il üçün ödəmə aparmaq öhdəliyini daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 1989-1994-cü illərin sosial sığorta stajına daxil edilərək pensiyanın hesablanması və fərqin ödənilməsi ilə bağlı 26.08.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələblə 26.08.2021-ci il tarixdə inzibati orqana müraciət etdiyindən ona 26.08.2021-ci il tarixdən əvvəlki 3 ilin, yəni 26.08.2018-ci il tarixdən yaşa görə əmək pensiyası fərqi ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının iddiası təmin edilməli, onun 25.12.1989-cu ildən 29.10.1994-cü ilədək “Novruz” kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək 26.08.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 25.12.1989-cu ildən 29.10.1994-cü ilədək “Novruz” kooperativində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası məbləğinin 26.08.2018-ci il tarixdən hesablanması və həmin tarixdən fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar