Məhkəmə qərarları › İş №2-1(114)-1490/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1490/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1490/2022 30.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı şəhid ailəsi statusunun və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona şəhid ailəsi statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X1 xx.xx.1992-ci il tarixdə Ermənistan ərazisindən Tovuz rayonunun ərazisi atəşə tutularkən qəlpə yarasından şəhid olmuşdur. O, şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsi üçün ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, ona cavab olaraq bildirilmişdir ki, o şəhidin ailə üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyi üçün sözügedən vəsiqənin verilməsi mümkün olmamışdır. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, anası şəhid olduğu zaman onun 17 yaşı olmuşdur. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli "qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydalarının 1.1-ci maddəsinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 2-ci maddəsinə əsasən şəhidin ailə üzvü, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları, bacıları-uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) hesab olunurlar. Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.1975-ci il təvəllüdlü (47 yaş) İddiaçı Məhəmmədhüseyn qızı şəhid ailə üzvü olan şəxslər kateqoryasına aid edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuş, ana qrafasında “X1” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş Tovuz Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2017-ci il tarixli, AZl- 186864 nömrəli arayışından görünür ki, X1 xx.xx.1992-ci il tarixdə ROK Ermənistan ərazisindən atəşə tutularkən qəlpə yarasından şəhid olmuşdur. -surəti işə əlavə edilmiş Tovuz Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 7-12/18 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, Tovuz rayonun Azaflı kənd sakini X1 xx.xx.1992-ci il tarixdə ROK Ermənistan ərazindən atəşə tutulakən qəlpə yarasından şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci maddəsinə əsasən İddiaçı şəhid ailəsi hesab edilir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin 7 saylı filialının məktubundan görünür ki, İddiaçı şəhidin ailə üzvü olan şəxslər kateqoriyasına aid edilmədiyindən şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının anası X3 xx.xx.1992-ci il tarixdə Ermənistan ərazisindən atəş nəticəsində Tovuz rayonu, Bayramlı kəndində şəhid olmuşdur. O, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi tələbi ilə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı hazırki iddia ilə ona şəhid ailəsi statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid və şəhid ailəsi hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın:- 1.2.4-cü bəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İş materialları ilə təsdiq olunur ki, iddiaçının anası X1 xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur və bu iddianın mübahisə olunmayan halıdır. İddiaçının xx.xx.1975-ci il tarixdə anadan olması nəzərə alındıqda qeyd olunan dövrdə o, 17 yaşında olmuş və Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusunu artıq xx.xx.1992-ci il tarixdə qazanmışdır. Həmçinin Tovuz Rayon İcra Hakimiyyəti başçısının aparatının 7-12/18 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə də təsdiq olunur ki, iddiaçının anası X1 şəhid olduğuna görə İddiaçı şəhid ailəsi hesab edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının anasına səlahiyyətli qurum (Tovuz Rayon İcra Hakimiyyəti) tərəfindən şəhid statusu verildiyindən və özü də şəhid ailəsi olduğundan tələbin “şəhid ailəsi adının verilməsi” hissəsi təmin oluna bilməz. Odur ki, hazırki vəziyyətdə iddiaçıya yalnız şəhid ailəsi statusu ilə bağlı vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı şəhid ailəsi statusu ilə bağlı müvafiq vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar