Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1493/2020 08.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx xxx 2020-ci il tarixli «Əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə» bildirişi ilə PT-İ № ******* saylı əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Ermənistan SSR Masis rayon Dostluq sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Dostluq kənd orta məktəbində kitabxanaçı işləməsinə dair qeyd olmasına baxmayaraq həmin illər yoxlanılması mümkün olmadığından sosial sığorta stajına daxil edilməmiş və İddiaçı 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 28800,00 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı onun xx.xx.1980ci il tarixdən 1984-cü ilədək Ermənistan SSR-nin Masis rayonunda “Dostluq” sovxozunda fəhlə, 1984-cü ildən 1988-ci ilə kimi Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı işləməsi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək Ermənistan SSR Masis rayonunda “Dostluq” sovxozunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Ermənistan SSR Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1980-xx.xx.1984-cü illərdə Ermənistan Respublikasının Masis rayonunun “Dostluq” kənd sovxozunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə kimi Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləmişdir. Məlum məsələlərlə bağlı onlar Ermənistandan qaçqın düşəndən sonra Bakı şəhərində məskunlaşmışlar. xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə kimi Bakı Əlvan Metalları İstehsalı zavodunda laborant vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi Bakı şəhəri 29 nömrəli mağazada satıcı, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi Bakı Aviasiya İstehsalatı Birliyində mühasib vəzifəsində işləmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq, Şəmkir rayonunun Təzəkənd kəndinə köçmüşdür. xx.xx.2007-ci ildən hal-hazıra kimi Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Füzuli kənd klubunda mədəni təşkilatçı vəzifəsində işləyir. Hüquqlarından istifadə edərək, əmək pensiyasına çıxmağı barədə müraciət etmiş, gmək pensiyasının təyin olunmasına dair xx xxx 2020-ci il tarixli müraciətinə baxılmış, lakin onun təqdim etdiyi RT-İ N-0220398 saylı əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1984cü il tarixədək Ermənistan SSR Masis rayonunun “Dostluq” kənd sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı işləməyinin qeyd olunmasına baxmayaraq, həmin illərin yoxlanılması mümkün olmamış, bu səbəbdən də 1980-1988-ci illərdə onun sığorta stajına daxil edilməmişdir. Qaydalara əsasən həmin illərin sığorta stajı məhkəmə qaydasında müəyyən edildikdən sonra ona yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxıla bilər. 1980-1988-ci illərdə Ermənistan SSR Masis rayonunda əvvəlcə fəhlə, sonra kitabxanaçı vəzifəsində işləməyi faktı əmək kitabçasında göstərilən əmrlərlə və məhkəməyə təqdim edəcəyi şahidlərlə təsdiqlənir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi əlavə olaraq bildirdi ki, xx.xx.1963-cü ildə Ermənistan SSR Masis rayonunda anadan olmuş, həmin kənddə orta məktəbi bitirmiş və 1982-1984-cü illərdə əyani olmaqla texnikomda təhsil almışdır. Əmək fəaliyyətinə ilkin olaraq xx.xx.1980-ci ildə Ermənistan SSR Masis rayonunda yerləşən Dostluq savxozunda fəhlə işləməklə başlamış, elə əmək kitabçasıda həmin tarixdən açılmışdır. O Ermənistan SSR Masis rayonunda xx.xx.1988-ci il tarixədək işləmiş, sonradan məlum hadisələrlə bağlı köçüb Bakı şəhərində yaşamışdır. Himayəsində sağlamlıq imkanları məhdud uşağı vardır. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi PT-İ №0220398 saylı əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Ermənistan SSR Masis rayon Dostluq sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Dostluq kənd orta məktəbində kitabxanaçı işləməsinin qeyd olmasına baxmayaraq həmin illərin yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də 1980-1988-ci illərin iddiaçının sığorta stajına daxil edilməsi imkan xaricindədir. Qaydalara əsasən həmin illərdəki sığorta stajı məhkəmə qaydasında müəyyən edildikdən sonra iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxıla bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 maddəsinə əsasən 56 yaş 06 ayına çatmış sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə edən qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 28800,00 manat pensiya kapitalı tələb olunur. İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək 04 il 05 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 3274,11 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixdən sonra 12 il 06 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 6020,35 manat pensiya kapitalı olmaqla cəmi 16 il 11 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 9294,46 manat pensiya kapitalı vardır. İddiaçının 25 il sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində 28800,00 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin və xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətləri, xx.xx.2012-ci il tarixli, AZ-İ 763143 nömrəli “Nikah haqqında” şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.1984-cü il tarixli, JQ 028054 nömrəli diplomun surəti, iddiaçının pensiya işinin təsdiqlənmiş surəti, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin iddiaçıya ünvanladığı xx xxxx 2020-ci il tarixli, **********3 nömrəli və xx xxxx 2020-ci il tarixli, **********3 nömrəli məktubları, iddiaçının ərizəsi əsasında açılmış pensiya işi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Ermənistan SSR-nin Masis rayonunda “Dostluq” sovxozunda və Masis rayonunun “Dostluq” kənd orta məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, həmin illərə dair arxiv sənədləri mövcud olmadığından iddiaçının işlədiyi illərin qarşılıqlı yoxlanılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2. maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67. maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69. maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır Yuxarıda qeyd edildiyi kimi imtina məktubunda cavabdeh inzibati orqan iddiaçının işlədiyi illərin qarşılıqlı yoxlanmasının mümkün olmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla yanaşı cavabdeh orqan tərəfindən əmək kitabçasındakı qeydlərin mötəbərliyi mübahisələndirilməmiş, iddiaçıya məxsus əmək kitabçasında göstərilən 1980- 1988-ci illərdəki əmək fəaliyyətinin şübhə altına alınması üçün işdə tutarlı sübut aşkar olunmamış və cavabdeh orqan tərəfindən də təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının əslindən də görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1984cü ilədək Ermənistan SSR Masis rayonunda “Dostluq” sovxozunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Ermənistan SSR Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.1. maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Adıçəkilən qaydanın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək Ermənistan SSR Masis rayonunda “Dostluq” sovxozunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Ermənistan SSR Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləməsinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. İddia ərizəsində İddiaçı həmçinin ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıəmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu müddəa «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.5. bəndində nəzərdə tutulmuşdur. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Lakin hazırkı iş üzrə iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmış və xx.xx.2020-ci il tarixdə 56 yaş 06 ayı tamam olduğundan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək Ermənistan SSR Masis rayonunda “Dostluq” sovxozunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Ermənistan SSR Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı vəzifəsində işlədiyi illər də nəzərə alınmaqla sosial sığorta stajı cəmi 25 il 10 ay təşkil edir və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Qənbər qızının xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək Ermənistan SSR Masis rayonunda “Dostluq” sovxozunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Ermənistan SSR Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı Qənbər qızının xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək Ermənistan SSR Masis rayonunda “Dostluq” sovxozunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Ermənistan SSR Masis rayonunun “Dostluq” kənd orta məktəbində kitabxanaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova