Məhkəmə qərarları › İş №2-1(114)-1493/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1493/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1493/2022 21.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işi məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 11.08.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 31.03.2022-ci il tarixli qərardadı əsasında iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İşin aidiyyəti üzrə göndərilməsinə əsas kimi iddiaçının əvvəllər dövlət qulluqçusu olması və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinin tələbləri göstərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə ərazi aidiyyəti baxımından məhkəmə tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Odur ki, məhkəmələr arasında aidiyyətlə bağlı mübahisə olduğundan işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi Məcəllənin 8.1.3-cü maddəsi dövlət qulluqçularının tərəf olduğu mübahisələrlə bağlı işlərin ərazi aidiyyətini mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə şərtləndirmişdir. Hazırki iş üzrə iddiaçının qeydiyyatda olduğu yer Gəncə şəhəri olsa da, habelə iddiaçı əvvəllər dövlət qulluqçusu olaraq cavabdeh qurumun da tabe olduğu mərkəzi icra hakimiyyəti orqanı ilə əmək münasibətlərində olsa da, hazırki mübahisə onun cavabdehlə mövcud olmuş əmək münasibətlərindən deyil, tamamilə başqa hüquq sferasına aid olan hüquq münasibətlərindən yaranmış, eyni zamanda həmin münasibətlər vətəndaşların pensiya təminatını tənzimləyən hüquq normaları ilə nizamlanır. Başqa sözlə hazırki mübahisə iddiaçının pensiya təminatı hüququnun pozulması ilə bağlıdır və bu qəbildən olan mübahisələr xidməti hüquq münasibətindan dögan mübahisə kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, hazırki mübahisə üzrə iddia ərizəsi 11.08.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduğundan ərazi aidiyyəti ilə bağlı mübahisə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə edilmiş əlavənin təsiri altına düşmür. Qeyd olunanlara əsasən hesab edirəm Bakı İnzibati Məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı səhv nəticəyə gəlmişdir və iş həmin məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda aidiyyət üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cu maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-cu maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi tələbinə dair iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar