Məhkəmə qərarları › İş №2-1(114)-1497/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1497/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1497/2020 26.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Tovuz rayon şöbəsinə qarşı sosial müavinətin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsindən əvvəlki üç ilin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə 033611 nömrəli «Müharibə veteranı» vəsiqəsi verilmişdir. Həmin vaxtdan başlayaraq DSMF-un Tovuz rayon şöbəsi tərəfindən hər ay ona Müharibə Veteranlarına verilən prezident təqaüdü ödənilir. O, bununla bağlı cavabdehə «Müharibə veteranı» vəsiqəsi təqim edilməzdən əvvəlki illər üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona rəsmi olaraq xx.xx.2020-ci il tarixdə **********7 nömrəli məktubla imtina cavabı verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək əlavə olaraq bildirdi ki, ona veteran statusu xx.xx.2020-ci il tarixdə verilməsinə baxmayaraq, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 1994-cü ilədək iştirak etdiyindən müavinət müraciət etdiyi əvvəlki 3 il üçün də verilməlidir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən veteran vəsiqəsi ilə təmin olunmuşdur. Həmin tarixdən də ona Prezident təqaüdü ödənilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsini təqdim edildikdə həyata keçirilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) mürtaciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Ona görədə yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.2020-ci il tarixli, 033611 nömrəli «müharibə veteranı» vəsiqəsinin surəti, Dövlət X4 Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli, **********7 nömrəli etiraz təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 033611 nömrəli müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh orqan ona həmin tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini təmin etmişdir. İşin mübahisəli halı prezident təqaüdünün təyin olunmasından əvvəlki üç ilə münasibətdə ödənilməsi ilə bağlıdır ki, həmin hal da qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 1,2 və 5-ci hissələrinə əsasən «müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilməsi və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Sözügedən Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilməsi təsbit edilmişdir. Həmin Fərmanın 1-ci və 2-ci hissələrinin 2019-cu il aprelin 1-dən tətbiq edilməsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. İddiaçıya münasibətdə ona müharibə veteranı vəsiqəsi xx xxxxxx 2020-ci il tarixdə təqdim edildiyindən onun prezident təqaüdü almaq hüququ da həmin tarixdən yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Tovuz rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulan müharibə veteranı adı və vəsiqəsinin verilməsindən əvvəlki üç ilin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar