Məhkəmə qərarları › İş №2-1(114)-1499/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1499/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1499/2023 15.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai bələdiyyəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai bələdiyyəsinə qarşı qərarın ləğvi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bakı şəhəri Xətai bələdiyyəsinin 28.10/3-357 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə bələdiyyənin xx.xx.2022-ci il tarixli 13 saylı protokolunun 3 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan yaşayış əmlak sahəsinə görə vergi borcunu ödəmədiyi üçün ümumilikdə hesablamış 687,56 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə 727,56 manat borc məbləğinin ondan tutularaq bələdiyyənin yerli büdcəsinə ödənilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir.

2. İddiaçı cavabdeh Bakı şəhəri Xətai bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai bələdiyyəsinin 28.10/3-357 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi Bakı şəhəri Xətai bələdiyyəsinin 28.10/3-357 nömrəli xx.xx.2022-ci il tarixli qərarı qanunsuzdur. Belə ki, onun barəsində verginin hesablanmasına əsas olan əmlaklar ona məxsus deyil və bələdiyyə həmin qərarı qəbul edən zaman əmlakların onun mülkiyyətində olmasını təsdiq edən heç bir sübut göstərməmişdir. Həmçinin sözügedən qərar qəbul edilən zaman ona məlumat verilməmiş və o, yalnız icra şöbəsinin çağırışı zamanı qərardan xəbərdar olmuşdur.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. II. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.

6. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə aidiyyatla bağlı məsələyə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

9. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, iş üzrə isə mübahisələndirilən inzibati akt Bakı şəhəri Xətai bələdiyyəsi tərəfindən qəbul olunmuşdur və həmin bələdiyyənin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid deyil. Belə ki, cavabdehin hüquqi ünvanı ünvan 1n 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

11. Göründüyü kimi, mübahisələndirmə haqqında iddialara, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallar istisna edilməklə, mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

12. Odur ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai bələdiyyəsinə qarşı qərarın ləğvi tələbinə dair iş ərazi aiddiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

13. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Xətai bələdiyyəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar