Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-150/2020 18.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İslam qızının katibliyi, İddiaçı Vəliyyəddin oğlunun vəkili X1 iştirakı ilə İddiaçı Vəliyyəddin oğlunun Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Vəliyyəddin oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 mənzil 28-də yerləşən mənzilin iki əlavə otağının uçurulması nəticəsində ona dəymiş maddi ziyan kimi 20000 (iyirmi min) manat pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, maddi ziyan kimi tələb etdiyi 20.000 manatı 40.000 manat həddində müəyyən edilməsi, həmçinin iddia tələbinin mənəvi ziyanla bağlı olan hissəsini 100.000 manat məbləğində cavabdehdən tutulmasıını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 28 iddiaçıya məxsusdur. Həmin evdə əlavə 2 otaq da artırılmış, həmin iki otaqla bağlı İcra Hakimiyyətinin müvafiq sənədləri olmuş və hal-hazırda həmin 2 otağın reyestrdə qeydiyyatı aparılmışdır. İddiaçıya məxsus olan artırılmış 2 otağa Gəncə rayon XDS İK-nin x xxxxxx 1990-cı il tarixli 105 saylı sərəncamı ilə tikintisinə icazə verilmişdir. Hal-hazırda mənzilə məxsus texniki pasport və çıxarışda həmin 2 otaq dövlət reyestrində qeydiyyata alınmışdır. 6 il bundan əvvəl Gəncə şəhərində gedən abadlıq işləri ilə əlaqədar iddiaçıya məxsus olan, hal-hazırda təzə tikilmiş Gəncə Dövlət Filarmoniyasının binasının yaxınlığında yerləşən ərazidə aparılan abadlıq işləri ilə əlaqədar mübahisəli mənzilin artırılmış 2 otağı uçurulmuşdur. İddiaçı Gəncə şəhərində gedən abadlaşdırma işlərinin tərəfdarı olmuş, həmin vaxt keçmiş İcra Hakimiyyəti başçısı söz vermişdir ki, sökülən evlərə və otaqlara görə hamıya kompensasiya ödəniləcəkdir. Buna görə də, o, artırılmış 2 otaq uçurulan zaman ona dəymiş ziyanın məbləğinin kompensasiya kimi ödənilməsini xahiş edir. İddiaçı Vəliyyəddin oğlunun vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ünvan 1 mənzil 28 ünvanında yerləşən mənzilin iki əlavə otağı Cavabdeh tərəfindən sökülməmiş və sökülməyə dair Cavabdeh başçısının göstərişi olmamışdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş edir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində ona məxsus fərdi yaşayış evinə sonradan əlavə edilmiş iki otağın Cavabdeh tərəfindən söküldüyünü və bunun nəticəsində ona 40.000 (qırx min) manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, həmin yaşayış sahəsinin Cavabdeh tərəfindən söküldüyünü və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan: - Gəncə rayon X9 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 105 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə rayonu ərazisində çox mərtəbəli yaşayış evlərinə bitişik əlavə örtülü eyvanların tikilməsinə və açıq eyvanların şüşəbənd şəkilinə salınmasına layihə hazırlanmasının, vətəndaşların icazə sənədləri ilə təmin edilməsinın rayon memarına həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan SSR Gəncə rayon X6 İcraiyyə Komitəsinin İnşaat və Memarlıq İşləri üzrə şöbəsinin xx.xx.1991-ci il tarixli, 14/kol nömrəli rəyinin surətindən görünür ki, Nizami rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 105 nömrəli sərəncamını rəhbər tutaraq Nizami rayon memarı yaşadıqları binanın həyətyanı sahəsi tərəfindən binaya bitişik örtülü eyvanı layihə əsasında tikilməsinə icazə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “Əmlak münasibətləri və hüquqi yardım” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2012-ci il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin bazar qiyməti binaya bitişik şəkildə sonradan inşa edilmiş sahələri 5,2 kv.m dəhlizdən, 6,1 kv.m, 15,9 kv.m, 13,1 kv.m örtülü eyvanlardan, 1,6 kv.m şkafdan ibarət olan tikililərlə birlikdə təxminən 80.000 (səksən min) manat, həmin tikililərsiz isə təxminən 60.000 (altmış min) manat təşkil edir. - Cavabdeh başçısı aparatının xx xxxxxx 2018-ci il tarixli, H-208-010 nömrəli məktubunun surətindən görünür ki, mənzlin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı qərar verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğu bildirilmişdir. - Cavabdeh başçısı aparatının xx xxxxxxxx 2020-ci il tarixli, 03/628 nömrəli məktubunun surətindən görünür ki, Gəncə şəhərində gedən abadlıq işləri ilə əlaqədar İddiaçı Vəliyyədin oğluna məxsus ünvan 3 ünvanında yerləşən mənzilinin 2 əlavə otağının (32 kv.m) sökülməsinə dair Cavabdeh və onun tabeli qurumları tərəfindən hər hansı bir qərar verilməmiş və həmin ünvanda Cavabdeh tərəfindən söküntü işləri apırlmamışdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 nömrəli qərarında Plenum məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Beləliklə, hazırkı iş üzrə iddiaçının tikilisinin əvvəllər mövcud olması və daha sonra isə sökülməsi mübahisə doğurmur. Mübahisəli hal tikilinin kim tərəfindən sökülməsidir. Cavabdeh inzibati orqanın nümayəndəsi etirazında və məhkəmə iclasında verdiyi izahatlarında tikilinin cavabdeh tərəfindən sökülmədiyini, bununla bağlı heç bir göstəriş (sərəncam) verilmədiyini bildirmiş, iddiaçı tərəfindən isə əksini sübut edən dəlillər iddia ərizəsinə əlavə olunmamış və məhkəmə iclasında da təqdim edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iş materiallarında tikilinin inzibati orqan tərəfindən sökülməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin maddi zərərlə bağlı dəlillərinə hüquqi qiymət verildiyindən, həmin hissə ilə əlaqəli olan mənəvi zərərin ödənilməsi hissəsinin təmin edilməməsinə dair əlavə əsaslandırılmaya ehtiyac qalmamışdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı kompensasiya ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-150/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-150/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver