Məhkəmə qərarları › İş №2-1(114)-150/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-150/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-150/2021 28.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi Rövşənov İlqar Vəli oğlu, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı «Texas» SM-in cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Mənzil İnşaatı Dövlət Agentliyi) qarşı «Texas» SM-nin mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən 37,7 kv.m torpaq sahəsi üzərində tikintiyə icazə verilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «Texas» SM (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ndə yerləşən «Texas» SM-nin mülkiyyətində olan 37.7 kv.m torpaq sahəsi üzərində hüquqlarının bərpasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli 5 nömrəli reyester kitabının 101 nömrəli vərəqində **********919 reyestr nömrəsi (qeydiyyat nömrəsi **********) ilə ünvan 2 13 saylı, sahəsi 37.7 kv.m olan torpaq sahəsini dövlət hərrac yolu ilə özəlləşdirərək satın almış, həmin torpaq sahəsində tikinti aparılması üçün Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin 2012-ci ildə İcra Hakimiyyəti tərəfindən «oradan yüksək gərginlik xətt keçir və buna görə də orada tikinti aparmaq hal-hazırda məqsədə uyğun deyil» cavabı verilmişdir. 2015-ci ildə ərazidən yüksək gərginlikli xəttlər götürüldükdən sonra dəfələrlə cavabdehə rəsmi surətdə tikinti aparılması və kompensasiya ödənilməsi üçün müraciət etmiş, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatı xx.xx.2019-cu il tarixli 03/354 nömrəli məktubu ilə sözügedən ərazidə Dövlət Proqramına əsasən vətəndaşların güzəştli şərtlərlə mənzil təminatı məqsədi ilə çoxmənzilli binaların tikintisi nəzərdə tutulduğu və torpaq sahəsi şəhərin baş planında müəyyənləşdirilmiş qırmızı xətti pozduğu üçün orada ticarət obyektlərinin tikintisinin məqsədəuyğun olmaması, xx.xx.2020-ci il tarixli 03/535 nömrəli məktubunda isə 2010-cu ildə şəhərdə aparılan kompleks abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq, Azərbaycan Bayrağı (keçmiş T.Arani) küçəsində yerləşən «İnam» Ticarət Mərkəzinin yeni əraziyə köçürülməsi və küçənin genişləndirilməsi ilə bağlı həmin ərazidəki qeyri-yaşayış obyektləri söküldüyü, həmin sökülmüş obyektlərin 28 və 46 nömrəli tam orta məktəblərin yaxınlığındakı ərazidə yerləşdirilməsi nəzərdə tutulsa da, oradan keçən 35.0 kvt-luq elektrik hava xətti ilə bağlı tikinti işləri yubandığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 394s nömrəli Sərəncamına əsasən çoxmənzilli binaların və 1170 yerlik tam orta məktəb binasının tikintisi üçün Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yerləşən, əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli tam orta məktəb binalarının yerləşdiyi 6.23 hektar torpaq sahəsi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verildiyindən həmin ərazidə ticarət obyektlərinin yerləşdirilməsinin məqsədəuyğun olmaması, sökülmüş ticarət obyektlərinin öz əvvəlki yerində bərpa edilməsi məsələsinə Gəncə şəhərinin yeni hazırlanan Baş planı təsdiq edildikdən sonra baxılacağını bildirmişdir. Mənzil İnşaatı Dövlət Agentliyi isə sözügedən ərazinin onlara aidiyyatının olmamasını bildirmişdir. Ona görədə cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı dəqiqləşmə barədə ərizə verərək «İddiaçı-nin mülkiyyətində olan ünvan 2 13 saylı ünvanda yerləşən 37.7 kv.m torpaq sahəsi üzərində tikiliyə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Rövşənov İlqar Arif oğlu iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, tikintiyə dair layihə cavabdeh tərəfindən verilmir, layihəni iddiaçı özü verməlidir. İddiaçı tərəfindən layihə təqdim edilmədiyi üçün iddiaçının tələbinin təmin olunması mümkün olmamışdır. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Mənzil İnşaatı Dövlət Agentliyi iddia tələbinə dair bildirmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında olan 13 saylı, sahəsi 37.7 kv.m olan torpaq sahəsi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra mətndə üçüncü şəxs) tabeliyində olan «xxxx» MMC-nin müvafiq struktur bölməsinin mütəxəssislərinin hazırladığı topoqrafik koordinatlar sxeminin məlumatlarına görə «xxxx»nın balansında olan torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşir. Ona görədə iddia tələbinə dair qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatə haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, xx.xx.2011-ci il tarixli **********19 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2019-cu il tarixli 03/354 nömrəli və xx.xx.2020-ci il tarixli 03/535 nömrəli məktubları, Mənzil İnşaatı Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli 04/12/283-M/29 nömrəli məktubu və xx.xx.2020-ci il tarixli 02/15/340 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı hesab edir ki, ünvan 2 13 saylı ünvanda yerləşən 37.7 kv.m torpaq sahəsi MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında onun xüsusi mülkiyyətində olduğundan həmin torpaq sahəsi üzərində tikiliyə icazə verilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 13 ünvanında yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli **********19 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli 2505 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanından 0.00377 ha torpaq sahəsi «Texas» SM-in xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:- - 75.3-cü maddəsinə görə Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - 75.3.1-ci maddəsinə görə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; - 75.3.2-ci maddəsinə görə tikinti layihəsi; - 75.3.3-cü maddəsinə görə sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; - 75.3.4-cü maddəsinə görə «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. - 75.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. İç materiallarından habelə iddiaçının özünün izahatından göründüyü kimi o, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində sadalanan sənədləri cavabdehə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz. Onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Cavabdeh inzibati orqanın hazırki mübahisə ilə bağlı hərəkətləri, yəni cavabdehə göndərilmiş cavab məktubları İnzibati İcraat Haqqında Qanunun tələblərinə uyğun olmasa da onun imtinası qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gəldiyindən məhkəmə iddianının rədd olunması nəticəsinə gəlmişdir. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı «Texas» SM-in cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Mənzil İnşaat Dövlət Agentliyi) qarşı «Texas» SM-nin mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən 37,7 kv.m torpaq sahəsi üzərində tikintiyə icazə verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar