Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-150/2022 15.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.1992-ci il tarixdən 23.04.2002-ci il tarixədək Sumqayıt Toxuculuq Fabrikində, eləcə də 24.04.2002-ci il tarixdən 30.07.2003-cü il tarixinədək Sumqayıt Mənzil Kommunal X2 işlədiyi illərin sosal sığorta stajına daxil edlməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildən 2003-cü ilədək Sumqayıt şəhərində yerləşən Üst trikotaj fabrikində, daha sonra isə həmin şəhərdə Mənzil İstismar İdarəsində fasiləsiz olaraq 27 il işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini rəhbər tutaraq 08.04.2021-ci ildən etibarən yaşa görə əmək pensiyası almaq hüququ yarandığından ona pensiya təyin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin 27 (iyirmi yeddi) illik əmək stajı nəzərə alınmamış, ona yaşa görə aylıq 130 (bir yüz otuz) manat sabit pul məbləğində əmək pensiyasının təyin olduğu bildirilmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq orqana müraciət etmiş və ona təyin olunmuş yaşa görə əmək pensiyasının düzgün hesablanmadığını bildirərək 27(iyirmi yeddi) illik əmək stajı nəzərə alaraq pensiyasının yenidən hesablanmasını xahiş etsə də, cavabdeh tərəfindən heç bir müsbət tədbir görülməmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə inzibati orqana müraciət etmiş, sonuncu isə 27.07.2021-ci il tarixli **********6 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçınının təqdim etdiyi 23.10.1979-cu il tarixində tərtib edilmiş İT-l № ******* saylı əmək kitabçasının surətinə əsasən sığorta stajı 17 il 1 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 12661,57 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır Fondun 1 saylı regional ərazi filialının 01.07,2021-ci il tarixli aktına və 14.07.2021-ci il tarixli məktubuna əsasən 01.01.1992-ci il tarixindən 23.04.2002- ci il 'tarixinədək iddiaçının işlədiyi Sumqayıt Toxuculuq fabrikinin arxiv sənədlərinin olmamasından, eləcə də 24.04.2002-ci il tarixindən 30.07.2003-cü il tarixinədək işlədiyi Sumqayıt Mənzil Kommunal X3 Birliyində öz hesabına məzuniyyətdə olduğu üçün sözügedən dövrlərin sığorta stajınıza əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddaçı 24.01.2022-ci il tarixdə keçirlən məhkəmə hazırıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 01.01.1992-ci il tarixdən 23.04.2002-ci il tarixinədək Sumqayıt Toxuculuq fabrikində işlədiyi illərin Üst Trikotaj Fabrikində işlədiyi kimi qəbul edilməsini məhkəmədən xahiş etmiş, Məhkəmənin həmin tarixli məhkəmə iclasının protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı 15.02.2022-ci il tarixdə idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 01.01.1992-ci il tarixdən 23.04.2002-ci il tarixədək Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və 08.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli məhkəmə iclasının protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı 24.01.2022-ci il tarixli **********8 nömrəli etiraz təqdim etmiş, etirazında imtinada qeyd olunan əsasları təkrarlayaraq əlavə olaraq bildirmişdir ki, iddiaçı 1998-2002-ci illərdə Sumqayıt Toxuculuq fabrikində işlədiyini iddia etsə də, həmin müəssisənin arxiv sənədləri olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1959-cu il tarixdə anadan olduğuna görə yaşa görə əmək pensiyası almaq hüququ 08.04.2021-ci il tarixdə yaranmışdır. İddiaçı 27.04.2021-ci il tarixli məktubla cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçının əmək kiabçasına müvafiq olaraq onun 01.09.1976-01.01.1992-ci illər üzrə 15 il 4 ay, 23.04.2002-30.07.2003-cü illər üzrə 1 il 3 ay 7 gün olmaqla işlədiyi dövrlər üzrə və 15.11.2005 -16.05.2006-cı illər üzrə 6 ay 1 gün olmaqla işsizlik müavinəti aldığı dövr üzrə ümumilikdə mübahisələndirilməyən sığorta stajı 17 il 1 ay 8 gün təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı 01.01.1992-ci il tarixdən 23.04.2002-ci il tarixədək işlədiyi Sumqayıt Toxuculuq fabrikində işlədiyini iddia etdiyi müddətdir. Sözügedən idarənin əmək haqqı kitabları və əmrlər kitabları mühafizə olunmaq üçün Sumqayıt şəhər Dövlət Arxivinə təhvil verilməmişdir. İddaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır (27 il 4 ay 30 gün). ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövriəm məcmusudur. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az otmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlədiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxi olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci maddəsinə görə isə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa əsasən müəyyən olunur. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin 01.01.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da ilkin sübutedici sənəd kimi inzibati icraatın əsasını təşkil edir. Lakin iş materiallarından məlum olur ki, iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmamışdır. Dövlət Arxivinin Sumqayıt şəhər fililaında aparılmış qarşılıqlı yoxlama aktından müəyyən olunur ki, sözügedən müəssisənin əmək haqqı kitabları mühfizə olunmaq üçün Sumqayıt şəhər Arxivinə verilməmişdir. Ona görə də sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 27.07.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu, 23.10.1979-cu il tarixli, İT-l ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti,8 Dövlət Statistika Komitəsinin Sumqayıt Şəhər Statistika İdarəsinin 141 nömrəli, 15.11.2021-ci il tarixli və 153 nömrəli, 17.12.2021-ci il tarixli məktubları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 15.11.2021-ci il tarixli, **********735200 nömrəli və 14.12.2021-ci il tarixli, **********692200 nömrəli məktubları, Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal X1 850 nömrəli, 22.11.2021-ci il tarixli məktubu və qoşması, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2174 nömrəli, 25.11.2021-ci il tarixli məktubu və qoşması, cavabdehin 24.11.2021-ci il tarixli, **********4 nömrəli məktubu və qoşması, "xxxx" MMC-nin 01/44 nömrəli, 21.12.2021-ci il tarixli məktubu, Dövlət Arxivinin Sumqayıt filialının 29.11.2021-ci il tarixli, 242/1 nömrəli nömrəli və 16.12.2021-ci il tarixli, 255 nömrəli məktubuları, cavabdehin 24.01.2022-ci il tarixli, **********8 nömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (08.04.2021-ci il tarixdə 62 il yaşına çatmışdır). İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı arxiv arayışında qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı 01.09.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, sonuncu dəfə 30.07.2003-cü il tarixədək işləmiş, 15.11.2005-ci il tarixdən 16.05.2006-cı il tarixədək işsizlik müavinəti almışdır. İnzibati orqan imtinasında iddiaçının 17 il 01 ay 08 gün müddətini, daha sonra məhkəməyə təqdim etdiyi etirazlarında isə 01.09.1976-01.01.1992-ci illər üzrə 15 il 04 ay, 23.04.2002-30.07.2003-cü illər üzrə 01 il 03 ay 07 gün olmaqla işlədiyi dövr, 15.11.2005- 16.05.2006-cı illər üzrə 06 ay 01 gün olmaqla işsizlik müavinəti olmaqla, ümumilikdə 17 il 01 ay 08 gün müddəti mübahisələndirmədiyini qəbul etmişdir. İnzibati orqan tərəfindən iddiaçının 01.01.1992-ci il tarixdən 23.04.2002-ci il tarixədək Sumqayıt Toxuculuq fabrikində (sonralar Sumqayıt ÜST Trikotaj fabriki, Sumqayıt Trikotaj ASC, Sumqayıt "xxxx" ASC) işlədiyi dövr nəzərə alınmır. Hazırkı mübahisə də iddiaçının 23.04.2002-ci il tarixədək Sumqayıt Toxuculuq fabrikində işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin olunmasından cavabdehin imtinası ilə bağlıdır. İddiaçının işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1992-2002-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1992-2002-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə tərəfindən mübahisəli idarənin arxiv sənədləri ilə əlaqədar Dövlət Arxivinin filialına, vergi orqanına və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilsə belə, həmin idarələrə dair arxiv sənədlərinin təhvil verilmədiyi müəyyən edilmişdir. Həmin müəssisənin arxiv sənədləri tapılmasa belə, məhkəmə araşdırması zamanı “Sumqayıt ÜSt Trikotaj Fabriki”nin 30.01.1996-cı il tarixində D-970 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı, 20.12.2000-ci il tarixdə D-3061 qeydiyyat nömrəsi ilə “Sumqayıt ÜSt Trikotaj Fabriki”nin hüquqi varisi “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinin qeydiyyata alındığı, 11.06.2007-ci il tarixli 0207-S31-3438 qeydiyyat nömrəsi ilə təşkilati hüquqi formasının dəyişdirilərək Sumqayıt Trikotaj ASC kimi dövlət qeydiyyata alındığı, 23.09.2008-ci il tarixli ümumi yığıncağın qərarına əsasən adı dəyişdirilərək "xxxx" ASC kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı, müəssisənin həqiqətən 1992-2002-ci illərdə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı 01.01.1992-23.04.2002-ci illərdə “Sumqayıt ÜSt Trikotaj Fabriki”ndə işləməklə, həmin illər üzrə 10 il 3 ay 22 gün sosial sığorta stajı qazanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, məlum olduğu kimi 01.01. 2006-cı il tarixədək hər hansı bir şəxsin hər hansı bir müəssisədə işləməsini təsdiq edən rəsmi sənəd əmək kitabçası sayılırdı ki, hazırki işdə iddiaçının əmək kitabçası var və orada iddiaçının harada və nə vaxtdan nə vaxta qədər işləməsinə dair yazılar mövcuddur ki, həmin yazıların (qeydlərin) mötəbər olmamasına dair konkret sübutlar işdə yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, cavabdeh iddiaçıya məxsus əmək kitabçasında göstərilən 01.01.1992-ci il tarixdən 23.04.2002-ci ilə qədər əmək fəaliyyətini şübhə altına aldığı üçün buna dair sübutlar verməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin olunmasını tələb etməkdə haqlıdır. İddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni iddiaçının 01.01.1992- 23.04.2002-ci illərdə “Sumqayıt ÜSt Trikotaj Fabriki”ndə işlədiyi müddət sosial sığorta stajına daxil edilərək ona 08.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 01.01.1992-ci il tarixdən 23.04.2022-ci il tarixədək Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona 08.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-150/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-150/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver