Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1500/2025 11.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı onun 3-cü qrup əlillik dərəcəsinin müəyyən edilərək təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı əlillik vəziyyəti Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli R00034863SEC nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0007 nömrəli qərarı ilə İddiaçı orqanizmin funksiyalarının 55% pozulması ilə əlaqədar ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. II. Məhkəmədə icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 3-cü qrup əlillik dərəcəsinin müəyyən edilərək təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra ona təyin edilmiş əlilliklə bağlı təyin edilmiş təqaüdü kəsilmişdir. Onun tərəfindən cavabdehə müraciət edilərək ömürlük təyin edilmiş 3-cü dərəcəli əlilliyinin kəsilməsi əsassızdır. Onun xəstəliyi əlilliyin təyin edilməsi ilə bağlı 2022ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər siyahısına aiddir. Bu baxımdan hesab edir ki, cavabdeh tərəfindən ona təyin edilmiş xəstəliyi lə bağlı əlilliyinin kəsilərək təmin edilməməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, cavabdehin hərəkətsizlik edilərək imtinasını əsassız hesab edir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmişdir.
7. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya təkrar əlillik təyinatı 50% dərəcəsi ilə aparılmışdır. Bu səbəbdən iddiaçının arzuladığı əlverişli inzibati akt orqan tərəfindən qəbul edildiyindən, iş üzrə mübahisə ortadan qalxmışdır. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında mübahisənin aradan qalxması səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
10. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz üzrə orqanizmin funksiyalarının pozulma faizi 55%-dir və həmin diaqnoz Əlilliyn müəyyən olunması Meyarlarına əsasən 2 il müddətinə əlillik təyinatına əsas verir. Lakin iddiaçının əlilliyi 10 il ardıcıl və fasiləsiz olduğundan, ona 2022-ci il tarixdəki qiymətləndirmə zamanı müddətsiz əlillik təyin edilmişdir. İddiaçıya əlillik təyinatı barədə qərar isə ləğv edilməmişdir və hazırda qüvvədədir.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
13. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli R00034863SEC nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0007 nömrəli qərarı ilə İddiaçı orqanizmin funksiyalarının 55% pozulması ilə əlaqədar ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Həmin qərar ləğv edilməmişdir və hazırda qüvvədədir.
14. Bununla da iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının məhz hazırkı cavabdeh orqan tərəfindən pozulması halı müəyyən edilmir.
15. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
16. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
18. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva