Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1501/2023 02.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına dair xx.xx.2023-cü il tarixli, **********958500 və xx.xx.2023-cü il tarixli **********535600 nömrəli qərarların ləğv olunması və həmin qərarlar əsasında hesablanmış müvafiq olaraq 59.254,12 və 202.823,91 manat olmaqla ümumilikdə 262.078,03 manat vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********958500 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edimiş vergi və ya sığorta haqqı kimi iddiaçının 59.254,12 manat vergi borcucun olması qərara alınmışdır. Cavabdeh sözügedən qərarı belə əsaslandırmışdır ki, 2021-ci ilin noyabr və dekabr ayları üzrə təqdim olunmuş qaimə fakturalara əsasən təqdim olunmuş malların dəyəri 1777623,59 manat (ƏDV-siz) olduğu və 2021-ci ilin-gəlir vergisi bəyannaməsi təqdim olunmadığı üçün həmin gəlirin əldə olunması ilə bağlı xərclərin müəyyənləşdirilməsi mümkün olmadığına görə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən 59.254,12 manat gəlir vergisi məbləğinin hesablanmadığı müəyyən edilmişdir. Bundan başqa, cavabdehin xx.xx.2023-cü il tarixli **********535600 saylı digər qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi iddiaçının 202.823,97 manat vergi borcunun olması qərara alınmışdır. Həmin qərar isə belə əsaslandırılmışdır ki, aparılmış araşdırma əsasında vergi ödəyicisi tərəfindən 2021-ci ilin dekabr ərzində elektron qaimə-faktura əsasında 1329623,81 manat məbləğində mallar təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301.1-ci Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlar sətrində təqdim edilmiş mal, iş və xidmətin dəyəri və daxil olmuş məbləğ hissəsində 0,0 manat göstərilmişdir. Yaranmış kənarlaşma ilə bağlı xx.xx.2022-ci il tarixli **********697300 nömrəli Kameral vergi yoxlaması üçün zəruri sənədlərin tələb edilməsi barədə məktub göndərilmişdir. Vergi ödəyicisinin cavab məktubunda kənd təsərrüfatı məhsulunun istehsalı fəaliyyəti ilə məşğul olduğu göstərilsə də istehsal həcminə uyğun işçi sayının olmadığı, torpaq sahəsinin qeydiyyata alınmadığı və s. təsdiqedici sənədlər təqdim edilməmiş və 202. 823,91 manat (1329623.81/1.18=1126799,83*18%) ƏDV-nin hesablanmadığı müəyyən edilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir ki, onun 559,881.67 manat məbləğində vergi borcu vardır. Hansı ki, hər iki qərara əsasən ona qanunsuz hesablanmış borcun ümumi məbləği 262.078, 03 manat təşkil edir. İddiaçı cavabdehin sözügedən qərarları ilə razılaşmır. Əvvəla bildirir ki, sözügedən qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. Bundan başqa, cavabdeh xx.xx.2023-cü il tarixli **********535600 saylı qərarında göstərmişdir ki, vergi ödəyicisinin kənd təsərrüfatı məhsulunun istehsalı fəaliyyəti ilə məşğul olduğu göstərilsə də istehsal həcminə uyğun işçi sayının olmadığı, torpaq sahəsinin qeydiyyata alınmadığı və s. təsdiqedici sənədlər təqdim edilməmişdir. Hansı ki, işə əlavə edilmiş sənədlərdən də göründüyü kimi torpaq sahəsi iddiaçıya məxsus olmaqla öz həyətində yetişdirdiyi məhsulun satışı ilə məşğul olmuşdur. Öz bağının məhsulunu digər bir şəxsə satdığı üçün isə ona vergi hesablanması qanunsuzdur. Bələ ki, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli 100 saylı sərəncamına əsasən iddiaçıya Tərtər rayonu Hüsənli kəndi ərazisində kəndə təsərrüfatı məqsədi ilə 13.0 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********1000002 saylı "torpaq sahəsinin kadastr planı" sənədi almışdır. Beləliklə, iddiaçı öz həyatyanı torpaq sahəsində becərdiyi məhsunun (nar, xurma) satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir. Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin sözügedən qərarları ilə ona vergi borcu hesablaması qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixli, **********414600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********711700 nömrəli qərarların ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun icarəsində 10.0 və 12.37 ha, mülkiyyətində isə 4.49 ha torpaq sahəsi var və həmin sahədə yetişdirdiyi məhsulları satmışdır, becərmə işlərini ailə üzvləri və yaxın qohumlarının köməyi ilə aparır, heç vaxt kənar şəxslərdən mal alıb satmamışdır, yalnız öz becərdiyi məhsulları satmışdır. Həmçinin, 2021-ci ildə qarpız becərmiş və satmışdır, ola bilsin qaimələr gec tərtib olunmuşdur. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, fəaliyyət növlərinin "Yem bitkilərinin və onların toxumlarının becərilməsi" və "Digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi" olmuşdur. xx.xx.2020-ci il tarixdə "FERMA" adlı təsərrüfat subyekti vergi orqanında qeydiyyata alınmışdır. Vergi ödəyicisi tərəfindən 32640 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBL seriyalı 799246 nömrəli qaimə xx.xx.2022-ci il tarixdə, 87439,8 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBP seriyalı 63689 nömrəli qaimə isə xx.xx.2022-ci il tarixdə ləğv edildiyindən hazırkı iddia ilə mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********958500 nömrəli və xx.xx.2023-cü il tarixli **********535600 nömrəli qərarlar ləğv edilərək müvafiq olaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********711700 nömrəli və xx.xx.2023-cü il tarixli **********414600 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçının elektron qaimə məlumatlarına əsasən 2021-ci il ərzində təqdim etdiyi malların dəyəri oktyabr ayında 11000 manat, noyabr ayında 650823.75 manat (ƏDV-siz), dekabr ayında 1052698.31 manat (ƏDV-siz) olmaqla 2021-ci il üzrə cəmi 1714522.06 manat olduğu, xərclərini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanır. Beləliklə də, vergi ödəyicisinin 285753.68 manat vergiyə cəlb olunan gəlirindən 20% dərəcə ilə 285753.68*20%=57150.74 manat gəlir vergisinin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********711700 nömrəli nömrəli qərar qəbul edilmişdir. Bundan başqa, vergi ödəyicisi tərəfindən 2021-ci ilin dekabr ayı üzrə 1126799,83 manat (ƏDV-siz) dəyərində mallar təqdim edilmiş, təqdim edilmiş mallardan 74101,52 manat (ƏDV-siz) dəyərində olan hissəsi ləğv edilmişdir. Odur ki, (1126799,83- 74101,52)*18%=189485,7 manat əlavə dəyər vergisinin hesablanması barədə xx.xx.2023cü il tarixli **********414600 nömrəli qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, təqdim etdiyi məhsulları öz həyatyanı sahəsində özü yetişdirdiyindən vergi hesablanması qanunsuzdur. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam bilavasitə sözü ilə bağlıdır hansınınki mənası vasitəsiz olaraq, arada heç bir vasitə olmadan mənasına bərabərdir. Hazırkı iş üzrə isə iddiaçının təqdim etdiyi həcmdə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyektinin, işçi qüvvəsinin olmaması səbəbindən həmin məhsulların onun tərəfindən istehsal olunması mümkün deyildir. Bundan əlavə, iddiaçının saxlanc anbarının olmamasına baxmayaraq 2021-ci ilin noyabr ayında 64300 kq qarpız və 970 kq alça satması onu deməyə əsas verir ki, iddiaçı həmin məhsulları özü istehsal etməmiş, alıb satmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********414600 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı 189.485,70 manat əlavə dəyər vergisi hesablanmışdır. -11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********711700 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən 57.150,74 manat gəlir vergisi hesablanmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli A 391609 nömrəli və xx.xx.2022-ci il tarixli A 905596 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı istifadəsində Tərtər rayonu, Hüsənli kəndi ərazisində yerləşən 10.0 və 12.37 ha torpaq sahəsi var. - surəti işə əlavə edilmiş JN-0085 nömrəli Dövlət aktından görünür ki, Tərtər rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə 4.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. -Tərtər rayon İHB-nın Hüsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 417 nömrəli arayışında bildirilir ki, JN-0085 nömrəli Dövlət aktında İddiaçı yazılmalı olduğu halda X5 yazılmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 59-Q-00142 qeydiyyat nömrəli «Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış»dan görünür ki, İddiaçı tumlu və çəyirdəkli meyvələrin becərilməsi üzrə ilkin istehsalçı kimi qeydiyyatdan keçmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********414600 nömrəli qərarına əsasən iddiaçıya 189.485,70 manat əlavə dəyər vergisi və xx.xx.2023-cü il tarixli **********711700 nömrəli qərarına əsasən isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci maddəsinə uyğun olaraq 57.150,74 manat gəlir vergisi hesablanmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarları mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********414600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********711700 nömrəli qərarların qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azaddır. -164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. İddiaçının xidmət sahəsinin növünün tumlu və çəyirdəkli meyvələrin becərilməsi olması işin mübahisəsiz halıdır. Bununla yanaşı, X2 tərəfindən verilmiş sənəddən də görünür ki, iddiaçı tumlu və çəyirdəkli meyvələrin ilkin istehsalı ilə məşğul olur. Bu hal onu deməyə əsas verir ki, vergi orqanı vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş vergidən azad edilməli olan fəaliyyətini nəzərə almamışdır. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi həcmdə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyektinin, işçi qüvvəsinin olmaması səbəbindən hər-hansı fəaliyyətinin mümkünsüzlüyü ehtimalı ilə barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh orqan ehtimallara əsaslanaraq həmin məhsulların iddiaçı tərəfindən istehsal olunmasının mümkün olmaması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olubolmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********414600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********711700 nömrəli qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarların ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********414600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********711700 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1501/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1501/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver