Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1502/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı (bundan sonra məntdə iddiaçı) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2997/2020 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin oktyabr ayında Ağdam RHK tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən həmin hərbi hissənin şəxsi heyət siyahısına salınmışdır. xx.xx.1993-cü il tarixdən N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, 3-cü bölük, 2-ci tağım, 3-cü bölmədə qranatan vəzifəsinə təyin edilmişdir. xx.xx.1993-cü il tarixdən N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə azad edilmiş, xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə 2-ci bölük, 1-ci tağım, 1-ci bölmədə pulemyotçu vəzifəsinə təyin olunmuşdur. xx.xx.1993-cü ildə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən 2-ci bölük, 1-ci tağım, 1-ci bölmənin pulemyotçusu olaraq, xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin 8N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin 8N nömrəli hərbi hissəsində xidmət edərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmış, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissədə - hospitalda müayinə və müalicə olmuşdur. Hərbi xidmətdə olması və yaralanması Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin arayışı, hərbi biletində hərbi hissə komandirinin qeydləri, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (hospitalının) xx.xx.1993-cü il tarxli xəstəlik tarixindən çıxarışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 418 nömrəli qərarı təsdiq edir. İddiaçı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdeh ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəlki hərbi biletini itirdiyi üçün 2017-ci ildə yeni hərbi bilet almışdır. O, müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmış, ona əlillik dərəcəsi təyin olunmamışdır. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 9/2-13435 nömrəli Arxiv arayışında N nömrəli hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində V.Y.Allahverciyevin xidməti barədə məlumat aşkar edilməmişdir. Buna görə də ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə onu qeyd etmək zəruridir ki, şəxsin hərbi xidməti keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s.xidmətini bilavasitə əks edən sənədlərdə öz əksini tapmalıdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, SX0417622 nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/A-18977 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 418 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-13435 nömrəli arayışı, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 11/2222 nömrəli etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırkı iş üzrə iddiaçıya məxsus hərbi biletdə SX0417622 nömrəli xx.xx.2017-ci il tarixli hərbi biletin 4-cü səhifəsində onun xx.xx.1993-cü il tarixdə N nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması, xx.xx.1993-cü il tarixdə isə N nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarılması barədə qeydlər aparılsa da, iş materiallarında olan Müdafiə Nazirliyinin İşlər X1 xx.xx.2020-ci il tarixli 9/2-2654 nömrəli Arxiv arayışının üçüncü abzasında İddiaçı xx.xx.1993-cü il tarixli N nömrəli əmrlə N nömrəli hərbi hissə əsgərliyindən azad edilərək ümumi təchizatdan silinərək hərbi xidmətini davam etdirmək üçün 8N nömrəli hərbi hissənin sərəncamına göndərilməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı sonuncu olaraq 8N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə arxiv arayışında qeydlər olsa da, hərbi biletində bu qeyd belə aparılmamışdır. İddiaçının həmin hərbi hissədən qanuni əsaslarla təxris olunması barədə nə hərbi biletində, nə də arxiv arayışında qeydlər aparılmışdır. Həmçinin, məhkəmə iclas zalında iddiaçı izahatında N saylı hərbi hissədə müalicə olunduqdan sonra xidmət etdiyi hərbi hissəyə qayıtmasını bildirsə də, onun daha sonra hərbi hissədən qanuni əsaslarla buraxılması barədə məlumat nə hərbi biletində, nə də arxiv arayışında öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmədiyindən inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1502/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1502/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver