Məhkəmə qərarları › İş №2-1(114)-1503/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1503/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1503/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, lakin həmin komissiyanın xx.xx.2020-ci il tarixli məktubu ilə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsas kimi göstərilmişdir ki, xx xxx 1994-cü il tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi yalnız döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə xidmətə başlamışdır. Həqiqi hərbi xidmətdə olan vaxt, 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazisinin bir hissəsinin erməni silahlı birləşmələrindən azad olunmasında aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. O, 2016-cı ilin aprel ayının birindən doqquzuna kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Buna baxmayaraq, Müdafiə Nazirliyi ona veteranlıq adının verilməsindən imtina edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının hərbi xidməti xx xxx 1994-cü il tarixdən sonraya təsadüf etsə də, iddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi sənədlərdə onun döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralanmasına dair hər hansı sübut mövcud deyil. Bu isə qanunvericiliyin tələblərinə iddia tələbinin təmin edilməsini birbaşa istisna etmiş olur. Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsasla iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə cavabdeh xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına əlavə edilməklə məhkəmə araşdırmasının predmetini təşkil edir - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus xx.xx.2016-cı il tarixli, NZ ******* nömrəli hərbi biletin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/H-8935 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 3203 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2016-cı il tarixli, 7 nömrəli və xx.xx.2017-ci il tarixli, 197 nömrəli əmrlərindən çıxarışlar; - İddiaçının qeydiyyat kartasının təsdiqlənmiş surəti. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 7 nömrəli və xx.xx.2017-ci il tarixli, 197 nömrəli əmrlərindən çıxarışların məzmunundan görünür ki, İddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrindən gəldiklərinə görə xx xxxxxx 2016-cı il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, “əsgər” hərbi rütbəsi verilmiş və siyahıya salınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətlərini başa vurduqlarına görə xx xxxx 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, ərzaq və əşya təminatından xx xxxx 2017-ci il tarixdən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumuna göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx xxxxxx 2020-ci il tarixli, 3203 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə SHXÇDX-nin Kəlbəcər rayon şöbəsi tərəfindən xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş və həmin tarixdən şəxsi heyətin siyahısına salınmışdır. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən (əmr məxfi olduğundan nömrəsi və tarixi qeyd edilməmişdir və çıxarışın göndərilməsi mümkün olmamışdır) İddiaçı hərbi hissədə xidmət edən hərbi qulluqçularla birlikdə sürücü vəzifəsində xidmətdə olarkən Aprel döüşlərində döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunmuş, lakin hərbi hissədə “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabı”nda onun xəsarət almasına dair heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə görə 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atəşkəs dövründən, yəni xx xxx 1994-cü il tarixdən sonra “müharibə veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud, döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Məhkəmə iclasında və iş materiallarında olan sübutlarla iddiaçının döyüş əməliyyatları ilə əlaqədar yaralanması, travma, habelə kontuziya alması sübut olunmur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının döüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə hər hansı sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar