Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1504/2025 23.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19364/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2007-ci il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdasfiəsi ilə əlaqədar xx.xx.1996-cı il tarixdə 1 il müddətinə ikinci dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.1997-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.1998-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.1999-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2000-ci il tarixdə 2 il müddətinə ikinci dərəcə, xx.xx.2002-cı il tarixdə 1 il müddətinə, xx.xx.2003-cü il tarixdə 1 il müddətinə, xx.xx.2004-cü il tarixdə 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə 1 il müddətinə, xx.xx.2007-ci il tarixdən isə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə iddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, lakin müayinədə iştirak etmədiyindən araşdırmanın nəticəsində “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmiş və həmin qərarla Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.201995-ci il tarixli 143 nömrəli qərarına əsasən iddiaçının “Sol çiyin kürək nahiyyəsinin kor güllə, çox saylı qəlpə yaralanması (xx.xx.1994). Kürək sümüyünün bitişmiş sınığı, kürək nahiyyəsində fistulun ləğv edilməsi, cərrahiyyə əməliyyatından sonra (xx.xx.1995). Sol çiyin kürək nahiyyəsinin çox saylı yad cismləri (Qəlpələr). Sol bazu oynağının posttravmatik kontrakturası, funksiyasının sol yuxarı ətrafda orta dərəcədə pozulması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X3 DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-17- 7/2-Ə-141/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə Prezident təqaüdü almışdır. Təyinatın başlanğıc tarixi: xx.xx.2008-ci il, təyinatın bitmə tarixi xx.xx.2023-cü il.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-2478/2024 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qəran ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, o, xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malik olmuşdur. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. O, “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməyi üçün xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur, lakin müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
6. Pensiya təyinatı Alt Sistemindən çıxarışla müəyyən edilir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2023-cü il tarixdə pensiya ödənişi həyata keçirilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlə bağlı xx.xx.1995-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" diaqnozu qoyulmuşdur. 1997-ci ildən 2007-ci ilədək müddətli və xx.xx.2007-ci il tarixdə səhiyyə orqanının göndərişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü ildə pensiya və təqaüdü dayandırılan zaman Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron altsistemdə vardır, lakin cavabdeh pensiya və təqaüdünün dayandırılması barədə aidiyyəti orqanlara əsassız məktub göndərib onun pensiya vəı təqaüdünü dayandırmışdır. Bu haqsız mövqedir, çünki o, 2007-ci ildən müddətsiz əlildir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, 2007-ci ildə qiymətləndirilmişdir və İİ dərəcə əlildir. O, dəfələrlə müraciətinə biganə baxıldığı, əlil və sosial hüquqlarının məhdudlaşdırıldığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyi və konstitusiya quruluşu müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir.
11. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19364/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2007-ci il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
15. İPM-ə görə: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Hazırkı işdə iddianın mübahisələndirmə haqqnda iddia növünə aid olan hissəsi ilə bağlı xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
18. Belə ki, məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, iddiaçının əlilliyin ləğvi barədə qərarın ona rəsmi qaydada çatdırılmasına dair heç bir sənəd təqdim edilməmişdir.
19. İddiaçı da bu barədə 2024-cü ilin yanvar ayında məlumatlı olduğunu bildirmişdir
20. Məhkəmə mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya rəsmi qaydada təqdim olunmasına dair cavabdeh tərəfindən heç bir sənədin təqdim olunmamasını nəzərə alaraq, müddətin ötürülmədiyi qənaətinə gəlir.
21. Məhkəmə iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olan tələblə bağlı isə qeyd edir ki, həmin tələb üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş və onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
22. Məhkəmə iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
26. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
28. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, X4 şəxs onun həmkəndlisi və Qarabağ müharibəsi əlilil olmaqla, onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Həmin şəxs belə bir hərəkətin onun tərəfindən edilmədiyi bildirməklə, bu barədə polis və prokurorluq orqanlarına müraciət etmişdir ki, onun adından belə bir ərizənin kimin tərəfindən yazıldığı aydınlaşdırılsın. Lakin aparılmış tədbirlərlə müəyyənləşdirmək mümkün olmamışdır. Onu müayinəyə dəvət etmələri barədə heç bir bildiriş almamışdır. 2023-cü ilin noyabr ayında həm əlillik pensiyasını, həm təqaüdünü almış, dekabr ayında isə yalnız pensiyasını almış, təqaüdü kəsilmişdir. Bundan sonra təqaüdün kəsilməsi səbəbini öyrənmək üçün müraciət edəndə ona 2024-cü ilin yanvar ayında məlumat vermişlər ki, əlilliyi ləğv edilmişdir.
29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
30. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Ağdam RƏD xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri - Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar - Y36 - Hərbi əməliyyatlar - Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... meyar: Sol kürək çiyin nahiyəsinin kor güllə və çoxsayalı qəlpə yaralanmasından sonrakı kobud kelloid çapıqları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz öz təsdiqıni tapmaması - Səbəb: Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verlidiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrum etmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərzəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir, 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsı Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissıyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Gönərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilli qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini alt sistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3- cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab veməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - TSEK-də müayinə aktından çıxarışlar - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.201995-ci il tarixli 143 nömrəli qərarı; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X3 DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-17- 7/2-Ə-141/2024 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-2478/2024 nömrəli məktub; - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının təqdim etdiyi İddiaçı pensiya işi üzrə icraat materialları; - X2 ərizələri.
Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdasfiəsi ilə əlaqədar xx.xx.1996-cı il tarixdə 1 il müddətinə ikinci dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.1997-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.1998-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.1999-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2000-ci il tarixdə 2 il müddətinə ikinci dərəcə, xx.xx.2002-cı il tarixdə 1 il müddətinə, xx.xx.2003-cü il tarixdə 1 il müddətinə, xx.xx.2004-cü il tarixdə 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə 1 il müddətinə, xx.xx.2007-ci il tarixdən isə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
34. Daha sonra, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R- 26955/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.
35. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanunsuz sayır və aşağıdakıları qeyd edir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
37. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir.
38. Hazırkı işdə məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, müəyyən etmişdir ki, iddiaçının əlillik təyin edilməsi barədə qərarın yenidən yoxlanılmasının səbəbi X4 adlı şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı ərizə olmuşdur.
39. Belə ki, işə birinci dəfə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin qərarından cavabdeh orqanın verdiyi apellyasiya şikayətində (2-ci vərəq, 4cü abzas) qeyd edilmişdir ki, cavabdeh orqanın iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan əsası mövcud olmuşdur – X4 adlı şəxsin İddiaçı barəsində verdiyi şikayət ərizəsi.
40. Cavabdeh orqanın TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut qismində qəbul etdiyi ərizədə həmin ərizəni (müraciəti) ünvanlayan şəxsin rekvizitləri (ad, soyad, ata adı) kimi X4 qeyd edilsə də, konkret halda iddiaçıya əlillik təyinatı barədə qərarın əsaslılığını şübhə altına alan əsaslara istinad olmamış, ərizə hər hansı şəxs tərəfindən imzalanmamışdır.
41. Ərizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahib Babayevə ünvanlnmış, məzmunu isə bu şəkildə olmuşdur: “Yazıb Sizə bildirirəm ki, daşında düzgünlükdən danışırsınız. Şəffaf işləyirik deyirsiniz. Əsl Qarabağ əlillərinin pensiyasını kəsirsiniz amma saxta əlillərin verirsiniz. Heç bir orqanını itirməyə-itirməyə, iş qabiliyyəti ola-ola pensiyalarını verirsiniz, onlarınkını niyə kəsmirsiniz. Sübut yazıram Sizə. İddiaçı. İşləmə qabiliyyətini itirməyib. Ona-buna quyruq bulayır. Qarabağ əlili oldu. Amma həqiqətən müharibədə iştirak edən pensiyaları kəsildi. Hal-hazırda İddiaçı İİ qrup əlildir. Prezident təqaüdünə və pensiyaya şamildir. Siz hansı düzgünlükdən danışırsınız. İddiaçı yaşadığı ünvan və telefon nömrəsi: Bərdə rayonu Qılışlı kəndi (Nazırrı) ***-***-**-**.
42. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Maddə 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Maddə 6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir: 6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); 6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı; 6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı. Maddə 6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Maddə 6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. Maddə 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Maddə 7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur.
43. Göründüyü kimi, ərizə vətəndaş X4 tərəfindən imzalanmamış, eyni zamanda həmin ərizənin üzərində daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulmamışdır.
44. Bundan başqa, həqiqətən belə bir şəxsin mövcudluğu, ərizənin onun tərəfindən yazılıb-yazılmaması, onun iddiaçının əlilliyini saxta hesab etdiyi əsaslar və s. bu kimi halların inzibati icraat çərçivəsində müəyyənləşdirildiyi iş materiallarından müəyyən olunmur.
45. İddiaçı həmin şəxs ilə həmkəndli olduğunu, onun da Qarabağ müharibəsi əlili olduğunu, aralarında heç bir ədavət və düşmənçiliyin olmadığını bildirmiş və həmin şəxsin belə bir hərəkətin onun tərəfindən edilmədiyi bildirməklə, bu barədə polis və prokurorluq orqanlarına müraciət etdiyini göstərmişdir
46. İddiaçı tərəfindən təqdim edilmiş ərizə ilə müəyyən edilir ki, X4 tərəfindən Bərdə rayon Polis Şöbəsinə və Bərdə rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə ərizə ünvanlanaraq, İddiaçı ilə eyni binada yaşadığını və onunla heç bir ədavətinin olmadığını, İddiaçı Birinci Qarabağ döyüşlərində iştirak edib sol çiyin nahiyyəsindən yaralnadığını, xx.xx.1996-cı ildən 2-ci dərəcə müharibə əlili olduğunu, kiminsə onun adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazaraq, İddiaçı əlilliyinin saxta olmasını bildirdiyini, lakin onun bu barədə heç bir məlumatının olmadığını, kiminsə onun adından sui-istifadə etdiyini qeyd etməklə, onun adından ərizə yazmış şəxsin kimliyinin tapılmasına və etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Həmin ərizəyə Bərdə RPŞ-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin şəxsin kimliyinin müəyyən olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, ancaq qeyd edilən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır.
47. Məhkəmə xüsusilə qeyd edir ki, hər hansı müraciət (ərizə) yaxud sənəd TSEKin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər ki, iddiaçının əlilliyi ilə bağlı hallara aid şübhəli məsələni ortaya çıxarmış olsun. Yəni həmin hal iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır.
48. Lakin cavabdeh orqan yazılı müraciət tələblərinə riayət edilmədən verilmiş, yəni həqiqiliyi bəlli olmayan hər hansı müraciət əsasında iddiaçını əyani müayinəyə dəvət etmiş və nəticədə hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.
49. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
50. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
51. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-19364/2023 saylı qərarı ləğv edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva