Məhkəmə qərarları › İş №2-1(114)-1505/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1505/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1505/2024 03.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı mənzilin adına özəlləşdirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayon X31 İcariyyə Komitəsinin xx.xx.1999-cu il tarixli 11 nömrəli orderindən görünür ki, Xanlar şəhəri, Rəsulzadə küçəsində yerləşən 36 nömrəli binanın 2ci mərtəbəsinin 2 nömrəli mənzili yaşamaq üçün X4 verilmişdir. X5 (qızı), X23 (nəvəsi) və X18 (nəvəsi) adları mənzil sahibinin ailə tərkibində qeyd edilmişdir. Orderin verilməsinə əsas kimi 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncam qeyd edilmiş və order Xanlar RİHB-nın Xanlar şəhəri üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmişdir.

2. Ölüm haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 630885 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2014-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir.

3. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 160 nömrəli arxiv çıxarışından görünür ki, Xanlar şəhər İHB-nın 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncamı ilə Xanlar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 nömrəli, 2 otaqlı, yaşayış sahəsi 35.1 kv.m olan mənzilin sahibi İ.Q.Əliyev köçüb başqa yerə getdiyinə görə, onun adına olan mənzilin həmin mənzildə yaşayan mənzil sahibinin qohumu X3 adına dəyişdirilməsi qərara alınmışdır.

4. xx.xx.2017-ci il tarixli ərizələrdən görünür ki, X24 və X10 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.

5. İddiaçı Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 ünvanında yerləşən mənzilin onun adına qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10071/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 2432 nömrəli Forma-2 arayışından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixli 11 nömrəli orderə əsasən Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsində 2 mərtəbəli, 2 otaqlı, 35.1 kv.m yaşayış sahəsi, 35.1 ümumi sahədən ibarət mənzildə qeydiyyatdadır və yaşamır. Ev dövlət mənzilidir, ev sahibi-yaşayışçı İddiaçıdır. Evdə oğlu X24 və X27 daimi qeydiyyatdadırlar, lakin yaşamırlar.

7. Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 138 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi İddiaçı 36 saylı ünvanda daimi yaşayış qeydiyyatında olan mənzili dövlət mənzil fonduna aiddir.

8. Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-67-8/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Xanlar şəhər İHN-nin 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncamından görünür ki, X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 nömrəli evin 2 otaqlı mənzilində ailəsi ilə birlikdə yaşayır. Mənzilin yaşayış sahəsi 35.1 kv.m-dir. Mənzil ərizəçinin qohumu Əliyev İbrahimin adınadır. İ.Q.Əliyev göstərilən ünvandan ailəlikcə pasport qeydiyyatından çıxmışdır. Z.Zeynalovanın özü və ailəsi göstərilən ünvana xx.xx.1991-ci ildə pasport qeydiyyatına alınmışdır. Ərizəçi dörd ildir ki, göstərilən ünvanda 4 nəfər ailə üzvü ilə yaşayır. Mənzilin sabiq sahibi və ərizəçinin ailə üzvləri ərizə yazaraq xahiş edirlər ki, mənzil X6 adına dəyişdirilsin. Ona görə də, Xanlar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 nömrəli, 2 otaqlı, yaşayış sahəsi 35.1 kv.m olan mənzilin sahibi İ.Q.Əliyev köçüb başqa yerə getdiyinə görə, onun adına olan mənzilin həmin mənzildə yaşayan mənzil sahibinin qohumu X3 adına dəyişdirilməsi qərara alınmışdır.

9. Məhkəmənin sorğusuna Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-10568/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə dair X13 adına xx.xx.2024-cü il tarixli, **********60-05101-093005 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən arayış verilmişdir. ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil X11 adına xx.xx.2021-ci il tarixli, **********60-05101- 093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən 3 saylı mənzil X19 adına xx.xx.2017-ci il tarixli, **********60-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil X14 adına xx.xx.2022-ci il tarixli, **********60-05101- 093003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

10. Həmin məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar RİH başçısının “Xanlar şəhərində yaşayan bir qrup BDM-si iştirakçıları və ailələri, müharibə zamanı arxa cəbhədə işləyən, az təminatlı ailələrin, qaçqınların, xalq təhsili sistemində çalışan pedaqoji işçilərin və dövlət evlərinin və mənzillərini alan vətəndaşların şəxsi mülkiyyətlərinə keçirilməsi haqqında” xx.xx.1993-cü il tarixli 42 saylı sərəncamı, ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar rayon X31 İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 224 nömrəli dəyişmə orderi, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar RİH başçısının “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) yaşadıqları dövlət evi və ya mənzillərin pulsuz şəxsi mülkiyyətə keçirilməsi haqqında” xx.xx.1992-ci il tarixli 179 saylı sərəncamı, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar rayon X31 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 679 nömrəli dəyişmə orderi çıxış edir.

11. Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 225 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanda 8 (səkkiz) mənzil olmaqla mənzillərin 4-ü (dördü) xüsusi, 4-ü (dördü) isə dövlət mənzilidir. İddiaçı yaşadığı mənzil dövlət mənzilidir və Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. II. Məhkəmədə icraat

12. İddiaçı xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyuması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda olan fərdi yaşayış evinə 24 noyabr 1999-cu il tarixdə X1na 11 saylı order verilmiş və orderdə anasının ailə üzvü kimi onun və onun övladları X23 və X18 adları göstərilmişdir. O və eləcə də övladları X1 ilə birlikdə ünvan 3 ünvanda yaşamışlar və həmin mənzildə qeydiyyatdadırlar. X1 16 may 2014-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra ev onun istifadəsindədir. ünvan 3 ünvanda yerləşən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-1007/2023 saylı bildirişdə aparılan araşdırma zamanı, təqdim edilmiş sənədlərin mənzilin özəlləşdirilməsinə əsas olmadığından ərizəsiin icrasının mümkün olmadığı göstərilib hüququnun qeydə alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi "Daşınmaz əmlakin dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinin təlblrinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bəilavasitə məlumat verilməli olduğu göstərilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, orderdə və arxiv arayışında istifadəsində olan mənzilin ölçüsündə hər hansı dəyişiklik edilməmişdir. Onun yaşadığı mənzili özəlləşdirmək üçün qanunla müəyyən edilmiş hüquqi baza mövcuddur.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 2, 7 saylı mənzilin onun adına özəlləşdirilməklə, mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişdir.

25. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

27. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

28. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar şəhər İHB-nın 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncamı; - Xanlar rayon X31 İcariyyə Komitəsinin xx.xx.1999-cu il tarixli 11 nömrəli orderi; - Ölüm haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 630885 nömrəli şəhadətnamə; - Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 160 nömrəli arxiv çıxarışı; - xx.xx.2017-ci il tarixli razılıq ərizələri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10071/2023 nömrəli imtina məktubu; - Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 2432 nömrəli Forma-2 arayışı; - Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 138 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-10568/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 225 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

32. İş materialları ilə müəyyən edilir ki, Xanlar şəhər İH nümayənədsinin 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncamı ilə Xanlar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 nömrəli, 2 otaqlı, yaşayış sahəsi 35.1 kv.m olan mənzilin sahibi İ.Q.Əliyev köçüb başqa yerə getdiyinə görə, onun adına olan mənzilin həmin mənzildə yaşayan mənzil sahibinin qohumu X3 adına dəyişdirilməsi qərara alınmış və bu barədə X3 adına xx.xx.1999-cu il tarixli 11 nömrəli order verilmişdir. Həmin X5 (qızı), X23 (nəvəsi) və X18 (nəvəsi) adları mənzil sahibinin ailə tərkibində qeyd edilmişdir. Orderin verilməsinə əsas kimi 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncam qeyd edilmiş və order Xanlar RİHB-nın Xanlar şəhəri üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmişdir.

33. X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür.

34. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən İddiaçı Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 ünvanında yerləşən mənzillə bağlı xx.xx.2023-cü il tarixli 2432 nömrəli Forma-2 arayışı verilərək, ev sahibinin-yaşayışçının İddiaçı olması və evdə oğlu X24 və X20 daimi qeydiyyatda olmaları, lakin iddiaçının və övladlarının həmin mənzildə yaşamadıqları qeyd edilmişdir.

35. X24 və X10 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmələri barədə xx.xx.2017-ci il tarixdə notariat ofisində yazılı razılıq ərizələri vermişlər.

36. İddiaçı Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməklə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 10071/2023 nömrəli imtina məktubu ilə ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı əsas gətirilməklə, müraciəti təmin edilməmişdir.

37. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.

38. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

40. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

41. Göründüyü kimi, iddiaçı cavabdeh orqana Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 36 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsinə əsas kimi Xanlar şəhər İH nümayəndəsinin 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncamını və xx.xx.1999-cu il tarixli 11 nömrəli orderini təqdim etmişdir.

42. Məhkəmə hər iki sənədi sözügedən mənzilin özəlləşdirilməsi üçün mötəbər və qanuni əsas hesab etmir. Belə ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının Xanlar şəhəri üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli 32 nömrəli sərəncamı qəbul etdiyi tarixdə onun dövlət mənzil fonduna məxsus mənzil üzərində sərəncam vermə səlahiyyəti olmamışdır. Həmin dövrdə dövlət mənzil fonduna məxsus mənzillər yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarında olmuş və mənzil fondunun idarə edilməsini də məhz həmin orqanlar həyata keçirmişlər.

43. Həmin dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə, dövlət mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X31nin icraiyyə komitəsi vətəndaşlara order vermişdir.

44. Nəzərə alınsa ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının Xanlar şəhəri üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli 32 nömrəli sərəncamında qeyd edildiyi kimi, sözügedən mənzil İbrahim Əliyevə verilmiş və ev sahibi (icarədar) sonuncu olmuş, daha sonra onun razılığı ilə iddiaçının mərhum anası X9 adına dəyişdirilmiş və mənzildən o və ailə üzvləri istifadə etmişdir. Lakin bu halda da qanunvericiliyə görə yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsi və yeni müqavilə bağlanması tələb olunurdu və bütün bunlar Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin səlahiyyətlərinə aid olmamışdır.

45. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli X31nə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 44. Yerli xalq deputatları Sovetlərinin mənzil fonduna məxsus evlərdə yaşayış sahəsi verilməsi qaydası Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X31nin icraiyyə komitəsi tərəfindən verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X31nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

46. xx.xx.1999-cu il tarixli 11 nömrəli orderinə gəlincə isə əvvəla, həmin orderin başlığında Xanlar rayon X31 İcariyyə Komitəsinin adı qeyd edilsə də, orderin verilməsinə əsas kimi 16 dekabr 1994-cü il tarixli 32 nömrəli sərəncam qeyd edilmiş və order Xanlar RİHB-nın Xanlar şəhəri üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmişdir ki, bu hallar orderin Xanlar rayon X31 İcariyyə Komitəsi tərəfindən deyil, Xanlar RİHB-nın Xanlar şəhəri üzrə nümayəndəsi tərəfindən verildiyini təsdiq edir.

47. Göründüyü kimi, mənzilin özəlləşməsi üçün təqdim edilmiş Xanlar RİHB-nın Xanlar şəhəri üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli 32 nömrəli sərəncamı və xx.xx.1999-cu il tarixli 11 nömrəli order dövlət mənzil fonduna məxsus mənzilə dair sərəncam vermə səlahiyyəti olmayan orqan (şəxs) tərəfindən verilmişdir.

48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.

49. Yəni, burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, sözügedən sərəncamı qəbul etmək səlahiyyəti olan orqan nəzərdə tutulur. Ona görə də, nə həmin sərəncam, nə də iddiaçının oğlunun adına verilmiş order iddiaçının həmin mənzil üzərində hüquqlarının qeydə alınması üçün əsas ola bilməz.

50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;

51. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmin binada yaşayan digər şəxslərin mənzillərini özəlləşdirdiklərini qeyd edərək, cavabdeh orqanın ona fərqli davranış nümayiş etdirdiyini iddia etmişdir.

52. Bu səbəbdən sözügedən şəxslərin mənzil üzərində hüquqlarının qeydiyyatına əsas olmuş sənədlərin istənilməsi barədə məhkəmə sorğusuna Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 10568/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə dair X13 adına xx.xx.2024-cü il tarixli, **********60-05101-093005 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən arayış verilmişdir. ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil X11 adına xx.xx.2021-ci il tarixli, **********60-05101- 093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən 3 saylı mənzil X19 adına xx.xx.2017-ci il tarixli, **********60-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil X14 adına xx.xx.2022-ci il tarixli, **********60-05101- 093003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

53. Həmin məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar RİH başçısının “Xanlar şəhərində yaşayan bir qrup BDM-si iştirakçıları və ailələri, müharibə zamanı arxa cəbhədə işləyən, az təminatlı ailələrin, qaçqınların, xalq təhsili sistemində çalışan pedaqoji işçilərin və dövlət evlərinin və mənzillərini alan vətəndaşların şəxsi mülkiyyətlərinə keçirilməsi haqqında” xx.xx.1993-cü il tarixli 42 saylı sərəncamı, ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar rayon X31 İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 224 nömrəli dəyişmə orderi, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar RİH başçısının “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) yaşadıqları dövlət evi və ya mənzillərin pulsuz şəxsi mülkiyyətə keçirilməsi haqqında” xx.xx.1992-ci il tarixli 179 saylı sərəncamı, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin özəlləşdirilməsi üçün əsas qismində Xanlar rayon X31 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 679 nömrəli dəyişmə orderi çıxış edir.

54. Yəni, ünvan 3 ünvanda yerləşən binada olan 8 (səkkiz) mənzildən 4-ü (dördü) özəlləşdirilmiş olsa da, həmin mənzillərin özəlləşdirilməsi üçün əsaslar iddiaçının təqdim etdiklərindən başqa (qanunda nəzərdə tutulmuş) əsaslar olmuşdur.

55. Ona görə də iddiaçının həmin qeydiyyatlara görə etimadın qorunması prinsipinə istinad etməsi və məhkəmənin həmin prinsip əsasında iddianı təmin etməsi mümkün hesab edilə bilməz.

56. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

57. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri olmadığından cavabdeh onun hüquqlarını qeydə almaqdan haqlı olaraq imtina etmişdir.

58. Ona görə də, iddia təmin edilməməlidir.

59. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar