Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1506/2021 04.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 02.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Yanıqlı kəndi ərazisində xüsusi mülkiyyət hüququ ilə ona məxsus 0.48 ha torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş, ümumi sahəsi 4178.01 kv.m olan əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Yanıqlı kəndində yerləşən 0.48 ha torpaq sahəsi 31.10.2014-cü il tarixli ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir, həmin torpaq sahəsi ona sahibkarlıq məqsədilə istifadə olunması üçün verilmişdir. İddiaçı otel tikilməsinə icazə verilməsi üçün Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin qurumun 05.06.2014-cü il tarixli, 89 nömrəli sərəncamına əsasən ona müvafiq icazə verilmişdir. Bundan sonra layihə-smeta sənədləri hazırlayıb, müvafiq qurumlarla razılaşaraq tikintiyə başlamış və 2019-cu ildə həmin tikilini başa çatdırmaqla orada ümumi sahəsi 4178.01 kv.m olan əmlak kompleksi inşa etmişdir. İddiaçı həmin əmlak kompeksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili Nümayəndə iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərdə tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmiş, eyni zamanda tikinti obyektinin istismarına icazə sənədində isə dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod göstərilməmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, 31.10.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Yanıxlı kəndi ərazisində yerləşən 0.48 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Tovuz Rayon İcra Hakimiyyəti başçısının 05.06.2014-cü il tarixli, 89 nömrəli sərəncamının surətindən görünür ki, Tovuz rayonu Yanıqlı kəndində İddiaçı sahibkarlıq məqsədilə aldığı 0.58 ha torpaq sahəsində otel binasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. -06.03.2020-ci il tarixli 03 nömrəli Tikinti obyektinin istismarına icazənin surətindən görünür ki, İddiaçı məxsus tikinti obyektinin istismarına icazə verilmişdir. -DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 24.05.2021-ci il tarixli, **********32 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı sahibkarlıq məqsədilə əldə etdiyi torpaq sahəsində əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərdə tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməməsi, eyni zamanda tikinti obyektinin istismarına icazə sənədində isə dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilmiş sübutlardan görünür ki, otel tikintisini həyata keçirmək üçün qanunla müəyyən edilmiş qaydada əvvəlcə Tovuz Rayon İcra Hakimiyyəti başçısının 05.06.2014cü il tarixli, 89 nömrəli sərəncamı əsasında otel binasının layihələndirilməsinə icazə almış, layihə-smeta sənədləri hazırlayıb, müvafiq qurumlarla razılaşaraq tikintiyə başlamış və 2019-cu ildə həmin tikilini başa çatdırmaqla orada ümumi sahəsi 4178.01 kv.m olan əmlak kompleksi inşa etdirmiş, eləcə də 06.03.2020-ci il tarixli 03 nömrəli Tikinti obyektinin istismarına icazə sənədi əsasında həmin obyektin istismarına icazə verilmişdir. Cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, Tovuz Rayon İcra Hakimiyyəti başçısının 05.06.2014-cü il tarixli, 89 nömrəli sərəncamı əsasında iddiaçıya otel binasının layihələndirilməsinə icazə verilməsi, eləcə də həmin orqan tərəfindən qeyd olunan əmlak kompleksi ilə bağlı 06.03.2020-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədinin tərtib edilməsi halı artıq həmin orqan tərəfindən tikintiyə icazə verilməsini özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmçinin tikinti obyektinin istismarına icazə sənədində dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Belə ki, sözügedən sənəd müvafiq orqan (Tovuz Rayon İcra Hakimiyyəti) tərəfindən tərtib edilmişdir və həmin sənədin vahid formasına aidiyyəti orqan tərəfindən əməl edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Odur ki, iddia təmin edilərək Tovuz rayonu Yanıqlı kəndi ərazisində xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus 0.48 ha torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş, ümumi sahəsi 4178.01 kv.m olan əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tovuz rayonu Yanıqlı kəndi ərazisində xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 0.48 ha torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş, ümumi sahəsi 4178.01 kv.m olan əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1506/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1506/2021
04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver