Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1506/2022 27.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux şəhəri, 28 May küçəsində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu Azərbaycan Üİ və EM-in xx.xx.2007-ci il tarixli, 01 saylı arxiv arayışına əsasən Samuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçılara 44 saylı orderə əsasən Samux şəhəri, 28 May küçəsində yerləşən 2 otaqdan ibarət 36 kv.m fərdi yaşayış evi verilmişdir. Hal-hazırda da iddiaçılar həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. İddiaçılar cavabdeh orqana müraciət edərək, həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsələr də, sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixli 44 nömrəli order İddiaçı1 adına verilmişdir. Həmin orderin arxiv arayışının və ya orderin verilməsinə əsas olmuş sənədin arxiv arayışının müraciətə əlavə edilməməsi orderin həqiqiliyinə şübhə yaratdığı üçün müraciətin təmin edilməsi mümkün olmamışdır. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə, eyni zamanda yaşadıqları ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli 44 nömrəli orderdən görünür ki, Samux rayonu, Nəbiağalı qəsəbəsi, 28 May küçəsində yerləşən ümumi sahəsi 30.4 kv.m olan ev İddiaçı1 verilmiş, İddiaçı2 ailə üzvü kimi qeyd edilmiş, evə dair orderin verilməsinə əsas Samux rayonu Azərbaycan Üİ və EM-in xx.xx.2007-ci il tarixli, 01 saylı arxiv arayışı olmuşdur. -Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 24 nömrəli məktubundan görünür ki, Samux rayonu Azərbaycan Üİ və EM-in xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı arxivdə mövcud deyil. -Samux bələdiyyəsinin xx.xx.2022-ci tarixli 10 nömrəli arayışından görünür ki, İddiaçı1 həqiqətən xx.xx.2006-cı il tarixli Samux Rayon Məhkəməsinin qərarına əsasən ÜİEM-nin nəzdində olan 28 May küçəsində yerləşən yaşayış sahəsi 30.4 kv.m olan 2 otaqlı dövlət mənzilində yaşayır. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********73 nömrəli məktubundan görünür ki, iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Samux rayonu Azərbaycan Üİ və EM-in xx.xx.2007-ci il tarixli, 01 saylı arxiv arayışına əsasən Samux şəhəri, 28 May küçəsində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evi iddiaçılara verilmiş və həmin evə dair Samux Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2007-ci il tarixli 44 nömrəli order tərtib edilmişdir. İddiaçılar qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.011-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Qeyd edilməlidir ki, cavabdehin imtinasında əsas kimi təqdim edilmiş orderin arxiv arayışının və ya orderin verilməsinə əsas olmuş sənədin arxiv arayışının müraciətə əlavə edilməməsi göstərilmişdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mübahisə predmeti olan ev Samux rayonu Azərbaycan Üİ və EM-in xx.xx.2007-ci il tarixli, 01 saylı arxiv arayışına əsasən verilmiş, bunun əsasında Samux Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 adına xx.xx.2007-ci il tarixli 44 nömrəli order tərtib edilmiş, İddiaçı2 həmin orderdə ailə üzvü kimi qeyd edilmişdir və sözügedən fərdi yaşayış evi hazırda da iddiaçılar tərəfindən təyinatı üzrə istifadə edilir. Cavabdeh orqanın imtinası ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçıda olan sənədin (xx.xx.2007-ci il tarixli 44 nömrəli orderin) mötəbərliyini mübahisələndirməmiş, yalnız həmin sənədin arxiv arayışının və ya orderin verilməsinə əsas olmuş sənədin arxiv arayışının müraciətə əlavə edilmədiyini əsas gətirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materialları ilə müəyyən olunur ki, Samux rayonu Azərbaycan Üİ və EM-in xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı arxivdə mövcud deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, orderin verilməsinə əsas olmuş sənədlərin arxivə təhvil verilməməsi iddiaçıların ziyanına şərh edilə bilməz. Belə ki, sözügedən sənəd müvafiq orqan tərəfindən tərtib edildiyindən və müvafiq aidiyyəti orqanlara təqdim edilməli olduğundan həmin qərarın arxivdə olmaması iddiaçıların həmin evlə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, Samux şəhəri, 28 May küçəsində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. xx.xx.2007-ci il tarixli 44 nömrəli orderə əsasən Samux şəhəri, 28 May küçəsində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1506/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1506/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver