Məhkəmə qərarları › İş №2-1(114)-1506/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1506/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1506/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı nikah haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Bərdə rayon VVAQ orqanı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-16-5/8-15-477/2024 saylı imtinanın əsassız sayılması və Bərdə VVAQ orqanı tərəfindən 04 dekabr 1991-ci il tarixli V-JQ №457924 saylı nikaha dair şəhadətnamənin ləğv edilməklə, nikah akt qeydinə müvafiq yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında xx.xx.1960-cı il tarixli 126 nömrəli akt qeydindən görünür ki, xx.xx.1960-cı il tarixdə X1 şəhərində doğulmuşdur.

2. Nikahın bağlanması haqqında xx.xx.1978-ci il tarixli 25 nömrəli akt qeydindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X18 ilə xx.xx.1960-cı il təvəllüdlü X7 arasında nikah bağlanmış, nikahdan sonra kişiyə Əzimov, qadına Əzimova soyadı verilmişdir.

3. Nikahın bağlanması haqqında VJQ № 457924 saylı şəhadətnamədə X18 ilə İddiaçı arasında xx.xx.1978-ci il tarixdə nikah bağlandığı, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeydiyyat aparıldığı qeyd edilmişdir.

4. xx.xx.2024-cü il tarixli 356471 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1982ci il tarixində anadan olmuş X11 atası X18, anası isə X10.

5. xx.xx.2024-cü il tarixli 449755 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1979cu il tarixində anadan olmuş X15 atası X18, anası isə X10.

6. Ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ №347334 nömrəli şəhadətnaməyə əsasən X18 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 75 nömrə ilə qeyd edilmişdir.

7. İddiaçı Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 3- 16-5/8-15-477/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində adı "Mareta" kimi qeyd edilmişdir. Onun nikah haqqında şəhadətnaməsində adının "Sevda"-dan "Mareta"-ya dəyişdirilməsi, doğum və nikah haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə müraciətinin icra edilməsi səlahiyyətləri xaricindədir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

8. Məhkəmənin sorğusuna X4 Arxivi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X8 ilə X2 xx.xx.1960-cı il təvəllüdlü X3 doğumunun həmin ildə Şuşa rayon qeydiyyat şöbəsində qeydə alındığı aşkar edilmiş və doğum haqqında akt qeydinin üzərində sonuncunun soyadının, adının və ata adının dəyişdirilməsi barədə qeydin aparılmadığı məlum olmuşdur. Eyni zamanda bildiririk ki, X18 ilə Qəhrəmanyan (Əzimova) Mareta Nərimanovnanın nikahının xx.xx.1978-ci ildə Cavabdehndə rəsmiləşdirildiyi və akt qeydinin üzərində də Mareta Əzimovanın adının dəyişdirilməsi barədə qeydin olmadığı müəyyən edilmişdir. Həmçinin informasiya sistemində İddiaçı doğumu, soyadının, adının və ata adının dəyişdirilməsi , Mareta Əzimovanın (Qəhramanyan) isə soyadının, adının və ata adının dəyişdirilməsi barədə məlumat aşkar edilmədi. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bərdə rayon VVAQ orqanı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 5/8-15-477/2024 saylı imtinanın əsassız sayılması və Bərdə VVAQ orqanı tərəfindən 04 dekabr 1991-ci il tarixli V-JQ №457924 saylı nikaha dair şəhadətnamənin rəsmiləşdirildiyi nikah akt qeydində Sevda adının Mareta adına düəzliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda adı İddiaçı Nəriman qızı, doğum qeydində isə X9 olaraq qeyd edilən şəxs olaraq xx.xx.1960-cı ildə Şuşada dünyaya gəlmişdir. 1978-ci il 24 noyabrda mərhum həyat yoldaşı 1956-cı il təvəllüdlü X18 ilə rəsini nikaha daxil olmuşdur. Etnik mənşə etibarı ilə ata tərəfdən erməni milliyyətinə mənsubdur. 1988-ci ildə məlum milli münaqişə başlayanda AR DİN də polis əməkdaşı işləyən mərhum həyat yoldaşı X17 onun ata tərəfdən olan etnik mənsubiyyətilə bağlı narahatlıq yaşayaraq, onun etnik mənsubiyyətinin onun vəzifəsinə və uşaqlarının gələcəyinə mənfi təsir edəcəyi üçün adını dəyişdirməyi təklif etmişdir. Beləliklə mərhum həyat yoldaşının təkidləri üzərinə o, adını Maretadan bu günki "Sevdaya" dəyişdirmişdir. Şuşa VVAQ orqanı onun doğumuna dair rəsmi sənədi ona təqdim etməmiş və bildirmişdir ki, yalnız məhkəməmnin sorğusu əsasında təqdim oluna bilər. Bu səbəbdən də hazırkı ərizənin sənədlər siyahısına doğumu ilə bağlı sənədi əlavə etmək imkanın olmamışdır. Həyat yoldaşı X18 2009-cu il mart ayının 3 də vəfat etmişdir. Həyat yoldaşının pensiyasını onun almaq hüququnu öyrəndikdən sonra DOST mərkəzinə müraciət etmiş, orada ona mərhum həyat yoldaşının arvadı olaraq Sevda yox Mareta göründüyü üçün pensiyasını təyin edə bilmədikləri deyilmişdir. Səbəb olaraq ona mərhum həyat yoldaşının Sevda adlı qadınla deyil, kötükdə Mareta adlı qadınla nikaha daxil olduğu göstərilmişdir. 1991-ci ildə adını dəyişdirdikdən sonra nikah haqqında aktı yeniləmişdir. Bu yanlışlığın doğum aktı qeydində aradan qaldırıması üçün tərəfindən Cavabdehnə müraciət olmuş, Bərdə rayon VVAQ orqanının ona ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8 15-477/2024 saylı cavab məktubu ilə bilirmişdilər ki, nikah aktı qeydində düzəlişin edilməsi mümkün deyil, bu məsələnin həlli üçün məhkəməyə müraciət etməlidir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayon VVAQ orqanı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-477/2024 saylı imtinanın əsassız sayılması və Bərdə VVAQ orqanı tərəfindən 04 dekabr 1991-ci il tarixli V-JQ №457924 saylı nikaha dair şəhadətnamənin ləğv edilməklə, nikah akt qeydinə müvafiq yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. II. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdehin yerləşdiyi yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

21. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında təmsil oluna bilməyəcəklərini, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

22. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

24. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında VJQ № 457924 saylı şəhadətnamə; - Bərdə rayon Nazirli kənd xx.xx.1978-ci il tarixli 498654 nömrəli nikah kitabının №25 səhifəsindən çıxarış; - xx.xx.2024-cü il tarixli 356471 nömrəli arayış; - xx.xx.2024-cü il tarixli 449755 nömrəli arayış; - Ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ №347334 nömrəli şəhadətnamə; - nikah haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-477/2024 nömrəli imtina məktubu;

Əsaslandırma hissəsi: VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə X6 olmaqla, Şuşa şəhərində doğulmuş və bu barədə doğum haqqında xx.xx.1960-cı il tarixli 126 nömrəli akt qeydi tərtib edilmişdir. O, xx.xx.1956-cı il təvəllüdlü X18 ilə nikah bağlamış və bu barədə xx.xx.1978-ci il tarixli 25 nömrəli akt qeydi tərtib edilmiş, nikahdan sonra qadına Əzimova soyadı verilmişdir.

28. İddiaçının nə doğum haqqında akt qeydinin üzərində sonuncunun soyadının, adının və ata adının dəyişdirilməsi barədə qeydin aparılmamış, nə nikah akt qeydinin üzərində də Mareta Əzimovanın adının dəyişdirilməsi barədə qeyd olmamış, nə də İddiaçı doğumu, soyadının, adının və ata adının dəyişdirilməsi, Mareta Əzimovanın (Qəhramanyan) isə soyadının, adının və ata adının dəyişdirilməsi barədə məlumat aşkar edilməmişdir (məhkəmənin sorğusuna X4 Arxivi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubu və əlavə edilmiş sənədlər).

29. Buna baxmayaraq, iddiaçıya təqdim edilmiş nikahın bağlanması haqqında VJQ № 457924 saylı şəhadətnamədə X18 ilə İddiaçı arasında xx.xx.1978-ci il tarixdə nikah bağlandığı, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeydiyyat aparıldığı qeyd edilmişdir.

30. Hazırda iddiaçıya ərinin vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilərək, iddiaçının adının nikah akt qeydində Mareta, nikah haqqında şəhadətnamədə isə Sevda olması, yəni sənədlər arasında uyğunsuzluq olması əsas gətirildiyi üçün, iddiaçı hazırkı iddiasında Bərdə VVAQ orqanı tərəfindən 04 dekabr 1991-ci il tarixli V-JQ №457924 saylı nikaha dair şəhadətnamənin ləğv edilməklə, nikah akt qeydinə müvafiq yeni şəhadətnamənin verilməsini ı xahiş edir.

31. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. X4 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X4 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X4 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. X4 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

32. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X4 dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X4 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

33. Məhkəmə iddiaçıların iddiasını ona görə əsaslı sayır ki, iddiaçı öz adı Mareta olmuş, həmin adın dəyişdirilməsi barədə akt qeydi olmamış, doğum haqqında akt qeydinə bu barədə düzəliş olunmamış, nikah akt qeydində də iddiaçının adı Mareta qeyd edilmişdir.

34. Lakin heç bir əsas olmadan iddiaçının nikah akt qeydində adının Mareta olmasına baxmayaraq, ona verilmiş nikah haqqında şəhadətnamədə adı Sevda kimi qeyd edilmişdir.

35. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə VVAQ orqanı tərəfindən 04 dekabr 1991-ci il tarixli V-JQ №457924 saylı nikaha dair şəhadətnamənin ləğv edilməklə, iddiaçıya nikah akt qeydinə müvafiq yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Bərdə VVAQ orqanı tərəfindən 04 dekabr 1991-ci il tarixli V-JQ №457924 saylı nikaha dair verilmiş şəhadətnamə ləğv edilməklə, iddiaçıya nikah akt qeydinə müvafiq yeni şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar