Məhkəmə qərarları › İş №2-1(114)-1507/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1507/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1507/2022 01.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasından tutulmanın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1963-cü il tarixdə Ağdam rayonun Ayaqqərvənd kəndində anadan olmuş, hazırda Ağdam rayonun Ayaqqərvənd kəndində qeydiyyatdadır. İddiaçıya xx.xx.2001-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən penitensiar xidmətin əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2007-ci il tarixli 158 nömrəli qərarına əsasən iddiaçıya sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı i! 22 dekabr tarixli 499 nömrəli Fərmanın tələblərinə əsasən 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialı (bundan sonra mətndə - cavabdeh) daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq iddiaçıya pensiya ödənildiyi dövrdə Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixədək müavinət ödənildiyini müəyyən etmişdir. Bu səbəbdən həmin dövrdə artıq ödənilmiş 4514,74 manat pul vəsaiti iddiaçının əmək pensiyasından hissə-hissə (hər ay 61,01 manat) tutularaq dövlət büdcəsinə bərpa olunmasını həyata keçirmişdir (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmamış). İddiaçı “hansı vaxtdan pensiya təyin olunması, 60 manat pul vəsaitinin pensiyasından nə üçün tutulması, hazırda işlədiyi halda qanunvericiliyə əsasən nə qədər pensiya almaq hüququnun olması, pensiya artımının onun aldığı əmək haqqı ilə əlaqəli olması barədə, o cümlədən hazırkı tarixədək işlədiyi stajı barədə məlumat verilməsi”nə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələr ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubla 12 fevral 2021-ci il və 16 aprel 2021-ci il tarixlərdə daxil olmuş müraciətlərə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirmişdir ki, sonuncu xidmət keçdiyi orqan tərəfindən vaxtilə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixlı 499 nömrəii Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Mərkəzi Filial tərəfindən yaşa görə əmak pensiyası ödənildiyi dövrdə eyni zamanda X1 Fondunun Ağdam rayon şöbəsi tərəfindən 31 may 2018-ci il tarixinədək müavinət ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də həmin dövrdə 4514,75 manat arlıq pənsiya məbləği ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən artıq ödənilmiş 4514,74 manat pul vəsaiti əmək pensiyasından hissə-hissə (hər ay 61,01 manat) tutularaq (xx.xx.2021-ci ii tarixədək ümumilikdə 2196,36 manat) dövlət büdcəsinə bərpa olunur. Əmək pensiyanızın yenidən hesablanması məsələsi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ii 27 avqust tarıxli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlarin təqdim olunması Qaydaları"nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumlar tərəfindən tərtib olunur və əmnək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtiərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi filiala göndərilməlidir. Daha sonra cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə cavab olaraq bildirmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən yaşa görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Ağdam rayon şöbəsi tərəfindən 31 may 2018-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də həmin dövrdə 4514,75 manat artıq pensiya məbləği ödənilmişdir. Qeyd olunanlara əsasən artıq ödənilmiş 4514,75 manat pul vəsaiti 2018-ci ilin may ayından etibarən əmək pensiyasından hissə-hissə (hər ay 61,01 manat) tutularaq dövlət büdcəsinə bərpa olunur İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasından 4514,75 manat tutulmanın ləğv olunması və tutulmuş məbləğin geri qaytarılmasını cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixində Ağdam rayonunda anadan olmuş, hal-hazırda Tərtər rayonu icra və Probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. O, Polis orqanlarında xidmətilə əlaqədar olaraq əmək pensiyasına çıxmış, hal- hazırda da pensiya hüququ var və pensiyası dövlət tərəfindən ödənilir. Ancaq ona ödənilən pensiyasından qanunsuz tutulmalar həyata keçirilir. Cavabdehə dəfələrlə şifahi müraciət etsə də, ona dolğun cavab verilməmiş və hansı əsasla pul tutulması müxtəlif bəhanələrlə izah edilmişdir. Cavabdehə ünvanladığı ilk rəsmi ərizəsi cavabsız qalmış, növbəti təkrar ərizəsinə 23 aprel 2021-ci il tarixli **********5 nömrəli cavabda ona Mərkəzi Filal tərəfindən yaşa görə pensiyası ödənildiyi dövrdə eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon söbəsi tərəfindən 31 may 2018-ci il tarixinədək müavinət ödənildiyi aşkar edilməsi qeyd edilmişdir. Bu səbəbdən də ona həmin dövrdə 4514,75 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmiş və həmin əsasla da hər ay əmək pensiyasından 61,01 manat pul tutulmuşdur və hazırda da tutulur. İddiaçı həmin müavinət ödənişin açıqlaması barədə yenidən qeyd etdiyi idarəyə müraciət etdikdə ona 4 mart 2022-ci il **********8 nömrəli məktuba cavabda açıqlama verilərək bildirilmişdir ki, Fondun Ağdam rayon şöbəsi tərəfindən 31 may 2018-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də ona həmin dövrdə 4514,75 manat artıq pensiya məbləği ödənilmişdir. Qeyd olunan əsaslar üzrə ödənişlər iddiaçının hesabıma ödənilməmişdir. Həmin hesablamalar yalan olaraq guya iddiaçıya ödənilmiş, ancaq bu cür hal baş verməmişdir, Həmin ödənişlərin ona ödənilməsi barədə heç bir sənəd belə yoxdur, Qeyd olunan ödənişlər ümumiyyətlə olmamışdır. İddiaçının yaşayış yeri, öz şəxsi avtomobili olmuşdur. Qeyd olunanlar hamısı tam qanunsuz və əsasdır. Əmək pensiyasına artıq ödənilmiş məbləğin tutulması onun razılığı olmadan həyata keçirilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Cavid Əhmədov xx.xx.2022-ci il tarixli iddiaya qarşı etirazı məhkəməyə təqdim etmiş, etirazda imtina əsaslarını təkrarlamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, etirazı, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqanın iddiaçının razılığını almamaqla yanaşı artıq ödənilmiş məbləğin tutulması barədə qərar - inzibati akt belə qəbul etməmişdir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Ağdam rayon şöbəsi tərəfindən müavinət ödənilməsini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “artıq ödənilmiş 4514,75 manat pul vəsaitinin əmək pensiyasından tutulması” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından 4514,75 manat tutulma barədə inzibati orqanın faktiki xarakterli hərəkətinin ləğv olunması və iddiaçının pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından 4514,75 manat tutulma barədə inzibati orqanın faktiki xarakterli hərəkətinin ləğv olunması və iddiaçının pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar