Məhkəmə qərarları › İş №2-1(114)-1509/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1509/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1509/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və topraq sahəsinin plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu X2 21 dekabr 2006-cı il tarixli qərarı ilə həyətyanı məqsəd üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu X2 21 dekabr 2006-cı il tarixli qərarı ilə Şəmkir rayonu Yeni Yol kəndinin bələdiyyə ehtiyat fondunun alqı- satqı predmeti olan Yeni Yol torpaq sahəsindən həyatyanı məqsədi ilə ona 0.12 ha torpaq sahəsi satılması qərara alınmışdır. Həmçinin həmin torpaq sahəsinin alqı- satqısına dair akt və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Sonradan həmin torpaq sahəsinə dair çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsi ilə bağlı Şəmkir rayonu İHB Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi və bələdiyyə tərəfindən verilmiş sənədlərin qüvvədə olması barədə müvafiq məktub təqdim edilməməsi səbəbi ilə imtina edilmişdir. Halbuki, bələdiyyə qərarı 2006-cı il tarixli olduğundan həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyə qərarı ilə torpaq sahəsinin ayrılması mümkün olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 02 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi iddia tələbinə qarşı münasibət bildirmişdir ki, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 30 oktyabr 2012-ci il tarixli, 327 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair akta əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həyətyanı məqsədi ilə İddiaçı adına verilmiş 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı 07 aprel 2022-ci il tarixli ərizə ilə 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinə dair təqdim olunmuş sənədlərə əsasən məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi ilə bağlı Şəmkir rayonu iHB Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi və bələdiyyə tərəfindən verilmiş sənədlərin qüvvədə olması barədə müvafiq məktubu təqdim edilməmişdir. Bundan başqa təqdim olunmuş Şəmkir rayonu, Yeni Yol bələdiyyəsi ilə bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 327 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair aktı 2012-ci ilə təsadüf etmişdir ki, bu da "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanununun tələbləri ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən vətəndaşın ərizəsinin icrası onlar tərəfindən mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini Şəmkir rayon X2 18 nömrəli, xx.xx.2006-cı il tarixli Qərarının surəti, xx.xx.2012-ci il tarixdə 327 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqısatqısına dair” aktın surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********73 nömrəli imtina məktubu, xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 326 nömrəli arayışının və xx.xx.2012-ci il tarixli, 621 nömrəli rəyinin surətləri təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən kənd təsərrüfatı təyinatına yararlı 0.12 ha torpaq sahəsi Şəmkir rayon X2 18 nömrəli, xx.xx.2006-cı il tarixli Qərarı ilə həyətyanı məqsədi ilə iddiaçıya verilmişdir və hazırda torpaq sahəsi onun istifadəsindədir. Çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş materiallarında olan: Şəmkir rayon X2 18 nömrəli, xx.xx.2006-cı il tarixli Qərarından və xx.xx.2012-ci il tarixdə 327 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Şəmkir rayonu Yeni Yol kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən 0.12 ha torpaq sahəsi İddiaçı satılmışdır. İnzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi iddiaçının müraciətindən imtina etməsini onunla əsaslamışdır ki, qeyd olunan torpaq sahəsi ilə bağlı Şəmkir rayonu İHB Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi və bələdiyyə tərəfindən verilmiş sənədlərin qüvvədə olması barədə müvafiq məktubu təqdim edilməmişdir. Bundan başqa təqdim olunmuş Şəmkir rayonu, Yeni Yol bələdiyyəsi ilə bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 327 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair aktı 2012ci ilə təsadüf etmişdir ki, bu da "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 23 oktyabr 2007ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununun tələbləri ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu X2 21 dekabr 2006-cı il tarixli qərarı ilə Şəmkir rayonu, Təzəkənd sakini İddiaçı ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyət formasına aiddir. X2 yerquruluşu planına əsasən qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri altında olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Şəmkir rayonu X2 21 dekabr 2006-cı il tarixli qərarı ilə Şəmkir rayonu, Təzəkənd sakini İddiaçı ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan 0.15 ha həyətyanı torpaq sahəsinin koordinatları 0.12 ha hissədə üst-üstə düşür. Şəmkir rayonu X2 21 dekabr 2006-cı il tarixli qərarı ilə Şəmkir rayonu, Təzəkənd sakini İddiaçı ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst- üstə düşmür. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan' istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən həyətyanı məqsədi ilə bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəmkir rayonu X2 21 dekabr 2006-cı il tarixli qərarı ilə həyətyanı məqsəd üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şəmkir rayonu X2 21 dekabr 2006-cı il tarixli qərarı ilə həyətyanı məqsəd üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar