Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-151/2024 12.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair öhdəliyin icrası haqqında inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun işlədiyi illərin nəzəzrə alıb ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Samux rayonunun Sərkar kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olub, 1988-ci ildə “yeyinti istehsalının maşın və aparatları” ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1977-ci ildə Kirovabad Alüminium zavodunda buxar-qazan təhcizatı sahəsində 2-ci dərəcəli çilingər santexnik kimi işə başlamışdır. xx.xx.1979-cu ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuşdur. 20 aprel 1979-cu ildən xx.xx.1981-ci ilə kimi keçmis SSRİ-nin Silahlı Qüvvələrində xidmətdə olmuşdur. xx.xx.1981-ci ildə Kirovabad Alüminium zavodunun buxar-su təhcizatı sexində 3-cü dərəcə ilə çilingər təmirçi işləmiş və xx.xx.1987-ci ildə öz xahişi işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə Kirovabad Yağ-Piy Kombinatının buxar təsərrüfatında avadanlığın təmiri üzrə 6-cı dərəcəli çilingər işləmişəm. xx.xx.1989-cu ildə sexdə ona 4-cü dərəcəli təmirçi-çilingər dərəcəsi verilmişdir. xx.xx.1991ci ildə onun dərəcəsi artırılıb, 5-ci dərəcəli təmirçi çilingər ışləmişdir.xx.xx.1991-ci ildə ona 6-cı dərəcəli təmirçi-çilingər ixtisası verilmişdir. xx.xx.1991-ci ildə o, həmin sexdə buxarqazan sexində avadanlığın təmiri üzrə baş usta təyin edilmişdir. xx.xx.1997-ci ildə buxarqazan sexinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci ildən xx.xx.2004-cü ilə kimi sex rəisi vəzifəsində işləmiş, xx.xx.2002-ci ildə Kirovabad Yağ-Piy kombinatı Gəncə Yağ-Piy ASC adlandırılmışdır. xx.xx.2012-ci ildə Gəncə Qənnadı ASC-nin biskivit sexinə mexanik qəbul edilmişdir. xx.xx.2012-ci ildə biskivit sexindən konfet sexinə mexanik keçirilmiş və xx.xx.2013-cü ildə biskivit sexinə rəis təyin edilmiş, xx.xx.2013-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, o, 8 il 5 ay Gəncə Alüminium zavodunda işləmiş, 16 il 6 ay 14 gün Kirovabad Yağ-Piy kombinatında işləmiş, 1 il 1 ay 24 gün Gəncə Qənnadı ASC-də işləmiş, 2 il 14 gün müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bununla da onun ümumi iş stajı təhsil aldığı illər də daxil olmaqla 34 il 1 ay 22 gün edir. Bunun 16 il 6 ay 14 gün müddətini o, güzəştli şərtlərlə yaşa görə pensiya huququ verən istehsalatda işləmişdir. "Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 06 mart tarixli, 377 Noli fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli 12 No-li qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nı təsdiq etmişdir. Həmin qərarla təsdiq edilmiş 2 No-li siyahıda 22400000 kodu altında yeyinti sənayesi nəzərdə tutulmuşdur. Keçmiş SSRİ dövründə də və müstəqillik əldə etdikdən sonra da “Gəncə Yağ-Piy” kombinatı Yeyinti sənayesi Nazirliyinin nəzdində olmuşdur. Qeyd olunan siyahıya görə “Gəncə Yağ-Piy” kombinatında işləyən fəhlələr mütəxəssislər və rəislər ağır və zərərli iş şəraitində işləyən işçilər kimi nəzərdə tutulur. O, Kirovabad Yağ-Piy Kombinatında fəhlə, mütəxəssis və rəhbər vəzifələrdə 16 il 6 ay 14 gün işlədiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Bu barədə cavabdeh orqana müraciət etmiş, lakin müraciətindən imtina edilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının güzəştli stajının təsdiq edəcək hər hansı təqdim olunmadığından onun güzəştli stajının təsdiq edilməsi qanunvericiliyin tələbləri baxımından qeyri-mümkündür. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə- 45349/2023 nömrəli məktubunun surəti, xx.xx.2020-ci il tarixli, 258/4 arxiv arayış, НЗ № ******* seriyalı iddiaçıya məxsus hərbi biletin surəti, iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surəti, iddiaçıya məxsus ПВ № 012325 seriyalı diplomun surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti təşkil etmişdir. Məhkəmə qeyd edilən sənədlərin məzmununa istinad etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddia təmin edilməməlidir. İddiaçının öhdəliyin icrası haqqında iddiası (İPM-in 34-cü maddəsinə əsasən) mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın güzəştli stajının olmadığını qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəyə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan maddi normaya əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt tələb olunur: - 60 yaşa çatmaq; - azı 25 il sığorta stajına malik olmaq; - bu müddətin azı 12 il 6 ayı axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmaq. Hazırki işdə mübahisə predmeti İddiaçı işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja daxil edilib-edilməməsindən ibarətdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının müraciətindən imtina üçün əsas iddiaçının güzəştli iş stajının olmaması olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya sərəncam göndərilərək məhkəməyə, güzəştli şərtlərlə işlədiyinizi iddia etdiyi müəssisələrdən və yaxud hüquqi varisindən “güzəştli arayış” alaraq məhkəməyə təqdim olunması tövsiyyə edilsədə iddiaçının güzəştli stajının təsdiq edəcək hər hansı sənəd təqdim olunmamışdır. Bununla bağlı məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisəyə oxşar müəssisələrə sorğular verilmiş, lakin həmin müəssisələr tərəfindən də iddiaçının işlədiyi sahələrlə bağlı hər hansı məlumat daxil olmammışdır.Yalnız sorğu verilmiş "xxxx" MMC-nin X4 filialı tərəfindən göndərilmiş məktubdan müəyyən olunur ki, sovetlər dövründə yeyinti sənayəsi müəssisələrində, o cümlədən Yağ-piy sənayəsində zərərli və ağır peşələrdə çalışanların siyahısı SSRİ Nazirlər Sovetinin 14 dekabr 1972-ci ildə 323/34 saylı qərarı ilə təsdiqlənmişdir. SSRİ yeyinti sənayəsi 02 yanvar 1973-cü il 2-Ц saylı əlavəsi ilə SSRİ Həmkarlar təşkilatının katibliyi ilə razılaşdırılmışdır. Çilingər peşələri zərərli peşələr siyahısına daxil olmamışdır. Qazanxana sahəsində isə maye və bərk yanacaqdan istifadə olunan texnoloji peçlərə xidmət göstətən ocaqçı maşinistlərə şamil olunur. Usta və sex rəislərinə şamil olunmur. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün əsas ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvihissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-151/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-151/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver