Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-151/2025 07.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qərarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qərarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17/3- 9-533/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-16343/2023 nömrəli qərarlarının ləğv edilməsi, xx.xx.2022-ci ildən əlilliyə görə əmək pensiyasının bərpa olunması dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cü il tarixdə doğulmuşsur. xx.xx.1984-cü il tarixdən xx.xx.2000-ci il tarixədək “X6 ASC-də işləmişdir. Əmək kitabçasına əsasən onun 13 il 5 ay 12 gün ümumi iş stajı vardır. xx.xx.2013-cü il tarixdən səhhətində yaranmış problemlə bağlı əlilliyi müəyyən olunmuş, həmin tarixdən də əlilliyə görə tələb olunan iş stajım (10 il 08 ay) olduğundan ona əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2021-ci il tarixədək də əlilliyə görə əmək pensiyası almışdır xx.xx.2022-ci il tarixdə təkrar əlilliyi müəyyən olunduqdan sonra əmək pensiyasının ödənişi dayandırılmış və inzibati orqan deməsinə görə xidməti araşdırma nəticəsində ona təyin olunmuş əmək pensiyası iş stajı çatışmadığı səbəbindən ləğv olunmuş, əlilliyi müəyyən olunduğu xx.xx.2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş məbləğ hesab edilmiş və əlilliyə görə sosial müavinət təyin olunmuşdur. Dəfələrlə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, bir nəticəsi olmamışdır. Sonuncu dəfə əlilliyə görə əmək pensiyası təyin olunması üçün cavabdeh təşkilata xx.xx.2023-cü il tarixdə müraciət etmi, cavabdeh X6 zavodunda xx.xx.1984-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərdə xx.xx.1990-cı il tarixindən xx.xx.2000-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğunu “bəhanə” gətirərək həmin müddəti sığorta stajıma daxil etməmişdir.Halbu ki, o, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixlərədək 3 yaşınadək uşağa qulluqla bağlı analıq məzuniyyətində olmuşdur. 1993-1994-cü illərdə müəssisə tam gücü ilə işləmədiyindən fasilələrlə işləmiş, bir neçə aylıq əmək haqqı olmuşdur. Daha sonra xammal çatışmamazlığı üzündən zavodda işləyən bütün işçilərin fəaliyyətləri xx.xx.2000-ci il tarixdən dayandırılmışdır. Cavabdeh təşkilat qanunauyğun hərəkətlər etməmiş, əmək kitabçasında yazılmış bütün dövrü ümumi iş stajına qəbul etməlidir. Cavabdehin əlilliyə görə əmək pensiyamın bərpa edilməsindən imtina haqqındakı cavabı düzgün deyil, hesab edir ki, konstitusional hüquqlarım bilərəkdən pozulmuşdur. xx.xx.1990-xx.xx.2000-ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. xx.xx.1994xx.xx.1998-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. İddiaçı tərəfindən qəbul edilmiş qərarları qanunsuz olduğundan ləğv edilməli olduğunu bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir.
4. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ləğv edilmiş əlilliyə görə pensiyanın bərpa edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçıya münasibətdə tələb olunan sığorta stajının 10 il 8 ay olduğunu onun sığorta stajının 5 il 9 ay 22 gün təşkil etdiyini əsas gətirərək pensiyanın bərpa olunmasından imtina etmişdir. Həmçinin xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilmiş məbləğin əsassız ödənilmiş vəsait olduğu bildirilmişdir. Bundan sonra İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “inzibati aktın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Aparılan inzibati araşdırmanın nəticəsi olaraq ortaya çıxan bir sıra ziddiyətli məsələləri məhkəmənin diqqətinə çatdırılır. İlk öncə qeyd edilməlidir ki, iddiaçıya məxsus olan pensiya işinə baxış keçirilən zaman iddiaçının sonuncu müraciətində təqdim edilən xx.xx.2000-ci il tarixli 12 nömrəli əmrin müəssisə tərəfindən Fonda təqdim edilmədiyi müəyyən edilmişdir. Hansı ki, müəssisənin fəaliyyətinin dayandıması və iddiaçının işdən azad olunması ilə bağlı iddiaçı tərəfindən təqdim olunan ən mötəbər sübut məhz həmin əmr hesab edilə bilər. Belə olan halda həmin əmrin həmin dövrdə təqdim edilməməsi qeyri-real görünür. Bundan əlavə, xx.xx.2000-ci ildə yazıldığı iddia edilən əmrin yazı şrifti “Calibri” şriftidir və bu şriftin istifadə olunma tarixi 2002-ci ildən başlayır. Yəni, həmin şrift 2002-ci ildən əvvəl istifadə oluna bilməzdi. Lakin, 2000-ci ildə yazıldığı iddia edilən əmrin “Calibri” şrifti ilə yazılması həmin sənədin mötəbərliyinə şübhə doğurur. Həmin əmrlə bağlı digər bir diqqətə çatdırılmalı məqam ondan ibarətdir ki, artıq 1992-ci ildən Azərbaycan Respublikasında latın qrafikalı əlifbadan istifadə edilirdi. Lakin sözügedən əmr kiril qrafikalı əlifbadan istifadə edilərək yazılmışdır. Həmin əmrin sonradan yazılaraq əsli ilə düz olma ehtimalını belə nəzərə alsaq, kiril qrafikalı əlifbadan istifadə edilərək yazılması hesab edilir ki, sənədin mötəbərliyinə şübhə doğuran digər bir haldır. İddiaçı tərəfindən təqdim edilən digər bir sənəd dublikat olan 0058837№li əmək kitabçasıdır. Qeyd etmək istərdik ki, İddiaçı aid olan pensiya işinə əmək kitabçasının əslinin (1824450№li əmək kitabçası) surəti əlavə olunmuşdur. Həmin əmək kitabçasında iddiaçının işdən çıxma səbəbi kimi, Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi “İşçinin təşəbbüsü ilə müddəti müəyyən edilməmiş fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsi” adlanır. Həmin maddəyə əsasən, işçi on beş təqvim günu qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə müddəti müəyyən edilməmiş fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsini tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının dublikatında isə işdən azad olunma səbəbi kimi zavodun fəaliyyətinin qismən dayandırılması göstərilmişdir. Hesab edilir ki, əmək kitabçalarında olan qeydlərin ziddiyəti həmin qeydlərin həqiqətə uyğunluğunu şübhə altına qoyur. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının əmək kitabçasında və təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar var. Məhz bu səbəbdən hesab edilir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə əmək pensiyası əsassız olaraq təyin olunmuş və ödənilmişdir. İddiaçı ödənilən məbləğ nəticəsində xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 16179,35 manat artıq ödəmə qeydə alınmışdır. İnzibati orqan İddiaçı artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Beləliklə, Filial tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “inzibati aktın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul ediməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmidir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiq etmiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
9. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
10. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
11. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, DSMF orqanı tərəfindən İddiaçı 19 may 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və həmin təyinatda onun 16 il 5 ay 2 gün sığorta stajı hesablanmışdır. İddiaçının əlilliyin yenidən təyin edilməsindən sonra cavabdeh tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.2-ci mddəsinə istinadən yenidən hesablanmış və bu hesablamada onun 29 aprel 2013-cü il tarixədək sığorta stajının 5 il 9 ay 22 gün olması qənaətinə gəlinmişdir. Bu onunla bağlıdır ki, cavabdeh orqan iddiaçının “Çini Qablar” A.S.C-də işləməsinin qeyd edildiyi iddiaçının tədim etdiyi əmək kitabçasının möhtəbərliyini etirazdada qeyd edilən əsaslarla şübhə altına almış, bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edildiyi xx.xx.2013-cü il tarixə sığorta stajının 5 il, 9 ay, 22 gün olduğu qeyd edilmişdir. Sözügedən qərarlar əsasında cavabdeh tərəfindən iddiaçınya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavbdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli sözügedən qərarlarını mübahisələndirir və ona təyin edilmiş pensiyanın bərpa edilməsini tələb edir.
13. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir:
14. “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
15. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
17. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.
18. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
20. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır.
21. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
22. Həmin Qanunun 15-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
23. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir.
25. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
26. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt.
27. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
28. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
29. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
30. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
32. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
33. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
34. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
35. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
36. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
37. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17/3-9-533/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-16343/2023 nömrəli qərarlarını mübahisələndirir və xx.xx.2022-ci ildən əlilliyə görə əmək pensiyasının bərpa olunması dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
38. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
39. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
40. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının əlilliyin yenidən təyin edilməsi ilə əlaqədar yenidən hesablanma zamanı xx.xx.2023-cü il tarixli, 3-17/3-9-533/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-16343/2023 nömrəli qərarlarla ilkin pensiya təyintı barədə qərar ləğv edilmədən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
41. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3- 17/3-9-533/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-16343/2023 nömrəli qərarların qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil.
42. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz.
43. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır.
44. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qəbul edildiyindən xx.xx.2023-cü il tarixli, 3-17/3-9-533/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q- 16343/2023 nömrəli qərarların qəbulu, habelə bu qərar əsasında iddiaçıya ödənilməli olan əlilliyə görə əmək pensiyasının bərpa edilməməsi hərəkətləri qanunsuzdur və bunun nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, iddia əsaslı sayılır.
45. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
46. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
47. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
48. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
49. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
51. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 715/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-885/2023 saylı, xx.xx.2023cü il tarixli, 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları, 2-1(102)-2090/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-600/2025 xx.xx.2025 qərardadlarında yuxarıda qeyd edilən mövqe oxşar mövqe əks etdirilmişdir.
52. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17/3-9-533/2023 nömrəli və xx.xx.2023cü il tarixli 3-17-1/1-Q-16343/2023 nömrəli qərarları əlverişsiz inzibati akt kimi ləğv olunduğu halda, iddiaçıya əlilliyin yenidən təyin edildiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
53. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17/3-9-533/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3- 17-1/1-Q-16343/2023 nömrəli qərarları ləğv edilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
54. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin.
Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17/3-9-533/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-16343/2023 nömrəli qərarları ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanmaqla bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov