Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1510/2020 21.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Ağdam Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağdam Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8) qarşı Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamının və həmin sərəncam əsasında X2 adına verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Ağdam Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 183 nömrəli sərəncamı ilə Ağdam rayonu, Ergi ərazisində maldarlığın inkişafı məqsədi ilə ona 15 il müddətinə 60 ha torpaq sahəsi verilmişdir. Həmin sərəncam əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5 mülkiyyət hüquqlarını qeydə aldıraraq JN-82xx xxx 60900001 nömrəli “Torpaqdan müvəqqəti İstifadə hüququna dair” şəhadətnamə də almışdır. O, sözügedən torpaqdan 2 il istifadə etdikdən sonra yəni, 2007-ci ildə başqa şəxslər tərəfindən əkilib-becərilməyə başlanmışdır. Həmin şəxsləri torpaqdan çıxarmaq üçün danışıqlar aparsa da, heç bir nəticəsi olmamışdır. Bu günlərdə isə yenidən ona məxsus torpaq sahəsi hazırki iş üzrə üçüncü şəxs X6 tərəfindən əkilmişdir. Bunun səbəbin öyrəndikdə isə ona məlum olmuşdur ki, cavabdeh Ağdam Rayon İcra Hakimiyyətinin başçısı X3 Fərmanı əsasında işdən çıxarılması barədə məlumat aldığı gün, yəni sərəncam verməyə səlahiyyəti olmadıqdan sonra xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamı əsasında həmin torpaq sahəsini və əlavə olaraq 90 ha olmaqla, ümumilikdə 150 ha torpaq sahəsini öz bacısı oğlu X2 adına vermiş və bu barədə xx.xx.2014-cü il tarixli, 42 nömrəli “Torpaq sahəsinin icarəyə yerilməsi haqqında” 15 il müddətinə icarə müqavilə imzalanmışdır.Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamı əsasında cavabdeh X6 150 ha torpaq sahəsi üzərində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5 mülkiyyət hüquqlarını qeydə aldıraraq xx.xx.2018-ci il tarixdə RX ******* və RX ******* saylı çıxarışlar almışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yanaşı, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7 vəkil sorğusu əsasında verilən cavabdan sonra ona məlum olmuşdur ki, onun torpağı başqa şəxslərin istifadəsinə verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, tərəfindən prosessual müddətin ötürülməsinə səbəb hüquqi savadsızlığıdır və bu üzürlü hesab edilməlidir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbininvə prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamı ilə ona verilmişdir və həmin tarixdən hazıradək onun istifadəsindədir. Həmin torpaq sahəsinin onun istifafəsində olması iddiaçıya əvvəlcədən məlum olmuşdur. Odur ki, prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli, 91 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Ağdam rayonu Xıdırlı kənd sakini X4 Ergi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 150,0 hektar torpaq sahəsinin 15 (on beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Hazırkı iddia tələbində iddiaçı, Ağdam rayonu, Ergi kəndində yerləşən torpaq sahəsinin X4 15 il müddətinə icarəyə verilməsinə dair Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamını mübahisələndirilmiş və həmin iddia verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamından əvvəlcədən məlumatlı olmuş, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında da qeyd etdiyi kimi torpaq sahəsinin digər şəxslər tərəfindən əkildiyini bilmişdir. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən sərəncamı-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Ağdam Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Ağdam Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1510/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1510/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver