Məhkəmə qərarları › İş №2-1(114)-1510/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1510/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1510/2024 23.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun hərbi xidmətdə olarkən yoluxduğu ağır və sağalmaz xəstəliyə görə dəymiş maddi zərər 2013-cü ildən 2023-cü ilin hal-hazırki vaxtınadək Azərbaycanda minimum aylıq əmək haqqı kimi hesablanmış 26580 manat məbləğində maddi zərərin, onun müayinələri tam aparılmadığından, xəstəliyinin irəliləyərək əlilliyə gətirib çıxarmasını nəzərə alaraq sağlamlığına dəymiş 200000 manat zərərin, psixoloji istirablara görə 30000 manat məbləğində mənəvi zərərin ödənilməsini barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçının hazırkı tələbi maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir və iddianın mümkün sayılması üçün İPM-in 8.1.4-cü maddəsində nəzərdə tutulmuş aidiyyət qaydalarına riayət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara... Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi ünvan isə Bakı şəhəri, Parlament prospekti, 3 ünvanıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Cavabdehin yerləşdiyi Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar