Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1510/2025 17.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Eivin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
2. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayış və Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X2 şəhəri, Nizami rayonu, H.Ə.Hüseynzadə küçəsi, döngə 1, ev 8, mənzil 2 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. II. Məhkəmədə icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə mülkiyyət hüququ AR DƏDRX-in RX seriyalı ********** qeydiyyat nömrəli, **********20-05101-093001 reyestr nömrəli çıxarışına əsasən İddiaçı məxsusdur. X1 qeyd olunan ünvanın keçmiş sakinidir. O başqa ünvana köçmüş və artıq uzun müddətdir ki, E.S.İsmayılovun adına olan mülkiyyətində yaşamırlar. Onu da qeyd edir ki, cavabdehin faktiki yaşayış ünvanı mülkiyyətçiyə məlum deyil. Cavabdehin mülkiyyətçinin istifadəsində olan mülkiyyətində olan mənzilində pasport qeydiyyatında qalmaları mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Həmçinin cavabdehin mülkiyyətçiyə məxsus mülkiyyətində pasport qeydiyyatında dayanmasına görə məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. O, etibarnamə üzrə verilmiş səlahiyyətlərə əsasən İddiaçı adından cavabdehi ünvan 1 ünanından qeydiyyatdan çıxarılması üçün Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir, lakin məktubda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, "şəxs yaşayış sahəsində çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır".
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
11. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
14. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Lakin məhkəməyə təqdim olunmuş iddia ərizəsində səlahiyyətsiz şəxs - X5 iddiaçı kimi qeyd olunmuş və iddia ərizəsini o, imzalamışdır.
15. İPM-in 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra MPM) görə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
17. MPM-in 19-cu maddəsinin “Qeyd” hissəsinə görə isə, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.
18. Göründüyü kimi, iddia ərizəsi iddiaçının özü və ya onun qanunda nəzərdə qaydada səlahiyyətli nümayəndəsi tərəfindən imza edilməmişdir.
19. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2024cü il tarixdə sərəncam göndərilərək, qeyd olunan mənzilin İddiaçı adına olduğu, lakin məhkəməyə təqdim olunmuş iddia ərizəsində səlahiyyətsiz şəxsin iddiaçı kimi qeyd olunduğu və iddia ərizəsini imzaladığı bildirilməklə, evin mülkiyyətçisi tərəfindən qaldırılmış iddia ərizəsinin məhkəməyə təqdim olunması təklif edilmiş və bununla əlaqədar qeyd edilən xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş və xətaların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı isə həmin müddət daxilində sərəncamın tələblərinə əməl edilməmişdir.
20. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
21. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva