Məhkəmə qərarları › İş №2-1(114)-1511/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1511/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1511/2022 22.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin idarənin xx.xx.2021-ci il tarixli məktubu ilə döyüş əməliyyatları aparılan zaman xidməti yerini özaşına tərk etmə faktı olduğuna üçün tələbi təmin edilməmişdir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdə hərbi səfərbərliyə çağırılmış və N saylı hərbi hissəyə xidmət etmək üçün təyin edilmişdir. Fizuli rayonunun ermənilərlə həmsərhəd kəndləri uğrunda gedən döyüşlədə iştirak etmişdir. xx.xx.1994-cü il tarixdə xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün Ağstafa rayon xəstəxanasına göndərilmişdir. Müalicədən qayıtdıqdan sonra yenidən xidmətə başlamış, xx.xx.1994-cü il tarixində ordu sıralarından təxris olmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmiş, ancaq Nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ofiq oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, ona müharibə veteranı statusunun verilməsinə dair iddia tələbinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021cu il tarixli, 1/71-11397 nömrəli məktubu ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/71-11397 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-2910 nömrəli Arxiv Arayışı, Azərbycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 502 nömrəli arayışı və xx.xx.2022-ci il tarixli 506 nömrəli qeydiyyat kartasının surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 120-152449- 1222 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli 11/1809 nömrəli etiraz məktubu, Azərbaycan Respublikası Müdafoə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-4575 nömrəli məktubu təşkil edir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. - 1991 -ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteram» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Belə ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarışları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2018-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/71-11397 nömrəli məktubundan görünür ki, təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı döyüş əməliyyatları aparılan zaman xidməti yerini özbaşına tərk etmə faktı olduğuna üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-4575 №-li məktubundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əsas: səh-25, sıra-24) Akstafa RHK-dan çağırılmış, 1966-cı il təvəllüdlü sıravi X1 hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, 6-cı MAT-da atıcı , vəzifəsinə təyin olunması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, hərbi hissə komandirinin xx.xx.1996-cı il əmri il tarixli 48№-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N saylı Hərbi hissə komandirinin fevral-mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahhısıa salınmas aşkar olunmamışdır. 6-cı MAT-ın hərbi qulluqçusu, Akstafa RHK-dan çağırışçısı, tank bölüyünün əsgəri İddiaçı hərbi hissəni bir aydan artıq tərk etdiyin üçün, N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 164 №-li şttdan kənar və təminatlardan azad edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 164 №-li əmriləTank bölüyünün əsgəri İddiaçı müalicədən qayıtmış hesab edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 194 №- əmrilə (əsas: səh-49, §-5, sıra-36 əmrdə hərbi rütbəsi “çauş” yazılmışdır) Ağstafa RHK-nın çağışçısı 1966-cı il təvəllüdlü çavuş İddiaçı tank komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 268 №-li əmrilə (əsas: səh-72, §-5, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) Tank bölüyünün əsgəri, çavuş İddiaçı tank komandiri vəzifəsindən azad edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 302 №-li əmrilə ( əsas: səh-5, §-2, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) Tank bölüyünün əsgəri, çavuş İddiaçı tutduğu vəzifədən azad edilərək tank komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 48 №-li əmrində (əsas: §-2, səh-122) hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq, qulluq etdikləri müddət sayılmamaq şərti ilə hərbi qeydiyyat sənədlərinin hərbi komissarlıqlara göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 48 №-li əmrinin 2-ci paraqrafına əlavədə (əsas: §-2, səh-1113) xx.xx.1994-cü il tarixdə Akstafa RHK-dan çağırılmış, 1966-cı il təvəllüdlü, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədlərinin N №-li hərbi hissəyə göndərilməsi qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı hərbi hissəni özbaşına tərk etməsi və qanuni əsaslarla tərxis olunmaması olmuşdur. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, istər iddia ərizəsində, istərsə də məhkəmə araşdırılması zamanı toplanmış sənədlərdə iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmamışlır. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçı X2 ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı Mbrzəli oğlunun iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı Mbrzəli oğlu iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Nətİcəvİ h İ s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar