Məhkəmə qərarları › İş №2-1(114)-1512/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1512/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1512/2022 04.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1957-ci il tarixdə Goranboy rayonunda Dəliməmmədli qəsəbəsində anadan olmuşdur. İddiaçı xx.xx.1974-cü il tarixli, 251-KŞ nömrəli əmrə əsasən xx.xx.1974-cü il tarixdən Kirovabad şəhəri S.Ordjonikidze adıa Toxuculuq kombinatının Toxuculuq istehsalatına tərəzi çəkən vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli, 17-KŞ nömrəli əmrə əsasən xx.xx.1975-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixli 83 nömrəli əmrə əsasən xx.xx.1979-cu il tarixdən Toxuculuq istehsalatına usta köməkçisi şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 238 nömrəli əmrə əsasən xx.xx.1979-cu il tarixdən usta köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixli, 194- KŞ nömrəli əmrə əsasən xx.xx.1982-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərərək “Qaz İxrac” İdarəsinin Qazax Magistral Qaz Kəmərləri sahəsi arasında bağlanmış 11 iyul 2017-ci il tarixli, 66 nömrəli xidmət müqaviləsinə əsasən xətt baxıcısı xidmətini göstərmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 16 manat, xx.xx.2019-cu il tarixdə 27,3 manat, xx.xx.2019-cu il tarixdə 22 manat, xx.xx.2019-cu il tarixdə 108 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2020-ci il tarixdə 63 manat, xx.xx.2020-ci il tarixdə 62 manat, xx.xx.2020-ci il tarixdə 139 manat, xx.xx.2020-ci il tarixdə 21 manat, xx.xx.2020-ci il tarixdə 23 manat məcburi dövlət sosial sığorta haqları ödəmişdir. İddiaçı pensiya təyinatı ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Sonuncu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda bildirilir ki, fərdi hesabın sığorta hissəsində xx.xx.2018-ci ilədək pensiya kapitalı qeydə alınmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.1-ci maddəsini tətbiq etməklə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “iddianın dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə pensiyaya çıxmaq hüququ 2022-ci ilin yanvar ayının 11-də yaranmışdır. Həmin vaxtı o, yaşa görə pensiyaya çıxmaq üçün lazım olan sənədlərini, eləcə də 10 iyul 2017-ci ildən hal-hazıra kimi Goranboy rayonunda ********** nömrəli VÖEN əsasında Qazax magistral X5 xətt baxıcısı kimi əmək haqqını özündə əks etdirən Azərbaycan Beynəlxalq Bankından aldığı çıxarışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edərək mövcud qanunvericiliyin tələbinə görə 01 iyul 2018-ci il tarixə kimi fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olduğuna görə ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtina vermişdir. Həmin imtinada göstərilir ki, “fərdi hesabınızın sığorta hisəsində xx.xx.2018-ci ilədək pensiya kapitalı qeydə alınmadığından sizə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1.1-ci maddəsini tətbiq etməklə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmadığını bildiririk”. Cavabdeh orqanın əməkdaşları bildirir ki, işlədiyin müəssisə əmək haqqından DSMF-yə sosial ödəniş etməyib. Bu hal ona aydın deyildir. Əmək haqqı almışdırsa, sosial ödənişləri müəssisə özü vaxtında ödəməli idi. Qeyd edir ki, iddiaçı hələ SSRİ dövründə 1974-cü ilin sentyabr ayından, 1975-ci ilin may ayına kimi X3 fəhlə işləmiş, 1975-ci ilin may ayından, 1977-ci ilin may ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. 1978-ci ilin avqust ayından, 1983-cü ilə kimi X3 usta köməkçisi, 1983-cü ildən, 1988-ci ilə kimi Goranboy rayonunun Dəliməmmədli şəhərində Taxıl Tədarükü məntəqəsində çilingər, 1988-ci ildən, 1999-cu il tarixə kimi kənd təsərrüfatı tədarükü və satışı ilə məşğul olan "Afaq" kooperativində mühasib işləmişdir. 10 iyul 2017-ci ildən hal-hazıra kimi Goranboy rayonunda ********** nömrəli VÖEN əsasında Qazax magistral X5 xətt baxıcısı işləyir. Əmək kitabçasını naməlum şəraitdə itirdiyinə görə cavadehə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun həmin imtinasını qanunsuz və əsassiz hesab edir. Belə ki, həmin imtina ilə onun Konstitusiyada təsbit olunmuş yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 2018-ci ildə əmək müqaviləsi bağladıqdan sonra ona 200 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olduğu bildirilmiş və həmin məbləğ işlədiyi müəssisə tərəfindən ödənilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli **********9 nömrəli etirazla münasibət bildirmiş və etiraz qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşının tamam olmasına baxmayaraq, 25 il sosial sığorta stajının olmaması, fərdi hesabın sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan minimum pensiya kapitalının mövcud olmaması, həmçinin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olmadığı üçün onun müraciətinin həlli mümkün olmamışdır. İş materiallarına əsasən, iddiaçı iddia ərizəsində 1974-1999-cu illərdə müxtəlif müəssisələrdə işlədiyini, lakin əmək kitabçasını naməlum şəraitdə itirdiyi üçün inzibati orqana təqdim edə bilmədiyini qeyd etmiş və həmin illərdə işlədiyini təsdiq edəcək hər hansı başqa sənəd də təqdim etməmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan minimum pensiya kapitalının (34560 manat) mövcud deyildir. İddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Beynəlxaq Bankının hesabdan çıxarışı onun xidmət müqaviləsinə əsasən xidmət haqqı (muzd) aldığını təsdiq etsə də, sosial sığorta haqqı ödədiyini təsdiq etmir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavabda iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixləri arasında məcburi dövlət sosial sığortası üzrə ödənişlərin xx.xx.2018-ci il tarixdən başladığı görünür. Həmin ödənişlərinin əvvəlki dövrə, yaxud həmin dövrə aid olmasından asılı olmayaraq ödənildiyi tarixlər həmin sorğuya cavabda göstərilən cədvəldə qeyd edilmiş tarixlərdir. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək iddiaçı tərəfindən heç bir sosial sığorta haqqı ödənilməmiş və bu səbəbdən onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeyd olunmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, azı 25 il sığorta stajına malik deyil və Qanunun 22-1.1-ci maddəsinə əsasən,avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılması üçün onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı movcud deyildir.. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17.03.201-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. - Azərbaycan Beynəlxalq Bankının Gəncə filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iddiaçının hesabdan çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən 200 manat pul vəsaiti DSMF Goranboy şöbəsinin hesabına ödənilmişdir. - SOCAR “Qaz İxrac” İdarəsinin xx.xx.2022-ci il tarixli DOCAR**********30490075X00157 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xidmət haqqı ödənilmişdir. Ödənilən xidmət haqqından heç bir tutulma aparılmamışdır. - 12 saylı Ərazi vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********294900 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018ci il tarixdə 16 manat, xx.xx.2019-cu il tarixdə 27,3 manat, xx.xx.2019-cu il tarixdə 22 manat, xx.xx.2019-cu il tarixdə 108 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2020-ci il tarixdə 63 manat, xx.xx.2020-ci il tarixdə 62 manat, xx.xx.2020-ci il tarixdə 139 manat, xx.xx.2020-ci il tarixdə 21 manat, xx.xx.2020-ci il tarixdə 23 manat məcburi dövlət sosial sığorta haqları ödəmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17.03.201-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemindən əldə edilən məlumatlarda iddiaçı tərəfindən 2017-ci ilin İİİ-İV, 2018-ci ilin İ-İİ rübləri üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər aşkar edilməmişdir. “MEİS”-in “Sığorta (Hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən iddiaçı tərəfindən 2017-ci ilin İV, 2018-ci ilin İ, İİ rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda onun məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin rüb ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 43 nömrəli arxiv arayışında iddiaçının işə girmə və işdən azad edilməsi barədə məlumatlar, xx.xx.2022-ci il tarixli, 15 nömrəli arayışında isə aldığı əmək haqların məbləği əks olunmuşdur. - Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 36 nömrəli məktubunda qeyd olunur ki, Goranboy rayon Dəliməmmədli şəhər Taxıl Tədarük məntəqəsinin və “Afaq” kooperativinin şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Goranboy Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, C-534 nömrəli məktubuna əsasən 1988-1999-cu illərdə kənd təsərrüfatı tədarükü və satışı ilə məşğul olan “Afaq” kooperativinin fəaliyyət göstərib-göstərməməsi, habelə fəaliyyəti barədə Goranboy Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. - НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 22.1.1-ci maddəsinin tətbiqi ilə bağlıdır. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsi Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 11 yanvar 2022-ci il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İddiaçı iddia edir ki, o, 2017-ci ilin iyul ayından əmək fəaliyyəti ilə məşğul olmuş, həmin tarixdən məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borc 2018-ci ilin oktyabr ayında ödənilmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaların 3.1-ci bəndinə əsasən qeyrikommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. 7.2-ci bəndinə əsasən Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” Qaydaların 2.4-cü bəndinə əsasən Тəsərrüfat subyekti olmayan sığortaedənlər olduqları (hüquqi ünvan) ərazi üzrə DSMF orqanlarında uçota durmalıdırlar. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən yalnız 2018-ci ilin oktyabr ayından etibarən məcburi dövlət sığorta haqqı ödənilmişdir. Bu hal iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmamasına dəlalət edir. Göründüyü kimi, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan şərtləri ödəmədiyindən qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar