Məhkəmə qərarları › İş №2-1(114)-1512/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1512/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1512/2024 28.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum haqqında 20 fevral 1956-cı il tarixli akt qeydində ata qrafasında düzəliş edilməsini, X2 onun atası kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk onun mərhum atası Zaman Həsənova məxsus olmuş, Zaman Həsənovun 4 övladı olmuşdur: Raxşəndə, Müsabir, Üzeyir, Məhbubə. Onun atası X4 27 sentyabr 2000-ci ildə vəfat etmiş, onun vəfatından sonra o, vərəsəliyi faktiki qəbul etmişdir. Onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında X5, ana qrafasında X3 göstərilmişdir. X7 Tağıyeva Şökət 08 yanvar 1959-cu ildə evlənmişlər, nikahdan sonra qadına Həsənova soyadı verilmişdir. Ona verilən doğum şəhadətnaməsində verilmə tarixi 20 fevral 1956-cı il göstərilmişdir. O, atasından miras qalmış mülklə bağlı məhkəmə mübahisəsi zamanı arxivdə olan doğum haqqında akt qeydində ata qrafasının boş olduğunu öyrənmişdir. Bundan sonra o, Cavabdehnə müraciət etdikdə akt qeydində ata haqqında məlumat bölməsində düzəliş aparılaraq ata haqqında məlumatların əlavə olunmasından imtina edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 28 avqust 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, lakin cavabdeh nümayədəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil edir: -iş materiallarına əlavə edilmiş iddiçıya məxsus 057562 nömrəli “Doğum haqqında” Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə, Samux rayonunda doğulmuşdur. -iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5-8-32-18/23 nömrəli məktubda qeyd edilmişdir ki, doğum haqqında akt qeydi 20 fevral 1956-cı ildə Samux rayon Yenikənd icra nümayəndəliyində tək ananın ərizəsinə əsasən tərtib olunmuş və tərtib olunarkən ata haqqında məlumat bölməsində heç bir qeyd aparılmamışdır. Hazırda iddiaçının təqdim etdiyi sənədlər əsasında onun barəsində Yenikənd kənd icra nümayəndəliyində tərtib olunmuş 20 fevral 1956-cı il tarixli 21 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumat bölməsinə düzəliş aparılaraq ata haqqında məlumatların əlavə olunmasına əsas olmadığından müraciətinin icrasından imtina edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xxxx/2024 nömrəli məktuba əlavə edilmiş İddiaçı barəsində xx.xx.1956-cı il tarixdə Samux rayon Yenikəndə sovetliyində tərtib olunmuş 21 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı anası qrafasına X1 adı qeyd edilmiş, atası qrafası isə boş buraxılmışdır. -iş materiallarına əlavə edilmiş X4 və Həsənova (Tağıyeva) Şökət Abbas qızının Evlənmə haqqında akt qeydindən görünür ki, 08 yanvar 1959-cu il tarixdə nikaha daxil olmuşlar. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1956-cı il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının ata adı qrafası boş buraxılmış, həmin tarixdə tərtib edilmiş doğum haqqında şəhadətnamədə isə iddiaçının atası kimi “Zaman” adı qeyd edilmişdir. İddiaçı doğum haqqında akt qeydində ata adı qrafasına atası X2 adının qeyd edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərin onun barəsində Yenikənd kənd icra nümayəndəliyində tərtib olunmuş 20 fevral 1956-cı il tarixli 21 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumat bölməsinə düzəliş aparılaraq ata haqqında məlumatların əlavə olunmasına əsas olmadığından müraciətinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarının 1-ci bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. -159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, iddiaçının müraciətinin icrasından imtina etmiş cavabdeh inzibati orqan buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarını qanunvericiliyin konkret müddəalarına istinad edərək əsaslandırmalı olduğu halda, cavabdeh orqan yalnız sözügedən doğum haqqında akt qeydinin 20 fevral 1956-cı ildə Samux rayon Yenikənd icra nümayəndəliyində tək ananın ərizəsinə əsasən tərtib olunduğunu və iddiaçının təqdim etdiyi sənədlərin onun barəsində Yenikənd kənd icra nümayəndəliyində tərtib olunmuş 20 fevral 1956-cı il tarixli 21 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumat bölməsinə düzəliş aparılaraq ata haqqında məlumatların əlavə olunmasına əsas olmadığını əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının ad, soyad, ata adı və təvəllüdünü özündə əks etdirən bütün sənədlərdə iddiaçının ata adı kimi “Zaman” adı qeyd edilmişdir. Lakin, doğum haqqında akt qeydində ata adı qrafası boş buraxılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası kimi gətirdiyi arqument əsaslı sayılmamalı, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı məxsus xx.xx.1956-cı il tarixli doğum akt qeydinin ata adı qrafasında “X4” adının qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.1956-cı il tarixli doğum akt qeydinin ata adı qrafasında “X4” adının qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar