Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1512/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2015/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-287/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismın təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2015/2022 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 03 mart 2022ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1771/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır.
4. Əlillik haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-1079/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-4/2-2874/2025 nömrəli cavab məktublarında bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-287/2023 nömrəli qərarı icra edilərək, İddiaçı xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X5rşı pensiyanın müddətsiz olması öhdəliyinin cavabehin üzərinə qoyulması təqaüdün müddətsiz olması ilə bağlı barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər sakinidir, xx.xx.1991 cu il təvəlüdlüdür. Atası X2 şəhər sakinidir, xx.xx.1961 ci il təvəllüdlüdür. 1986-ci ildə Çernobıl AES qəzasının ləğvi işlərində dərindən iştirak etmişdir və qəzanın ləğvi işlərində əlil olmuşdur. O, atasının Çernobılda olması ilə əlaqədar 2-ci dərəcəli əlilliklə qiymətləndirilmişdir. Uzun illərdir əlillikdən (ümumi əlillikdən) və asma bronxit xəstəliyindən tez-tez tutmalarla əziyyət çəkir. Uzun illərdir xəstəliyi ilə əlaqədar aldığı təqaüd hesabına daima müalicə olunurdu. Atası xx.xx.2006-cı ildə Çernobıldan aldığı xəstəliklərdən uzun illər əziyyət çəkdikdən sonra rəhmətə getmişdir. O, uzun illərdir təqaüd almağına baxmayaraq 2021-ci il fevral ayında Gəncə şəhər ərazi poliklinikasında yoxlanış təyin edərək əlilliyini ləğv etmişdilər. Əlilliyin ləğvini onunla əsaslandırmışdılar ki, asma-bronxit xəstəliyi ilə əlaqədar Bakı şəhər X6 müayinə olunmalıdır. Müayinə olunduqdan sonra sənədləri toplayaraq yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Bütün bunlara baxmayaraq əlilliyini yenidən ləğv etdilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
10. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
11. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, eyni predmet və eyni əsaslar üzrə iş üzrə icraata bir dəfə baxılmış, Ali Məhkəmənin yekunlaşmış, tam qanuni qüvvəyə minmiş və icra edilmiş qərarı da vardır. Bu səbəbdən iş üzrə icraatı mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Daha sonra cavabdehin iddiaya qarşı yeni etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçının müddətsiz əlilliyi mövcuddur. Belə olan halda iddianın qeyri-mümkün hesab edilməsini xahiş etmişdir.
14. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-287/2023 nömrəli qərarı ilə ona 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar icra edildikdən sonra TSEK-in təyinat qərarında əlilliyin hansı müddətə təyin edildiyi və növbəti müayinə tarixi barədə heç bir qeyd aparılmamışdır. Daha sonra o, X1 Sistemindən əlillik haqqında arayış əldə edərkən orada əlilliyinin müdətsiz təyin edildiyini görmüşdür. Bu ziddiyyəti aydınlaşdırmaq üçün yerli TSEK-ə yaxınlaşmış və orada ona bildirmişlər ki, əlillik haqqında arayışda “müddətsiz” kimi qeyd edilsə də, ona əlillik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə müvafiq olaraq 5 il müddətinə təyin edilmişdir və həmin müddət bitdikdən sonra yenidən qiymətləndirilməyə cəlb ediləcəkdir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-287/2023 nömrəli qərarının nəticə hissəsində ona əlilliyin hansı müddətə təyin edilməsi qeyd edilmədiyindən əlillik ona müddətsiz təyin edilməli idi.
Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
18. iş materialları ilə müəyyən edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2015/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-287/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2015/2022 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1771/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır.
19. İddiaçı öz tələbində ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
20. Cavabdeh orqan eyni predmet və eyni əsaslar üzrə iş üzrə icraata bir dəfə baxıldığını, qərarın tam qanuni qüvvəyə mindiyini və icra edilmiş qərarın olduğunu, habelə iddiaçının müddətsiz əlilliyinin mövcud olduğunu bildirməklə, iddianın qeyri-mümkün hesab edilməsini xahiş etmişdir.
21. İddiaçı tələbinin faktiki əsası kimi o hala istinadla ona müddətsiz əlilliyin təyin edilməsi tələbini irəli sürür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-287/2023 nömrəli qərarı ilə ona 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın nəticə hissəsində ona əlilliyin hansı müddətə təyin edilməsi qeyd edilmədiyindən həmin qərar icra edilərkən əlillik ona müddətsiz təyin edilməlidir.
22. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əlilliyin bərpası tələbinə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)- 287/2023 nömrəli qərarı iddiası qismən təmin edilərək, ona 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur.
23. Həmin qərarın 41-ci bəndində məhkəmə qeyd etmişdir ki, “Göründüyü kimi, iddiaçıya ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 ildən artıq müddətə təyin edilməmiş, bu səbəbdən də tətbiq edilən normanın tələblərinə uyğun olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi istisna edilir.”
24. Yəni, iddiaçının iddia etdiyi kimi məhkəmə qərarı ilə ona müddətsiz əlillik təyin edilməmiş, əksinə məhkəmə qərarının əsaslandırıcı hissəsində ona əlilliyin müddətsiz təyin edilməsinin istina edildiyi qeyd edilərək, iddiası qismən təmin edilmişdir.
25. Lakin buna baxmayaraq, cavabdeh orqan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-287/2023 nömrəli qərarını icra edərək, İddiaçı xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparmışdır (məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-1079/2025 nömrəli cavab məktubu).
26. X1 Sistemindən əlillik haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
27. Göründüyü kimi, hazırda iddiaçının ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyi mövcuddur.
28. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququnun pozulması halı müəyyən edilmir. İddiaçı isə cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini əsaslandıra bilməmişdir. Bununla da iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.
29. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddia etdiyi hal həqiqətən mövcud olmuş olsaydı, yəni məhkəmə qərarı ilə iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda, qərarın icrası zamanı əlilliyin müddətli təyin edilməsi halı olsaydı belə, bu halda iddiaçı öz hüquqi marağını ayrıca iddia icraatı şəklində deyil, məhkəmə qərarın məcburi icrası qaydasında təmin etməli idi.
30. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
31. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva