Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1515/2020 26.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X15, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********50732 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixdə qərar qəbul edərək ona məxsus Samux rayonu, Kolayır kəndində yerləşən istixanada tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsində, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti müfəttişləri Adil Şükürov və Nicat Əhmədov tərəfindən həyata keçirilməsini tapşırmışdır. Cavabdeh həmin gün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 42 və 50-ci maddələrini əsas tutaraq operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə verərək 1(bir) iş günü müddətində idarəyə sənədlərin təqdim edilməsini bildirmişdir. Göstərilən müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair ********** saylı VÖEN-i və obyektdə fəaliyyət göstərən 18 nəfər işçinin siyahısını təqdim edərək, onların əmək haqqları, lazımi vergilər və DSMF ayırmaların ödənilməsinə dair məlumat vermişdir. Buna baxmayaraq vergi nəzarəti müfəttişləri Adil Şükürov və Nicat Əhmədov tərəfindən istixanada 12 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının aşkar olunması barədə sadə yazılı formada xx.xx.2020-ci il tarixli nömrəsiz akt yazmışlar. Həmin akta imza etməkdən imtina edərək göstərilən işçilərin Gəncə şəhəri, Kəpəz rayonunda yaşayan X6 tərəfindən gətirildiyini və alqı-satqı müqaviləsinin şərtlərinə görə alacağı tərəvəzlərin istixanada özləri tərəfindən seçilərək yığacaqlarını bildirmişdir. Eyni zamanda istixanada əmək müqaviləsi ilə fəaliyyət göstərən 18 nəfər işçi olduğu halda əlavə 12 nəfərin cəlb edilməsinə eytiyac olmadığını müfəttişlərin nəzərinə çatdıraraq oranın cəmi 50 kv.metr sahədən ibarət olduğuna görə 30 nəfərin birlikdə fəaliyyət göstərməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Bundan sonra vergi nəzarəti müfəttişləri xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində “sənədlər təqdim olunmadı” qeyd etməklə 025507 nömrəli akt tərtib edib, orada obyektdə yerinə yetirilən işlər usta, sürücü, yığım göstərərək cəlb olunmuş 29 nəfər fiziki şəxsdən 12 nəfəri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edildiyini və barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsini təklif etmişlər. Həmin aktda eyni zamanda vergi ödəyicisinin ərazisinə baxış keçirilmədiyi göstərilmişdir. Aktda göstərilən şəxsləri tərəvəz yığımı məqsədi ilə istixanaya dəvət edən X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli həmin şəxslərin onun tərəfindən dəvət edilməsinə dair yazdığı ərizəni cavabdeh idarəyə təqdim etsə də, göstərilən şəxsləri dəvət etmədən və onların izahatı alınmadan xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək 24000 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edir ki, cavabdeh həmin maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, o, qanunda nəzərdə tutulmuş qaydada fərdi sahibkar kimi Samux rayonu, Kolayır kəndində yerləşən istifadəsində olan istixanada işləmək üçün 18 nəfər şəxslə əmək müqaviləsi bağlayaraq tərəvəz yetişdirir və lazımi vergiləri müəyyən olunmuş müddətdə ödəyir. Buna görə də, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********50732 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) X23 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********50732 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X18 iddia tələbinə etiraz edərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********8978 nömrəli, xx.xx.2020-cu il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus istixanada Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi istiqamətində xx xxx 2020-ci il tarixdə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Keçirilmiş yoxlama zamanı vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus istixanada Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində 12 nəfər fiziki şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020 tarixli **********0732 saylı qərarı ilə vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 24000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X6 ifadə verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ilə sonuncudan pomidor alınması razılığına gəlmişlər. O, pomidorların qablaşdırılması məqsədilə günəmuzd çalışmaları üçün Samux rayon Nəbiağalı qəsəbə sakini X16, Samux rayon Sərkar kənd sakinləri X1, X10, X7, X8, X11, Şəmkir rayon sakini X12, Samux rayon Qarayeri qəsəbə sakinləri X13, X4, Samux rayonu Əhmədbəyli kənd sakini X17, Gəncə şəhər sakini X14 dəvət etmiş, onlar ilə birlikdə saat 17:00-18:00 radələrində İddiaçı məxsus obyektə (istixanaya) gəlmişlər. Saat təxminən 22:00 radələrində vergi orqanının əməkdaşları yoxlama aparılması üçün obyektə gəlmişlər. Həmin əməkdaşlar onun sürücü, digər günəmuzd işləyən işçilərin isə İddiaçı işçiləri kimi qeyd edilməsini təklif etmişlər, o isə razı olmamışdır. Vergi orqanının əməkdaşları həmin vaxt orada akt tərtib etmişlər. Bundan sonra o, izahatının alınması üçün cinayət işi ilə əlaqədar vergi istintaq şöbəsinə çağırılmış, orada da öz izahatında hazırda bildirdiklərini qeyd etmişdir. Həmçinin ifadəsində qeyd etmişdir ki, vergi orqanına bu barədə ərizə də təqdim etmişdir. O, vergi orqanı tərəfindən qeyd edilmiş 12 nəfər işçini özü ilə gətirmişdirş Məhkəmə iclasında şahid qismində dinidirilmiş X7 ifadə verərək bildirmişdir ki, İddiaçı tanımır, onun işçisi deyil. Bazarda “Qazel” markalı avtomobili var, günəmuzd işləyir. X3 tanıyır, o, pomidorların qablaşdırılması məqsədilə onu İddiaçı istixanasına dəvət etmiş və xx.xx.2020-ci il tarixdə birlikdə oraya getmişlər. Axşam saatlarında vergi orqanının əməkdaşları yoxlama aparılması üçün obyektə gəlmişlər, ona İddiaçı işçisi olması kimi izahat verməsini təklif etmişlər, lakin o razılaşmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir (həmin sənədlərin məzmununa istinad edilir): “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********50732 nömrəli qərarı; Məsuliyyət qərarının və tələbnamənin iddiaçıya göndərilməsi haqqında məktub; Vergi borcunun,faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********0733 nömrəli tələbnamə; X2 xx.xx.2020-ci il tarixli, **********471 nömrəli ərizəsi; xx.xx.2020-ci il tarixli, 025507 nömrəli aktın və ona əlavənin surətləri; Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********8978 nömrəli qərar; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış; Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2020-ci il tarixli, **********8979 nömrəli tələbnamə. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********8978 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı (VÖEN **********) məxsus obyektdə (istixanda) operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə Azərbaycan Respublikası Əmək Məsəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli, 025507 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********50732 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 24000 (iyirmi dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə İddiaçı ilə X6 arasında şifahi bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, X6 iddiaçının işçiləri olmayan və vergi orqanı tərəfindən onun işçiləri kimi qeyd edilmiş Samux rayon Nəbiağalı qəsəbə sakini X16, Samux rayon Sərkar kənd sakinləri X1, X10, X7, X8, X11, Şəmkir rayon sakini X12, Samux rayon Qarayeri qəsəbə sakinləri X13, X4, Samux rayonu Əhmədbəyli kənd sakini X17, Gəncə şəhər sakini X14 alacaqları tərəvəzlərin istixanada özləri tərəfindən seçilməsi üçün dəvət etmişdir. Həmin şəxslər İddiaçı işçiləri olmadığından onlarla əmək müqaviləsi bağlanmamışdır. Eyni zamanda şahid ifadələrindən də göründüyü kimi vergi orqanın İddiaçı işçiləri kimi qeyd etdiyi 12 nəfər fiziki şəxs günəmuzd işçilər olaraq pomidorların qablaşdırılması məqsədilə İddiaçı məxsus istixanada olduqlarından, onlarla əmək müqaviləsi bağlanmaması halı hüquq pozuntusu hesab edilə bilməz. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hal isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********50732 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0732 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1515/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1515/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver