Məhkəmə qərarları › İş №2-1(114)-1516/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1516/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1516/2023 04.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 9/2-252 nömrəli arxiv arayışına əsasən, N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlarla təmin olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 5 nömrəli əmri ilə İddiaçı hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 93 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək, siravi hərbi rütbəsi verilməklə tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 2003-cü il tarixli nizami hissə üzrə əmrləri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır.

2. Bərdə Rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 4/418 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1993-cü il tarixdə Bərdə RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, əvvəlcə N saylı hərbi hissədə xidmət etmiş, sonra xidmətini davam etdirmək üçün Fizuli rayon ərazisində yerləşən N saylı hərbi hissəyə köçürülmüş və həmin hərbi hissədə xidmətdə olarkən torpaqlarımız uğrunda döyüşlərdə iştirak etmiş və yanvar 1994cü il tarixdə Fizuli rayon Seyidəhmədli kənd uğrunda gedən döyüşlərdə yaralandığı üçün hərbi hospitala göndərilmiş, lakin müalicədən sonra xidmət yerinə qayıtmamışdır. Bununla əlaqədar İddiaçı barəsində Fizuli Qarnizonu Hərbi Prokurorluğu xx.xx.1999-cu il tarixli 17/2-624 saylı amnistiya aktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.

3. Fizuli Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.1999-cu il tarixli 17/2-624 saylı qərarı ilə İddiaçı Milli Ordu sıralarında xidmətdə olarkən torpaqlarımız uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınmaqla və Azərbaycan Respublikası Milli X1 50 illiyi münasibətilə qəbul etdiyi amnistiya qərarı rəhbər tutulmaqla, İddiaçı barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. İddiaçı məxsus AO ******* nömrəli hərbi biletdə xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü ilədək N saylı hərbi hissədə hərbi xidmət keçməsi barədə qeyd vardır.

5. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətlərinə həmin orqanın xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə imtina cavabı verilmiş və hər üç imtina onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə və Füzuli Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.1999-cu il tarixli qərarı ilə barəsində amnistiya qərarı tətbiq olunduğuna ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunur. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1993-cü il tarixdən N saylı hərbi hissədə müharibə dövründə hərbni xidmətdə olmağını və yaralanmağını nəzərə alaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini və bu qərarın icrasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixli Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılaraq hərbi xidmət keçmişdir. Onun müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə barəsində cinayət işinə amnistiya qərarının tətbiq olunması əsası ilə imtina cavabı verilmişdir. Halbuki, o, N nömrəli hərbi hissədə xidmət etdiyi zaman sağ baldır nahiyəsinin yuxarı hissəsindən güllə yarası almış, qanuni olaraq tərxis olunmuşdur. Onun barəsində amnistiya tətbiq etdikləri halda, niyə 2002-ci ildə onu yenidən hərbi xidmətə aparmışlar.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

9. Məhkəmə tərəfindən lazımi hüquqi yardım göstərildikdən sonra iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmiş və və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh iddiaya qarşı yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə Fizuli Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.1999-cu il tarixli amnistiya qərarına düşmüşdür. Bu hal nəzərə alınaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciəti üzrə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AO ******* nömrəli hərbi biletin surəti; - Fizuli Qarnizonu Hərbi Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.1999-cu il tarixli 17/2-624 saylı qərarı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina məktubları. - Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 9/2-252 nömrəli arxiv arayışı; - Bərdə Rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 4/418 nömrəli arayışı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. İş materialları ilə müəyyən olur ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən Fizuli rayonu uğrunda döyüşlərdə iştirak etmiş və 1994-cü ilin yanvar ayında yaralandığı üçün hərbi hospitala yerləşdirilmişdir. O, müalicədən sonra xidmət yerinə qayıtmadığı üçün barəsində Fizuli Qarnizonu Hərbi Prokurorluğu tərəfindən xx.xx.1999-cu il tarixli 17/2-624 saylı amnistiya aktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra İddiaçı Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü ilədək N saylı hərbi hissədə hərbi xidmət keçməklə, tərxis olunmuşdur.

24. Hazırda iddiaçının tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə və Füzuli Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.1999-cu il tarixli qərarı ilə barəsində amnistiya qərarı tətbiq olunduğuna görə onun müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə cavabdeh orqana etdiyi müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir.

25. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

26. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

29. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı statusunun verilməsi istisna edilmişdir.

30. İddiaçının yenidən hərbi xidmətə çağırılması və qanuni əsaslarla tərxis olunması barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı “Avropa Şurasının 50 illiyi münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclsinin xx.xx.1999-cu il tarixli qərarının tətbiq dairəsi düşməklə, Fizuli Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.1999-cu il tarixli 17/2-624 saylı qərarı ilə onun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılmaları qərara alınmış və iddiaçı da həmin qərara müvafiq olaraq Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü ilədək N saylı hərbi hissədə hərbi xidmət keçməklə, tərxis olunmuşdur.

31. “Avropa Şurasının 50 illiyi münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclsinin xx.xx.1999-cu il tarixli qərarının 4-cü fəslində göstərilmişdir ki: Vİİİ. Bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş, habelə həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırmış şəxslər hərbi xidmətə çağırışın qanunla müəyyən olunmuş son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarsa, təkrarən ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar.

32. İddiaçının sonradan hərbi xidmətə çağırılması və bu xidmətdən qanuni əsaslarla tərxis olunması onun döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etməsi (fərarilik etməsi) faktını dəyişdirmir və ona müharibə veteranı adı vəsiqəsi verilməsi üçün əsas deyildir.

33. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

34. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar