Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1517/2023 01.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı veteranlıq vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteranlıq vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8548 saylı arxiv arayışına əsasən İddiaçı Möhsüm (Mövsüm) oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 26 nömrəli əmri ilə qranatatan köməkçisi vəzifəsinə təyin edilmiş, fərarilik etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 96 nömrəli əmri ilə bütün növ təminatlardan azad edilmişdir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona veteranlıq vəsiqəsi verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin öhdəsinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü şəkildə ordu sıralarına yazılmışdır. 1992-ci ildə N nömrəli hərbi hissədə xidmətə başlamış, daha sonra xidmətini N nömrəli hərbi hissədə davam etdirmişdir. Döyüşlərdə iştirak etməsinə baxmayaraq ona müharibə veteranı vəsiqəsi verilməmişdir. Xidmət etdiyi zaman azyaşlı övladına baş çəkdiyi üçün fərarilik səbəbindən təminatlardan çıxarılmışdır.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq iddia ərizəsində tələbin “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində göstərilməli olması, həmçinin iddia ərizəsinə əlavə etdiyi materiallarda cavabdeh inzibati orqana müraciəti, müraciətin təmin edilməsindən imtina edilməsi (və ya hərəkətsizlik göstərilməsi) və müəyyən edilmiş müddət ərzində müraciətin cavablandırılmaması barədə yazılı sənədin mövcud olmadığı bildirilmiş və tələbini “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində göstərməklə, yeni ərizə təqdim etmək, eyni zamanda müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana etdiyi müraciət və bundan imtina edilməsi barədə sənədləri də ərizəyə əlavə etmək təklif olunmuş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
5. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehə etdiyi müraciətə cavab gəlmədiyi üçün ona verilmiş müddətin uzadılmasını xahiş etmiş və məhkəmə tərəfindən müəyyən edilmiş müddət uzadılaraq çatışmazlıqları aradan qaldırmaq üçün xx.xx.2023-ci il tarixədək vaxt verilmişdir.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, veteranlıq vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 5-ci bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
10. Lakin həmin müddət daxilində iddiaçı (ikinci dəfə də vaxt verilməsinə baxmayaraq) sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
11. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
12. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq iddia ərizəsində müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması şəklində göstərilməli idi.
13. Həmçinin hazırki iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə belə bir imtina mövcud deyildir.
14. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva