Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1517/2024 05.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ona vurulmuş maddi zərərin kompensasiya edilməsi məqsədilə ona 1500 (bir min beş yüz) manat məbləğində pul kompensasiyasının ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ona məxsus olmuş ov tüfənginin geri qaytarılması barədə Cavabdehnə etdiyi müraciətə, həmin orqanın xx.xx.2023-cü il tarixli 3-13-57/2-M-198xx/xx/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kəpəz RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus olan ov tüfəngi götürülüb, həmin şöbənin silah saxlanılan anbarında saxlanılırdı. 14 yanvar 1990-cı il naməlum şəxslər Kəpə RPŞ-nin inzibati binasına basqın edərək silahlar saxlanılan otaqdan vətəndaşlardan götürülmüş digər ov tüfəngləri ilə birlikdə ona məxsus olan T-02122 nömrəli ov tüfəngi də oğurlanmışdır. Faktla əlaqədar xx.xx.1990-cı il tarixdə Kəpəz Rayon Prokurorluğu tərəfindən fakt üzrə CM-in 220.1-ci maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) 30757 saylı cinayət işi başlanmışdır. Bildirilir ki, göstərilən silahların tapılması üzrə tədbirlər davam etdirilir. Silahların tapılması zamanı ona bu barədə məlumat veriləcəkdir.
2. İddiaçı ona məxsus silahın daxili işlər orqanı tərəfindən geri qaytarılması və ya əvəzinə pul kompensasiyasının ödənilməsi barədə Gəncə şəhər Prokurorluğuna etdiyi müraciətə, həmin orqanın xx.xx.2024-cü il tarixli 846-ş-24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 6-cı maddəsində qeyd olunur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Odur ki, izah olunur ki, əmlak və kompensasiya tələbinizə dair məsələnin həll üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və ya məhkəməyə müraciət etmək hüququ vardır.
3. Məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli 3-13-57/2-8379/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri Ş.l.Xətai prospekti, ev 114, mənzil 28-də yaşayan İddiaçı adına Cavabdehndə olan mülki ov silahlarının qeydə alınması barədə həmin vaxtdan uzun müddət keçdiyindən, vətəndaşlarla aparılan yazışmalara dair sənədlər saxlanılmadığı üçün vətəndaş İddiaçı qeyd olunan ov silahının hansı səbəbdən, kim tərəfindən götürülməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa bildirilir ki, 14 yanvar 1990-cı il tarixdə bir qrup naməlum şəxslərin Kəpəz Rayon Daxili İşlər Şöbəsinin inzibati binasına basqını nəticəsində odlu silahlar saxlanılan otağın qapısını sındırma yolu ilə içəri daxil olaraq orada olan müxtəlif odlu silahların ələ keçirilməsi faktı əsasında xx.xx.1990-cı ildə Kəpəz Rayon Prokuroru A.Əskərov tərəfindən CM-nin 220-1-ci maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) 30757 (1990-cı il) nömrəli cinayət işi başlanılmış və həmin cinayət işinin icraatı xx.xx.1994-cü ildə CPM-in 209.3-cü (köhnə redaksiyada) maddəsilə dayandırılmışdır. Odur ki, araşdırma üçün zəruri olan məlumat və sənədlərin əldə edilməsi üçün qeyd edilən cinayət işinin istintaqının aparıldığı Gəncə Şəhər Prokurorluğuna müraciət edilməsi xahiş edilmişdir.
4. Məhkəmənin sorğusuna Gəncə şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli 406-xid-24 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, məktubda qeyd edilən 14 yanvar 1990-cı il tarixdə bir qrup naməlum şəxslərin Kəpəz Rayon Daxili işlər Şöbəsinin inzibati binasına basqını nəticəsində odlu silahlar saxlanılan otağın qapısını sındırma yolu ilə içəri daxil olaraq orada olan müxtəlif odlu silahların ələ keçirilməsi faktı əsasında xx.xx.1990-cı ildə Kəpəz Rayon Prokuroru A.Əskərov tərəfindən CM-in 220-1-ci maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) başlanılmış 30757 (1990-cı il) nömrəli cinayət işi barədə məlumatlar Gəncə şəhər prokurorluğunun arxivində müəyyən edilməmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 1500 (bir min beş yüz) manat məbləğində pul kompensasiyasının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdə sakini olduğu sahənin polis müvəkkili kapitan X1 rayon daxili işlər şöbəsi adından protokol tərtib edərək ona məxsus İJ 27 E K-12 T 02122 nömrəli 1983-cü ildə istehsal olunmuş vertikal qoşalüləli ov tüfəngini və onun dəridən olan koburasını erməni silahlı qüvvələrinin terrorçu dəstələrinə qarşı mübarizə aparmaq üçün ondan təhvil almışdır. Hazırda vəziyyət sabitləşib, torpaqlar işğaldan azad edilib, ancaq onun əmlakı geri qaytarılmayıb və ya əmlakın əvəzinə ona pul kompensasiyası ödənilməyib. Ona vurulan maddi zərərin kompensasiya edilməsini tələb edir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
8. İşin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
9. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
13. İş materialları ilə müəyyən olunur ki, Kəpəz RPŞ-nin əməkdaşları tərəfindən İddiaçı məxsus olmuş ov tüfəngi götürülüb, həmin şöbənin silah saxlanılan anbarında saxlanılmışdır. 14 yanvar 1990-cı il naməlum şəxslər Kəpəz RPŞ-nin inzibati binasına basqın edərək silahlar saxlanılan otaqdan vətəndaşlardan götürülmüş digər ov tüfəngləri ilə birlikdə ona məxsus olan T-02122 nömrəli ov tüfəngi də oğurlanmışdır. Faktla əlaqədar xx.xx.1990-cı il tarixdə Kəpəz Rayon Prokurorluğu tərəfindən fakt üzrə CM-in 220.1-ci maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) 30757 saylı cinayət işi başlanmışdır.
14. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz iddiaçı tərəfindən ona məxsus silahın daxili işlər orqanı tərəfindən geri qaytarılmamasına görə pul kompensasiyasının ödənilməsinin tələb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış edir.
15. İddiaçı tərəfindən qaldırılmış iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi) növünə aiddir.
16. Qeyd olunmalıdır ki, ilk öncə hazırki iş üzrə mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.
17. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "…Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini…yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)".
18. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, "iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq. ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı".
19. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.
20. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
21. Hazırkı iş üzrə mübahisə predmeti qismində iddiaçıya məxsus olmuş silahın daxili işlər orqanı tərəfindən geri qaytarılmaması nəticəsində pul kompensasiyasının ödənilməsi çıxış etmişdir.
22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
23. Beləliklə, hər bir halda iddiaçı sözügedən cavabdehin hərəkətsizliyini mübahisələndirmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir.
24. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakoviç Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).
26. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).
27. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək cavabdehin hərəkətsizliyinin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürüldüyündən onlar yeni qanuna görə də mübahisələndirilə bilinmədiyinə görə iddia mümkün sayılmamalıdır.
28. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva