Məhkəmə qərarları › İş №2-1(114)-1518/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1518/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1518/2021 22.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı 05.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N iyun 2021-ci il tarixli 034əç saylı əmrinin ləğv edilməsi, öz xidməti vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 02.08.2019-cu il tarixdən etibarən Silahlı Qüvvələrin sıralarına müddətdən artıq xidmət etmək üçün qəbul edilmiş, xidmət etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş və hərbi hissənin qərargah bölüyündə sanitar təlimatçı vəzifəsində xidmət etmiş, eləcə də 27.09.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması üçün silahlı qüvvələrin sıralarında 44 günlük vətən müharibəsində iştirak etmişdir. Buna baxmayaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri iddiaçı barəsində N iyun 2021-ci tarixli 034əç nömrəli əmr qəbul edərək onu xidməti uyğunsuzluğa görə ordudan tərxis etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ehtiyata buraxılmasının səbəbi onun smartfon tipli telefon işlətməsi göstərilmişdir. Belə ki, o, müddətdən artıq hərbi qulluqçu kimi hərbi hissənin razılığı ilə N gecə evdə, N gecə isə hərbi hissədə qalırmış, həmin gün hərbi hissəyə gedərkən atası telefonu təmin etdirməsi üçün ona vermiş və telefon işlək vəziyyətdə olmamışdır. Hərbi hissəyə daxil olarkən ondan həmin telefonu tələb etsələr də, atasına məxsus olduğunu bildirərək, təhvil verməkdən imtina etmişdir. Onun döyüşlərdə xidməti layiqincə qiymətləndirilmədiyinə görə Prezident Administrasiyasına müraciət etmişdir, hesab edir ki, onu buna görə ehtiyata buraxmışlar. Ona qarşı qərəzli münasibət 2021-ci ilin mart ayından başlamışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin qərargah bölüyünün sanitar təlimatçısı vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü intizamsız hərbi qulluqçu kimi göstərmiş, subardinasiya qaydalarına riayət etməmiş, intizamsızlığı ilə bölmədə digər hərbi qulluqçulara pis nümunə olmuşdur. İddiaçının intizamsızlığı və hərbi xidmətə münasibəti qənaətbəxş olmadığı üçün N nömrəli hərbi hissənin qərargah bölük komandiri vəzifəsində xidmət edən baş leytenant Əliyar Əliyev hərbi hissə komandirinə raport yazaraq iddiaçının vəzifə borcunun icrasına səhlənkar yanaşdığını, mütamadi olaraq hərbi geyim formasının daşınmasında nöqsanlara yol verdiyini, iradlardan və verilmiş intizam cəzalarından düzgün nəticə çıxarmadığını, xidmətində müsbət dönüş yaratmadığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Müdafiə Nazirinin, Baş qərargah rəisinin, Korpus komandirinin və hərbi hissə komandirinin müvafiq əmrlərinin tələblərini kobud surətdə pozaraq istifadəsi qadağan edilmiş smartfon tipli mobil telefon işlətdiyini, sıra intizamını pozduğunu və digər intizamsızlıqlarını nəzərə alaraq ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını, həmçinin iddiaçının “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular”ın şərəf məhkəməsində dinlənilməsini xahiş etmişdir. İddiaçının 21 aprel 2021ci il tarixdə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular”ın şərəf məhkəməsində dinlənilməsi barədə qərar qəbul edilmiş, şərəf məhkəməsinin qərarına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bundan başqa iddiaçının xidməti vərəqəsinə və barəsində verilmiş xidməti xasiyyətnaməyə baxdıqda onun həqiqətən nizam-intizamsız, vəzifəsinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu olduğu qeyd edilmiş, dəfələrlə eyni əməllərə görə intizam qaydasında cəzalandırılmışdır. Odur ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin N əç nömrəli N iyun 2021-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən ehtiyata buraxılması qanunidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -N nömrəli hərbi hissə komandirinin 16.04.2020-ci il tarixli 373 nömrəli əmrindən görünür ki, xidmət zamanı “Yaquar” enerji içkisi qəbul etdiyinə görə MAHHXHQ əsgər İddiaçı töhmət elan edilmişdir. -N nömrəli hərbi hissə komandirinin 28.08.2020-ci il tarixli 951 nömrəli əmrindən görünür ki, smartfon tipli telefon işlətdiyi üçün MAHHXHQ əsgər İddiaçı “vəzifəsinə tam uyğun olmaması barədə” xəbərdarlıq elan edilmişdir. -surəti işə əlavə edilmiş 10.04.2021-ci il tarixli raportdan görünür ki, MAHHXHQ əsgər İddiaçı vəzifə borcunun icrasına səhlənkar yanaşdığına, mütamadi olaraq hərbi geyim formasının daşınmasında nöqsanlara yol verdiyinə, iradlardan və verilmiş intizam cəzalarından düzgün nəticə çıxarmadığına, xidmətində müsbət dönüş yaratmadığına, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Müdafiə Nazirinin, Baş qərargah rəisinin, Korpus komandirinin və hərbi hissə komandirinin müvafiq əmrlərinin tələblərini kobud surətdə pozaraq istifadəsi qadağan edilmiş smartfon tipli mobil telefon işlətdiyinə görə onun şərəf məhkəməsində dinlənilməsi barədə sərəncam verilməsi xahiş olunmuşdur. -surəti işə əlavə edilmiş İddiaçı xidmət vərəqəsindən görünür ki, sonuncuya xidmət etdiyi müddət ərzində sanitariya qaydalarına nəzarət etmədiyinə görə 31.08.2019-cu il tarixdə şiddətli töhmət, səhər baxışı zamanı şəxsi heyətə düzgün nəzarət etmədiyinə görə 31.08.2019-cu il tarixdə töhmət, smartfon tipli telefon işlətdiyinə görə 03.09.2019-cu il tarixdə şiddətli töhmət, verilən tapşırığı vaxtında icra etmədiyinə görə 27.10.2019-cu il tarixdə töhmət, silah və texnikaya düzgün qulluq etmədiyinə görə 27.10.2019-cu il tarixdə töhmət, sutkalıq növbənin dəyişilməsi üçün təlimata gecikdiyinə görə 13.12.2019-cu il tarixdə şiddətli töhmət, növbətçi həkimin vəzifə borcunu bilmədiyinə görə 13.12.2019-cu il tarixdə şiddətli töhmət, sutkalıq naryad yerinə gecikdiyinə görə 13.12.2019-cu il tarixdə töhmət, xidmət zamanı tərkibində spirt olan “Yaquar” enerji içkisi qəbul etdiyinə görə 16.04.2020-ci il tarixdə töhmət, smartfon tipli telefon işlətdiyinə görə 28.08.2020-ci il tarixdə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq və sıra baxışına hazır olmadığına görə 07.09.2020-ci il tarixdə şiddətli töhmət elan olunmuşdur. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissənin müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin 21.04.2021-ci il tarixli qərarından görünür ki, MAHHXHQ əsgər İddiaçı xidmətində ciddi intizam pozuntularına yol verməsi və yuxarı komandanlığın müvafiq əmrlərinin tələblərini bilərəkdən pozması nəzərə alınaraq onun ordu sıralarından “xidməti uyğunsuzluğa görə” ehtiyyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin təqdimatından görünür ki, əsgər İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır. -1-ci X3 11.06.2021-ci tarixli 034əç nömrəli əmrindən çıxarışdan görünür ki, 703-cü motoatıcı briqadanın qərargah bölüyünün sanitar-təlimatçısı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin 17.06.2021-ci il tarixli 175 nömrəli əmrindən görünür ki, əsgər İddiaçı, N nömrəli hərbi hissə komandirinin 11.06.2021-ci tarixli 034əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi xidmətdən ehtiyata buraxıldığına görə, 2021-ci ilin hesabında 17 təqvim günü məzuniyyət verilməklə 04.07.2021-ci il tarxidən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarımış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən 11.06.2021-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini 05.07.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Deməli iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçının barəsində xidmətinin 31.08.2019-cu il tarixdən 07.09.2020-ci il tarixədək olan dövrü ərzində (təqribən 1 il) ümumilikdə 11 dəfə intizam cəzası (töhmət, şiddətli töhmət və vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq) tətbiq edilmiş, bu intizam cəzalarından 2-si smartfon tipli telefon işlətdiyinə görə olmuşdur. Göründüyü kimi iddiaçı 2 dəfə eyni səbəbdən intizam cəzasına məruz qalmışdır ki, bu da onun verilmiş intizam cəzalarından düzgün nəticə çıxarmadığını deməyə əsas verir. Bu səbəbdən də iddiaçının sonuncu dəfə hərbi hissəyə gətirdiyi telefonun atasına məxsus olması barədə dəlilləri də inandırıcı deyil. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona qarşı komandanlıq tərəfindən qərəzli münasibət göstərildiyini və qərəzin 2021-ci ilin mart ayından başladığını bildirsə də təqdim edilmiş sübutlarla müəyyən edilir ki, sonuncu barəsində intizam cəzaları 31.08.2019-cu il tarixdən tətbiq edilməyə başlamışdır. Bu hal komandanlığın qərəzli münasibətinin olması ilə bağlı arqumentin əsaslı olmadığını deməyə əsas verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N iyun 2021-ci il tarixli 034əç saylı saylı əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar