Məhkəmə qərarları › İş №2-1(114)-152/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-152/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-152/2023 28.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********763000 nömrəli qərarın ləğv olunması və hesablanmış 1.575.811,35 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********763000 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 1.575.811,35 manat iddiaçının vergi borcunun olması qərara alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********763000 saylı qərarını belə əsaslandırmışdır ki, bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Sözügedən idarənin xx.xx.2022-ci il tarixli, **********763000 nömrəli qərarı ilə razılaşmırıq. Əvvəla bildirilir ki, sözügedən qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Həmin qərarın məzmununda hansı Qanuna əsasən onun borcunun yaranması və hansı əsasla vergidən yayınması barədə heç bir qeyd yoxdur. Ümumiyyətlə qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. Yuxarıda sadalanlara əsasən iddiaçı hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********763000 saylı nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli, **********177000 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, yük gömrük bəyannamələrinə və uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı tərəfindən 2021-ci ildə 64362744,10 manat dəyərində malların ixrac edildiyi, həmin dövrdə X7 2021-ci ilin 30 və 31 dekabr tarixlərində əldə etdiyi elektron qaimə-fakturalar əsasında 60015298,06 manat dəyərində malların alındığı, lakin təqdim edilmiş 2021-ci il gəlir vergisi bəyannaməsində uçot metodu kassa metodu olmaqla əldə edilmiş gəlirin 47274340,39 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclərinin 48340642,25 manat göstərildiyi, xx.xx.2022-ci il tarixə mal qalığının olmadığı, 1066301,86 manat məbləğində zərərin yarandığı, 2021-ci ilin sonuna 17088403,48 manat debitor borcunun olduğu göstərilmişdir. Bəyannamə kameral qaydada yoxlanan zaman vergi ödəyicisinin bəyan etdiyi xərclərin öz təsdiqini tapmadığı müəyyən olunmuş və bu səbəbdə də gəlir vergisi Vergi Məcəlləsinin 67.1.6-cı, 67.14-cü və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilmiş qaydada hesablanmışdır. Vergi ödəyicisinin xərclərinin tərkibi elektron alış aktlarından və elektron qaimələrdən ibarət olmuşdur. Elektron alış aktları ilə müəyyən edilən xərclərin məbləği 1.986.198,9 manat, elektron qaimə fakturalarla müəyyən edilən xərclərin məbləği isə cəmi 60.376.992,89 manat olmaqla elektron qaimələrlə müəyyən edilən xərclərin tərkibində 60.015.298,06 manat dəyərində 59 sayda elektron qaimə vergi ödəyicisi X12 tərəfindən 30-31 dekabr 2021-ci il tarixlərdə təqdim edilmişdir. X9 həmin malları istehsal etməsi üçün müvafiq təsərrüfatının olmadığı və onun tərəfindən həmin malların alınmadığı müəyyən edilmişdir. X12 tərəfindən malların X1 görüntüsünün yaradılması üçün tərtib edilmiş həmin qaimələrdə götərilən məhsulların tərkibi də olduqca maraqlıdır. Belə ki, qaimələrin tərkibində dekabr ayında albalı, alça, böyürtkən, yemiş, ərik, gilas, moruq, qarpız və sair mövsümə uyğun olmayan məhsulların guya X5 tərəfindən alınması göstərilmişdir. Əslində isə yük-gömrük bəyannamələri ilə üzləşdirdikdə həmin məhsulların öz mövsümündə ixrac edildiyi, deməli həmin vaxtda da satın alındığı, lakin qanunvericiliyə uyğun xərclərin uçotunun aparılmadığı, hesabat ilinin son iki günündə isə saxta elektron qaimələrlə əmtəəsiz əməliyyat rəsrmiləşdirilməklə saxtalaşdırılmış xərc sənədləri formalaşdırılmasına cəhd edildiyi sübuta yetirilmişdir. Yükgömrük bəyannamələrinə əsasən 86384 kq çəkidə 146228.80 manat dəyərində albalı məhsulu mövsümünə uyğun olaraq 2021-ci ilin may-iyun aylarında ixrac olunsa da vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron qaimə məlumatlarında X7 guya 30 dekabr 2021ci il tarixində 91393 kq çəkidə 246.998,72 manat dəyərində albalı məhsulunun alınması göstərilmişdir. Anoloji vəziyyət bütün digər məhsullarda da mövcuddur. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən əvvəlki bəyannamə məlumatlarına uyğun 2021-ci ili üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamənin kameral yoxlanması nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********177000 nömrəli yeni qərar qəbul edilmiş və həmin qərarla hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********763000 nömrəli qərar ləğv edilmişdir. İddiaçının alış və satış sənədlərində malların qiyməti əks olunub, ona görə də anoloji vergi ödəyəcisindən qiymət müəyyən etməyə ehtiyac olmayıb. Həmçinin hesablanmış məbləğ iddiaçının özünün verdiyi bəyannamə əsasında hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin « Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə » xx.xx.2022-ci il tarixli, **********177000 nömrəli qərarından görünür ki, İddiaçı 1.575.811,35 manat məbləğində vergi borcu hesablanmışdır. -işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3781 nömrəli ekspert rəyindən görünür ki, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlara görə mövcud iş materiallarına əsasən təqdim edilmiş gəlir vergisi bəyanaməsi məlumatları üzrə uyğunsuzluğun olduğu müəyyən edilmir və fiziki şəxs İddiaçı təqdim etdiyi Gəlir vergisi Bəyanaməsi üzrə vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2021-ci il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü hazırki tədqiqatla əsaslı hesab edilmir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə kameral qaydada yoxlanan zaman cavabdeh orqan vergi ödəyicisinin bəyan etdiyi xərclərin öz təsdiqini tapmadığı qənaətinə gəlmiş, bu səbəbdən də gəlir vergisi Vergi Məcəlləsinin 67.1.6-cı, 67.14-cü və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilmiş qaydada hesablanmışdır. Beləliklə vergi ödəyicisinin 2021-ci il üzrə vergiyə cəlb edilən gəliri 47.274.340,39:120*20%=7.879.056,73 manat müəyyən edilmiş və həmin gəlirdən 20% dərəcə tətbiq edilməklə 7.879.056,73*20%=1.575.811,35 manat gəlir vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********63000 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən əvvəlki bəyannamə məlumatlarına uyğun 2021-ci ili üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamənin kameral yoxlanması nəticəsində "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli yeni qərar qəbul edilmiş və həmin qərarla xx.xx.2022-ci il tarixli **********763000 nömrəli qərar ləğv edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti həmin qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. Məhkəmə iddiaçının fəaliyyəti nəticəsində 2021-ci il üzrə gəlir vergisinin yaranıbyaranmaması, yarandığı təqdirdə gəlir vergisinin məbləğinin nə qədər olması, kameral vergi yoxlamasının gəldiyi nəticənin əsaslı olub-olmaması və.s halların müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin etmiş və iş üzrə müvafiq ekspert rəyi təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3781 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki:- -2021-ci il ərzində təqdim olunmuş malların ümumi dövriyyə 64.362.743,87 manat olduğu halda vergi ödəyicisi tərəfindən Gəlir vergisi Bəyanaməsində daxil olmuş 47.274.340,39 manat vəsaitin məbləği göstərilmişdir. Bununla əlaqədar olaraq Gəlir vergisi Bəyannaməsində 17.088.403,48 manat debitor borc olduğundan 1.066.301,86 manat 2021-ci il üçün zərər göstərilmişdir. Yük-gömrük bəyannamələrindən də göründüyü kimi dövriyyə üzrə mallar ixrac olunmuş, anbar üzrə mal qalığı olduğu müəyyən edilməmişdir. Bununla da daxil olmayan vəsaitlər debitor borc kimi göstərilmişdir. Mövcud iş materiallarından göründüyü kimi fiziki şəxs tərəfindən alınmş mallar tam şəkildə ixrac olunduğundan və mal qalığı olmadığından qeyd edilən 17.088.403,48 manatı debitor borc kimi göstərilməsi qanunvericiliyin tələblərinə uyğundur. -iş materiallarında İddiaçı Gəlir vergisi Bəyanaməsi üzrə qeyd edilən 17.088.403,48 manat debitor borcla bağlı bank hesabına əməliyyatların aparılmasını özündə əks etdirən (mədaxil olunmuş məbləğlərlə bağlı) çıxarışlar məlumatları mövcud deyildir. - vergi orqanı tərəfindən kameral qaydada hesablanmış gəlir vergisi fiziki şəxsin təqdim etdiyi bəyannamə üzrə ümumi dövriyyəsi 64.362.743,87 manat olmasına baxmayaraq 47.274.340,39 manatı vəsaitinin daxil olması səbəbindən vergi ödəyicisinin bəyan etdiyi xərclərin öz təsdiqini tapmadığı müəyyən olunmuş və bu səbəbdən də gəlir vergisi Vergi Məcəlləsinin 67.1.6-cı, 67.14-cü və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilmiş qaydada hesablanmışdır. Yəni, vergi orqanı tərəfindən 2021-ci il üzrə hesablanmış gəlir vergisi, fiziki şəxs tərəfindən təqdim edilən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə əsasən hesablanmışdır. -vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlara görə mövcud iş materiallarına əsasən təqdim edilmiş gəlir vergisi bəyanaməsi məlumatları üzrə uyğunsuzluğun olduğu müəyyən edilmir. -fiziki şəxs İddiaçı təqdim etdiyi Gəlir vergisi Bəyanaməsi üzrə vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2021-ci il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü hazırki tədqiqatla əsaslı hesab edilmir. Yuxarıda qeyd olunan ekspert rəyində qeyd olunanlar ümumiləşdirildikdə belə nəticəyə gəlmək olur ki, vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2021-ci il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü tədqiqatla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar