Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1520/2023 19.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ata adının dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçının vəkil olan nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ata adının dəyişdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. AZE seriyalı şəxsiyyət vəsiqəsi, xx.xx.2001-ci il tarixli doğum haqqında akt qeydi və AZ-İ № 137464 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə Bərdə rayonu Mollalı kəndində doğulmuşdur. X3, anası X1r.
2. İddiaçı ata adının “Fariz”-dən “Elsevər”-ə dəyişdirilməsi barədə Cavabdehnə müraciəti etmiş və həmin şöbənin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələbinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməsi bildirilmişdir.
3. Məhkəmənin sorğusu əsasında əldə edilmiş: - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 12/2-23710 nömrəli məktubunda İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-964/2023 nömrəli məktubunda İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı bildirilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-190/2023 nömrəli məktubunda İddiaçı ata adına düzəliş edilməsi ilə bağlı rəy alınması üçün rayon polis şöbəsinə müraciət olunmadığı bildirilmişdir. - Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı tərəf olduğu heç bir icra sənədinin şöbənin icraatında qeydiyyatdan keçmədiyi bildirilmişdir.
4. Məhkəməyə təqdim edilmiş: - X4 Rusiya Federasiyası Nijeqorod vilayəti, Qorodets rayon notariusu tərəfindən təsdiq edilərək azərbaycan dilinə tərcümə edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı ata adının “Fariz”-dən “Elsevər”-ə dəyişdirilməsi barədə iddia ərizəsi üzrə işdə Günayın ata adının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. - X6 Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı ata adının “Fariz”-dən “Elsevər”-ə dəyişdirilməsi barədə iddia ərizəsi üzrə işdə Günayın ata adının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2001-ci il tarixli AZ-İ 137464 nömrəli doğum haqqında şəhadətnamədə soyadının dəyişdirilməsinə, yəni İddiaçı kimi qeyd edilmiş, adının dəyişdirilərək İddiaçı Elsevər qızı kimi qeyd edilməsinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona atalıq qayğısını X7, analıq qayğısını isə həyat yoldaşı X5 göstərmişdir. xx.xx.2001-ci il tarixli AZ-İ 137464 nömrəli doğum haqqında şəhadətnamədə soyadının dəyişdirilməsi tələbinə, yəni İddiaçı kimi qeyd edilmiş adının dəyişdirilərək İddiaçı Elsevər qızı kimi qeyd edilməsinə ehtiyacı vardır. O, Cavabdehnə soyadın dəyişdirilməsi barədə müraciətinə həmin orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edilmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdehin yerləşdiyi yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. İddiaçı məhkəmə iclasında vəkil olan nümayəndəsi Vəkil ilə təmsil olunmuş, cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-190/2023 nömrəli məktubunda iş yükünün çoxluğu ilə əlaqədar işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
16. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.2001-ci il tarixli AZ-İ 137464 nömrəli doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilməsi, yəni Fariz qızı kimi qeyd edilmiş ata adının dəyişdirilərək Elsevər (İddiaçı Elsevər qızı) kimi qeyd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. İddiaçının vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. O, əvvəlki məhkəmə iclası zamanı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçını uşaqlıqdan əmisi Elsevər saxlayıb böyütmüşdür. Hazırda da iddiaçı Rusiya Federasiyasında əmisinin yanında yaşayır, lakin əmisinə məxsus evə qeydiyyata düşə bilmir. İddiaçının ata adının dəyişdirilməsində məqsədi ona atalıq qayğısı göstərmiş əmisi Elsevərə məxsus evə qeydiyyata düşməkdən ibarətdir.
20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı şəxsiyyət vəsiqəsi; - xx.xx.2001-ci il tarixli doğum haqqında akt qeydi və AZ-İ № 137464 nömrəli doğum haqqında şəhadətnamə; - Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu; - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 12/2-23710 nömrəli məktubu; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-964/2023 nömrəli məktubu; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-190/2023 nömrəli məktubu; - Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu; - X4 xx.xx.2023-cü il tarixli ərizəsi; - X6 xx.xx.2023-cü il tarixli ərizəsi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
23. İş materiallarından müəyyən olur ki, İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, ata adının “Fariz”-dən “Elsevər”-ə dəyişdirilməsini xahiş etmiş, şöbə tərəfindən isə xx.xx.2022-ci il tarixli 759-05/15 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələbinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə imtina olunmuşdur.
24. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə: Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na görə: Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarına görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir.
28. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir.
29. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır.
30. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.
31. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.
32. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır.
33. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etdi ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür.
34. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.
35. Məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
36. Bu baxımdan məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququ prizmasından qiymətləndirilməli olan konstitusion hüquq kimi baxılmalıdır. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, tətbiq olunan məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir.
37. Qeyd olunanların hazırkı mübahisəyə münasibətdə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının ata adının dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”.
38. Belə ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.4-cü bəndində ərizə verən şəxsin istəyi ilə ata adının onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilə bilməsi təsbit edilmişdir.
39. İddiaçı da iddia ərizəsində həmin hala istinad etmiş, yəni ona atalıq qayğısını X4, analıq qayğısını isə həyat yoldaşı X2 göstərdiyini qeyd etmişdir. İddiaçının vəkil olan nümayəndəsi də bildirmişdir ki, iddiaçını uşaqlıqdan əmisi Elsevər saxlayıb böyütmüşdür. Hazırda da iddiaçı Rusiya Federasiyasında əmisinin yanında yaşayır, lakin əmisinə məxsus evə qeydiyyata düşə bilmir. İddiaçının ata adının dəyişdirilməsində məqsədi ona atalıq qayğısı göstərmiş əmisi Elsevərə məxsus evə qeydiyyata düşməkdən ibarətdir.
40. İddiaçının əmisi X4 məhkəməyə tədim edilmiş ərizəsində o, iddiaçının ata adının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
41. Lakin adıçəkilən Qaydaların 6.4-cü bəndində “onu tərbiyə etmiş şəxs” dedikdə, şəxsin anası ilə faktiki ailə münasibətlərində olaraq onun tərbiyəsini həyata keçirən şəxs (atalıq) başa düşülür. Yəni, şəxs onu tərbiyə etmiş atalığının adını ata adı kimi daşımaq arzusu olduğu halda, onun müraciəti həmin bəndin təsiri dairəsinə düşür.
42. Hazırkı işdə isə iddiaçının ata adı kimi dəyişdirmək istədiyi şəxs onun əmisi olmaqla, iş materialları ilə onun həqiqətən də iddiaçını tərbiyə etmiş şəxs olması müəyyən edilmir.
43. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsi ilə bağlıdır.
44. Hazırkı işdə iddiaçı Rusiya Federasiyasında əmisinin yanında yaşamasına baxmayaraq, əmisinə məxsus evə qeydiyyata düşə bilmədiyini, ata adının dəyişdirilməsində məqsədin ona atalıq qayğısı göstərmiş əmisi Elsevərə məxsus evə qeydiyyata düşməkdən ibarət olduğunu göstərmişdir.
45. Məhkəmə hesab edir ki, iddiaçının ata adının dəyişdirilməsi ilə bağlı istəyini ifadə etdiyi hallar kifayət qədər ağlabatan və tutarlı səbəblər kimi qəbul edilmədiyindən cavabdeh orqanın bundan imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının vəkil olan nümayəndəsi iddiaçının hazırkı ata adı ilə Rusiya Federasiyasında əmisinə məxsus evə qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı və ya şəxsin evinə yalnız onun ailə üzvlərinin qeydiyyata alınmasının mümkünlüyü ilə bağlı Rusiya Federasiyasının qanunvericiliyində təsbit edilmiş müddəaların mövcudluğu ilə bağlı hər hansı sənəd təqdim etməmişdir.
46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva