Məhkəmə qərarları › İş №2-1(114)-1521/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1521/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1521/2020 30.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, X1 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 və Tərtər rayonu Tərtər Bələdiyyəsinə qarşı Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahiblarlıq üçün 19,72 m² torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati işə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 və Tərtər rayonu Tərtər Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahiblarlıq üçün 19,72 m² torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər şəhərində doğulub, orada böyümüşdür və bərbərlik fəaliyyəti ilə məşğul olur. Ona görə də Tərtər şəhərində özünə bərbərxana tikdirməyi qərara almış və bu məqsədlə xx xxxxxx 2006-cı ildə ərizə ilə Tərtər Rayon İcra Hakimiyyətinə və Tərtər rayonu Tərtər bələdiyyəsinə müraciət etmişdir. xx xxxxxx 2006-cı ildə 5 nömrəli qəbzlə Tərtər rayon Tərtər bələdiyyəsinin hesabına, “Kapital Banka” 79 manat pul ödəmişdir. xx xxxxxx 2006-cı il tarixdə Tərtər rayonu Tərtər bələdiyyəsinin üzvlərinin iclasında digər məsələlərlə bağlı onunda ərizəsinə baxılmış və ərizəsi nəzərə alınaraq sahibkarlığın inkişafı məqsədi ilə bərbərxana tikdirmək üçün Tərtər şəhəri, R.Kərimov küçəsində bələdiyyə mülkiyyətində olan 19.72 kv.m torpaq sahəsinin satılması və satılan 19,72 kv.m torpaq sahəsinin kadastr planının hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə tapşırılması, onun Tərtər şəhər Bələdiyyəsinin hesabına alqı-satqı üçün 79 manat pul ödəməsinin nəzərə alınması barədə 14 saylı qərar qəbul edilmişdir. Tərtər rayonu Tərtər bələdiyyəsi xx.xx.2006-ci il tarxli 14 saylı qərarın və tikdirəcəyi obyektin eskiz layihəsinin Tərtər Rayon İcra Hakimiyyətinə təqdim olunmasını təmin etmişdir. Tərtər Rayon İcra Hakimiyyəti Tərtər bələdiyyəsi tərəfindən təqdim edilən sənədlərə əsasən torpaq sahəsində bərbərxana açılması üçün 19,72 kv.m torpaq sahəsinin şəhər salma arxitektura normalarına uyğun olduğu üçün satılmasının məqsədəmüvafiq olması barədə rəy vermişdir. Bundan başqa Tərtər Rayon İcra Hakimiyyəti xx xxxxx 2007-ci il tarixli qərarla ona Tərtər şəhəri, R.Kərimov küçəsində «Bərbərxana» tikintisi aparılmasına icazə vermiş və qərara alınmışdır ki, Tərtər şəhər sakini X4 şəhərin R.Kərimov küçəsində satılmış 19,72 kv.m torpaq sahəsində şəhərsalma və tikinti norma və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri döstərmək şərti ilə Tərtər Rayon İcra Hakimiyyətinə təqdim olunan obyektin «eskiz layihəsinə» uyğun, ümumi sahəsi 19.72 kv.m, o cümlədən faydalı sahəsi 16,2 kv.m olan bir mərtəbəli «Bərbərxana» tikintisinə icazə verilsin və obyektin eskiz layihəsi təsdiq edilsin, Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük mühəndisi T.Kərimov və Tərtər şəhər İƏV üzrə nümayəndəsi S.Həsənova tapşırılsın ki, tikintinin qanunauyğun aparılmasına nəzarət etsinlər və obyektin tikintisi başa çatdırıldıqdan sonra X6 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X11 tərəfindən qeydə alınsın. Həmçınin DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmaqla bərbərxana tikilməsi üçün satılmasının məqsədəmüvafiq olması barədə rəy verilmiş, ona alqı-satqı yolu ilə bərbərxana açılması məqsədi ilə ayrılmış 19,72 kv.m torpaq sahəsinin sxematik planı və Tərtər rayonu Tərtər şəhərinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xx xxx 2019-cu ildə 05 nömrəli icazə ilə Tikinti obyektinin istismarına icazə verilmişdir. Bununla da 19,72 kv.m torpaq sahəsi və üzərində tikilmiş bərbərxana binası həmin vaxtdan, yəni 14 ildən artıqdır onun sahibliyində, istifadəsində və sərəncamındadır. Bələdiyyə tərəfindən satılan torpaq sahəsində tikilmiş obyekt onun adına sənədləşdirilməli, dövlət qeydiyyatına alınmaqla, torpaq və obyekt üzərində mülkiyyət hüququu tanınmalıdır. Ona görə də bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X9 müraciət etmişdir. Lakin X11nin xx xxxx 2020-ci il tarixli, **********04 nömrəli məktubuna əsasən torpaq sahəsinin sahəseçmə aktı, alqı-satqı aktı, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmadığına görə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. O alqı-satqı aktının bərpa edilməsi üçün Tərtər rayonu Tərtər Bələdiyyəsinə müraciət etmiş, lakin Tərtər Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli, 116 saylı məktubuna əsasən xx xxxxxx 2006-cı il tarixdə Tərtər şəhəri R.Kərimov küçəsində kiçik sahibkarlıq üçün 19,72 kv.m torpaq sahəsinin alqı-satqı aktı, sahəseçmə aktı sənədlərinin Tərtər Bələdiyyəsi tərəfindən verilməsi qanuna müvafiq deyildir. Ona görə də bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahəsini başqa yolla öz adına sənədləşdirib, dövlət qeydiyyatına aldıra bilmədiyi üçün hüquqlarının təmin edilməsi məqsədi ilə məhkəməyə ərizə verməyə məcbur olmuşdur. İş üzrə məhkəmə hazırlıq icraatı iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş üzrə təyin olunmuş məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirdilməsini mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasının məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaçının iş materiallarına əlavə etdiyi məktub imitina xarakterli olmadığı üçün iddianın mümkün sayılmamasının xahiş etmişdir. Cavabdeh Tərtər rayonu Tərtər bələdiyyəsi məhkəməyə xx.xx.2020-ci il tarixli, 160 saylı məktub göndərərək, X1 Tərtər bələdiyyəsinə qarşı Tərtər şəhəri, R.Kərimov küçəsində kiçik sahibkarlıq üçün 19.72 kv.m torpaq sahəsinə dair alqı-satqı aktının, sahəseçmə aktının sənədlərinin verilməsinin mümkün olmadığını və həmin dövdə olan sənədlərin Tərtər rayon Dövlət Arxivinə təhvil verildiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 tərəfindən iddiaçının müraciətinə cavab olaraq yazılmış xx.xx.2020-ci il tarixli, **********04 nömrəli məktubun məzmunundan görünür ki, sənədlərin ekspertizası zamanı iddiaçı tərəfindən Tərtər rayonu Tərtər bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 14 saylı qərarı ilə 19.72 kv.m sahibkarlıq torpaq sahəsinin ayrılması barədə qərar, yerquruluşu planı, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi təqdim olunmuş, lakin torpaq sahəsinin sahəkeçmə aktı, alqı-satqı aktı, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün torpaq sahəsinə dair iddiaçının təqdim etdiyi sənədlərdə bir sıra çatışmazlıqlar olmuşdur. Bu səbəblərdəndə iddiaçının müraciəti icra edilə bilməmişdir. Göründüyü kimi qeyd olunan məktub imtina xarakterli akt hesab edilə bilməz. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı: X1 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 və Tərtər rayonu Tərtər Bələdiyyəsinə qarşı Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahiblarlıq üçün 19,72 m² torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar