Məhkəmə qərarları › İş №2-1(114)-1521/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1521/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1521/2023 13.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Atalığın müəyyən edilməsi haqqında İ-СЛ 268512 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1963-cü il tarixdə X1 doğulmuş İddiaçı atası X4 hesab edilmiş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 08 saylı qeydiyyat aparılmışdır.

2. Doğum haqqında xx.xx.1975-ci il tarixli İİ-СЛ 025278 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə (doğum tarixində 1963 rəqəmi qaralanaraq düzəldilmişdir) Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olmuş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 10 saylı qeydiyyat aparılmışdır.

3. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-369/2008 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, 05 dekabr 1970-ci ildə Ermənistan Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş İddiaçı doğumunun Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktı müəyyən edilmiş hesab olunmuşdur.

4. Həmin qətnamə ilə müəyyən edilir ki, ərizəçi İddiaçı məhkəməyə ərizə verərək, özünün doğum aktının xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktının müəyyən edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş və doğum aktı həmin kəndin Sovetliyində qeydə alınmışdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə öz doğma torpaqlarından didərgin düşmüşlər. Bərdə rayonunun Qarabağ qəsəbəsində məskunlaşmışdır. Bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmədə şahid qismində dindirilmiş X3, X8, X5 ifadələrində ərizəçinin doğurdan da xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kəndində doğulduğunu, doğumun həmin kəndin Sovetliyində qeydə alındığını, 1988-ci ildə Ermənistandan qaçqın düşdükləri vaxtı ərizəçinin bütün sənədlərinin, habelə doğum haqqında şəhadətnaməsinin Ermənistanda qaldığını, hazırda ərizəçinin heç bir sənədinin olmadığını bildirmişlər.

5. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2008-ci il tarixli 3 nömrəli doğum haqqında bərpa akt qeydinə əsasən İddiaçı xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində doğumu barədə akt qeydi bərpa edilmiş və bu barədə bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2008-ci il tarixli 3 nömrəli qeydiyyat aparılmışdır.

6. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2023-cü il tarixli 23-05/15 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq düzəliş edilməsinə kifayət qədər əsaslar yoxdur. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və onun doğum akt qeydində düzəliş edilməklə doğum tarixinin xx.xx.1963-cü il kimi yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1963-cü ildə Ermenistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur, atası X4, anası isə X2r. O, anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. İlk öncə doğum haqqında şəhadətnamə alınan zaman onun doğum tarixi yanlış olaraq qeyd etdiklərindən doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində doğum tarixi xx.xx.1970-ci il olaraq yazmışdır. Ona 25 fevral 1975-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınan zaman orada doğum tarixini xx.xx.1963 olaraq yazsalar da, 25 fevral 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsində doğum tarixini xx.xx.1970-ci il olaraq qeyd ediblər. Doğum haqqında şəhadətnaməsi olmasına baxmayaraq bu vaxta qədər şəxsiyyət vəsiqəsi almamışdır. Hal-hazırda şəxsiyyət vəsiqəsi almaq üçün Bərdə regional Asan xidmət mərkəzinə müraciət etdiyi zaman doğum haqqında şəhadətnaməsində doğum tarixinin 1970-ci ildən qələm vasitəsi ilə müdaxilə olunub 1963-cü il yazıldığından və doğum akt qeydində doğum tarixi 1970-ci il yazıldığından ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişlər. Doğum haqqında şəhadətnaməsində doğum tarixinin 1963-cü il yazılması ilə bağlı Cavabdehnə müraciət etdiyi zaman isə doğum akt qeydi ilə əlaqədar sənədlərin Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində qaldığından doğum akt qeydində doğum tarixinin xx.xx.1963-cü il kimi yazılması mümkün olmamışdır və ona məhkəməyə müraciət etməsini məsləhət görmüşlər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. Məhkəmə tərəfindən yardım edildikdən sonra iddiaçı məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, xx.xx.1975-ci il tarixdə 10 sayla qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək doğulduğu tarixin xx.xx.1963-cü il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - doğum haqqında xx.xx.1975-ci il tarixli İİ-СЛ 025278 nömrəli təkrar şəhadətnamənin təsdiqli surəti; - atalığın müəyyən edilməsi haqqında xx.xx.1975-ci il tarixli İ-СЛ 268512 nömrəli şəhadətnamənin təsdiqli surəti; - Cavabdeh xx.xx.2023-cü il tarixli 23-05/15 nömrəli imtina məktubu; - Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-369/2008 nömrəli qətnaməsinin surəti; - xx.xx.2008-ci il tarixli 3 nömrəli doğum haqqında bərpa akt qeydinin təsdiqli surəti. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə proses inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

24. İş materialları ilə müəyyən olur ki, doğum haqqında xx.xx.1975-ci il tarixli İİ-СЛ 025278 nömrəli şəhadətnamədə İddiaçı xx.xx.1963-cü il tarixdə (doğum tarixinə müdaxilə edilmiş və 1963 rəqəmi qaralanaraq düzəldilmişdir) Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olması və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 10 saylı qeydiyyat aparılması qeyd edilmişdir.

25. Hazırda iddiaçı xx xxxxxx 1963-cü ildə Ermenistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olduğunu və doğum haqqında şəhadətnamə alınan zaman onun doğum tarixinin yanlış olaraq xx.xx.1970-ci il kimi yazıldığını əsas gətirərək, xx.xx.1975-ci il tarixdə 10 sayla qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək doğulduğu tarixin xx.xx.1963-cü il kimi qeyd edilməsini xahiş edir.

26. Lakin məhkəmənin sorğusu əsasında əldə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı 1988-ci ildə Ermənistandan qaçqın düşdükləri vaxt bütün sənədlərinin, habelə doğum haqqında şəhadətnaməsinin Ermənistanda qaldığını əsas gətirməklə, məhkəmədə iddia qaldıraraq doğum aktının xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktının müəyyən edilməsini xahiş etmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-369/2008 nömrəli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, 05 dekabr 1970-ci ildə Ermənistan Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş İddiaçı doğumunun Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktı müəyyən edilmiş hesab olunmuşdur. Həmin qətnamə icra edilərək İddiaçı xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində doğumu barədə akt qeydi bərpa edilmiş və bu barədə bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2008-ci il tarixli 3 nömrəli qeydiyyat aparılmışdır.

27. Əvvəlki məhkəmə iclaslarında sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, həmin qətnamə əsasında doğum haqqında şəhadətnamə almış, lakin sonradan onu itirmişdir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Maddə 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

30. Qanunvericilik normalarından da göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının (hazırkı halda doğum aktı) qeydiyyatı faktı o halda məhkəmə qaydasında müəyyən edilir ki, akt qeydi itmiş olsun və onun bərpası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mümkün olmasın. Hazırkı iş üzrə İddiaçı doğum haqqında şəhadətnaməsinin qaçıqn düşən zaman Ermənistanda qalması əsası ilə Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək özünün doğum aktının xx.xx.1970-ci il tarixdə Ermənistan Vardenis rayonu Daşkənd kənd Sovetliyində qeydə alınmasının müəyyən edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2008-ci il tarixli 2-369/2008 nömrəli qətnaməsi əsasında iddiaçının xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində doğumu faktı müəyyən edilmiş və həmin qətnamə əsasında bərpa edilmişdir.

31. Hazırda isə iddiaçı həm doğum haqqında şəhadətnaməsini iş materiallarına əlavə edərək, orada doğum tarixinin düzgün qeyd edilməməsinə və qələmlə düzəliş edilməsinə istinadla, xx.xx.1975-ci il tarixdə 10 sayla qeydə alınmış doğum akt qeydinə düzəliş edilərək, doğum tarixinin xx.xx.1963-cü il kimi qeyd edilməsinin cavabdehin üzərinə qoyulmasını istəyir.

32. Lakin nə qədər ki, iddiaçının doğum aktının xx.xx.1970-ci il tarixdə Ermənistan Vardenis rayonu Daşkənd kənd Sovetliyində qeydə alınması faktı onun öz ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilərək, məhkəmə qətnaməsi əsasında doğum akt qeydi bərpa edilmişdir və həmin bərpa qeydi ləğv edilməmişdir, bu halda iddiaçının iddiası əsaslı sayıla və təmin oluna bilməz.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar