Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1522/2024 16.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinət pulunun verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadə etmədiyi son üç ilin – xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilə qədər olan “müharibə veteranı” müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, könüllü olaraq Milli Ordu sıralarına 861(171) nömrəli hərbi hissəyə daxil olmuş, qısa müddətli hazırlıqdan sonra 14 iyun 1992-ci ildə komandirlərin əmri ilə hücum edərək Şəmkirdə yerləşən hərbi aerodromun azad edilməsində iştirak etmişdir. Ordan əldə edilən silahlarla silahlanaraq Gədəbəyi qorumaq üçün dağlara qalxmışlar, 08 avqust 1992-ci ildə hücum edərək məşhur Başkənd əməliyyatını uğurla həyata keçirmişlər. Daha sonra Gədəbəy uğrunda gedən bütün döyüşlərdə yaxından iştirak etmiş, 1994-ci il tarixində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ordu sıralarından tərxis olunduqdan sonra Şəmkir RHK-na gələrək qeydiyyata durmuşdur. 1996-cı ildən etibarən Qarabağ döyüşçülərinə “Müharibə veteranı” vəsiqəsi verilsə də ona verilməmişdir. Buna görə də, o, Müdafiə Nazirliyinə müraciət etmiş və 26 dekabr 2018-ci ildə ona “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Odur ki, o, uzun illər ərzində kimlərinsə səhvindən “Müharibə veteranı” imtiyazlarından istifadə edə bilməmişdir. Buna görə də o, son 3 (üç) ilin Müharibə veteranı müavinətını almaq üçün ƏƏSMN-nin DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş və 23 noyabr 2023-cü il tarixli, 3-17-1/2-H- 244908/2023 saylı imtina cavabı almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-11-244905/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müavinət pulunun verilməsi ilə əlaqədar müraciətinə müsbət cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, əvvəllər də məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1811/2019 saylı qərar ilə iddia tələbi qismən edilmiş, qərar icra olunmuş və iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı sosial müavinət təyinatı üzrə xx.xx.2020-ci il tarixli 8535 nömrəli qərar əsasında xx.xx.2015-xx.xx.2018ci tarixlərə uyğun sosial müavinət ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1811/2019 nömrəli qərarından məlum olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 56449/2024 nömrəli məktubdan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1811/2019 nömrəli qərarı icra edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki, məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinət pulunun verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1522/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1522/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver