Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1526/2020 05.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı il tarixdən, xx.xx.1978-ci il tarixə kimi Ermənistanın Kirovakan şəhərində yanğın söndürən, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu ilə kimi X1 sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixə kimi Quqark rayonunun Vaaqni sovxozunda sürücü, xx.xx.1988-1993-cü illərdə (1989-cu il tarixdə «Gəncə şərab-1» X7 Cəmiyyətində işlədiyi 10 ay) və 1995-1999-cu illərdə «Gəncə şərab-1» X7 Cəmiyyətində, 1993-1994-cü illərdə X2 kombinatında qəlbçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialının (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1970-ci ildə Bakı şəhəri Cəfər Babayev adına 3 saylı texniki-peşə məktəbinə daxil olmuş, 1973-cü ildə oranı bitirdikdən sonra xx.xx.1973-cü ildə hərbi xidmətə getmiş, xx.xx.1975-ci ildə ordudan təxris olmuşdur. xx.xx.1976-cı il tarixdən, xx.xx.1978-ci il tarixə kimi Ermənistanın Kirovakan şəhərində yanğın söndürən, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu ilə kimi X1 sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixə kimi Quqark rayonunun Vaaqni sovxozunda sürücü, xx.xx.1988-ci il tarixdən (1989-cu il tarixdə «Gəncə şərab-1» X7 Cəmiyyətində işlədiyi 10 ay) 1993, 1995-1999-cu illərdə «Gəncə şərab-1» X7 Cəmiyyətində, 1993-1994-cü illərdə X2 kombinatında qəlbçi işləmişdir. xx.xx.2020-ci il tarixdə yaşa görə pensiya almaq hüququ yarandığından o zəruri sənədləri toplayaraq cavabdehə müraciət etmiş, lakin cavabdeh 1989-cu ilin 10 ayını, X2 kombinatında işlədiyi 1993-1994-cü illəri və Ermənistanda işlədiyi 12 il 4 ay stajını sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus əmək kitabçasının təsdiqlənmiş surəti, cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli bildirişi, «Gəncə şərab-1» X7 Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışı, X6 Materialları kombinatının (tarixsiz və nömrəsiz) arayışı, НЗ ******* nömrəli, xx.xx.1973-cü il tarixli hərbi bilet, 084168 nömrəli, xx.xx.1973-cü il tarixli diplom və DSMF PUŞ-in Gəncə şəhər Kəpəz rayon filialının məhkəməyə ünvanladığı **********3 nömrəli xx.xx.2020-ci il tarixli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1976-xx.xx.1978-ci illərdə (02 il 02 ay) Ermənistanın Kirovakan şəhərində yanğın söndürən, xx.xx.1978-xx.xx.1979-cu illərdə X1 sürücü (11 ay 15 gün), xx.xx.1979-xx.xx.1988-ci illərdə (09 il 05 ay) Quqark rayonunun Vaaqni sovxozunda sürücü, xx.xx.1988-ci ildən xx.xx.1999-cu il tarixədək (10 il 02 ay 18 gün) nömrəli Gəncə şərab zavodunda vaqon bələdçisi və operator işləməsi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. İş materiallarında olan əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı 1988-ci ildə 05 ay, 1989-cu ildə 10 ay, 1990-cı ildə 11 ay, 1991-ci ildə 08 ay, 1992-ci ildə 06 ay, 1993-cü ildə 01 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 11 ay, 1997-ci ildə 06 ay, 1998-ci ildə 08 ay əmək haqqı almaqla, 06 il 06 ay (5+10+11+8+6+1+12+11+6+8=78 ay) sığorta stajı toplamışdır. İddiaçının öz deməsinə görə işləmədiyi aylarda ödənişsiz məzuniyyətdə olmuşdur. Məzuniyyətlər haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddəti əmək stajına daxil edilmir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə (64 yaş 6 ay) pensiya yaşına çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Cavabdeh iddiaçının hərbi xidmətdə olduğu xx.xx.1973-xx.xx.1975-ci il müddəti (02 il 08 gün), texniki peşə təhsil aldığı 1970-1973-cü illəri (03 il) və xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək «Gəncə şərab-1» X7 Cəmiyyətində işlədiyi dövrü təqdim olunmuş əmək haqqı cədvəllərinə əsasən hesablanmış, cəmi 10 il 10 ay sığorta stajına qəbul edir. İş materiallarında olan X6 Materialları kombinatı tərəfindən verilmiş (tarixsiz və nömrəsiz) arayışda iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X2 Kombinatında beton qəlibləyici işləməsi göstərilsə də həmin fakt əmək kitabçasında qeyd edilmədiyindən və arxiv sənədləri ilə öz təsdiqini tapmadığından məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən və arxiv sənədləri ilə qarşılıqlı yoxlanması mümkün olmayan xx.xx.1976-xx.xx.1978-ci illərdə (02 il 02 ay) Ermənistanın Kirovakan şəhərində yanğın söndürən, xx.xx.1978-xx.xx.1979-cu illərdə X1 sürücü (11 ay 15 gün), xx.xx.1979-xx.xx.1988-ci illərdə (09 il 05 ay) Quqark rayonunun Vaaqni sovxozunda sürücü işlədiyi 12 il 03 ay müddət Əmək pensiyaları haqqında Qanunun 23-cü maddəsinə əsasən onun sosial sığorta stajına daxil edilsə belə, onun 25 il sosial sığorta stajı yaranmış olmur. Deməli, tələb olunan müddət iddiaçının sosial sığorta stajına daxil edilsə belə, onun pensiya hüququ yaranmış olmur. Ona görə də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi araşdırılmalıdır Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.2.1-ci bəndində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Qaydaların 4.2.2-ci bəndinə görə, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006- cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qaydaların 4.2.3-cü bəndinə əsasən, x xxxx 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Qeyd olunan üsulla iddiaçının pensiya kapitalının məbləğini hesablanaraq onun xx.xx.2006cı ilədək mövcud olan 23 il 9 ay müddət 306 manata vurulur ((23 il x 306)+ (306:12 ay x 9 ay)=7267,5 manat) və 2006-2016-cı illər üzrə indeksləşdirilir: 7267,5+603,2(2006-cı il üzrə)+1314,4 (2007-ci il üzrə)+1910,5 (2008-ci il üzrə)+166,4 (2009-cu il üzrə)+ 641,9 (2010-cu il üzrə)+ 940,4 (2011-ci il üzrə)+141,3 (2012-ci il üzrə)+ 311,7 (2013-cü il üzrə)+186,2 (2014-cü il üzrə)+539,3 (2015-ci il üzrə)+1738,8 (2016-cı il üzrə)=15761,6. Alınmış 15.761,6 manat məbləğ gözlənilən pensiya ödənişi müddətinin aylarına (144 ay) bölünməklə 109,5 manat məbləğ alınır. Bu isə hazırda əmək pensiyasının minimum məbləğindən azdır. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına qarşı xx.xx.1976-cı il tarixdən, xx.xx.1978-ci il tarixə kimi Ermənistanın Kirovakan şəhərində yanğın söndürən, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu ilə kimi X1 sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixə kimi Quqark rayonunun Vaaqni sovxozunda sürücü, xx.xx.1988- 1993-cü illərdə (1989-cu il tarixdə «Gəncə şərab-1» X7 Cəmiyyətində işlədiyi 10 ay) və 1995-1999-cu illərdə «Gəncə şərab-1» X7 Cəmiyyətində, 1993-1994-cü illərdə X2 kombinatında qəlbçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialının üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1526/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1526/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver