Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1526/2022 24.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1968-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (11 il 4 ay 2 gün) Tərtər rayonunun Lenin adına kolxozda ictimai əsaslarla kolxozçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (5 il 7 ay) həmin kolxozda fermada hesablayıcı və laborant, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (6 ay) həmin kolxozda ferma müdiri, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (2 il 6 ay) həmin kolxozda yemçilik üzrə briqadir, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (1 il 8 ay) həmin kolxozda sədr müavini, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (3 il 5 ay) həmin kolxozda qarğıdalı briqadri, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək (4 il 5 ay 5 gün) həmin kolxozda baş zootexnik vəzifəsində işlədiyi müddətin, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 6 ay) X3 Texnikumunda zootexnik ixtisası üzrə orta ixtisas təhsili aldığı müddətin və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu müddətin, ümumilikdə xx.xx.2006-cı il tarixədək 33 il 11 ay 7 günün ona pensiya hüququ verən ümumi iş stajı hesab edilməsi, 65 yaşının tamam olduğu pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək üçüncü şəxsin iddia ərizəsindən çıxarılmasını və 1995-1998-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunmasını cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1956-cı ildə anadan olmuşdur. xx.xx.1968-ci ildən xx.xx.1980-ci ilədək ( 11 il 4 ay 2 gün ) Tərtər rayonun Lenin adına kolxozda ictimai əsaslarla kolxozçu, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək ( 5 il 7 ay ) həmin kolxozda fermada hesablayıcı və laborant, xx.xx.1985-ci ildən xx.xx.1986-cı İlədək ( 6 ay ) həmin kolxozda ferma müdiri, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək ( 2 il 6 ay ) həmin kolxozda yemçilik üzrə briqadir, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək ( 1 il 8 ay ) həmin kolxozda sədr müavini, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək ( 3 il 5 ay ) həmin kolxozda qarğıdalı briqadiri, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək ( 4 il 5 ay 5 gün ) həmin kolxozda baş zootexnik vəzifəsində işləmişdir. xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək ( 2 il 6 ay ) X3 Texnikumunda zootexnik ixtisası üzrə orta ixtisas təhsili almışdır. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək ( 2 il ) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, xx.xx.2006-cı ilədək ümumi iş (sosial sığorta) stajının 33 ( otuz üç ) il 11 ( on bir ) ay 7 ( yeddi ) gün təşkil etməsi ona məxsus əmək kitabçasında, arxiv arayışında, hərbi biletində və diplomunda öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək xx.xx.2006-cı ilədək 25 (iyirmi beş) ildən çox ümumi iş (sıgoıta) stajına malik olmağını nəzərə alıb ona pensiya hüququnun yarandığı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizəsinə cavab olaraq ona göndərilmiş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubda onun xx.xx.2006-cı il tarixədək 21 il 08 ay sığorta stajının olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Ona görə də o, cavabdehin bu məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 24 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtina itə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən verilən imtina əsaslıdır və iş üzrə iddia tələbi rədd edilməlidir. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 23 il 1 ay 26 gün sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 17646,15 manat pensiva kapitalı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta staiından və 28800 manat pensiya kapitalından azdır. İddiaçı təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 322 nömrəli arayışına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 1 il 11 ay 28 gün hərbi xidmətdə olduğu müddət, diploma əsasən xx.xx.1977-xx.xx.1980-ci il tarixinədək 2 il 5 ay 28 gün təhsil aldığı müddət, kolxozçunun əmək kitabçasına əsasən 18 il 8 ay əmək fəaliyyəti dövrü olmaqla iddiaçının xx.xx.2006-cı il tarixinədək 23 il 1 ay 26 gün təşkil edir. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 23 il 1 ay 26 gün sığorta stajı mövcuddur. Tərtər rayon Dövlət Arxivinin 06 may 2021-ci il tarixli, 85 nömrəli arxiv arayışına əsasən iddiaçının xx.xx.1995-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək (3 il 7 ay 5 gün) “Lenin“ adına kolxozda işlədiyi dövrlərə aid əmək haqqı kitabı mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması cavabdeh orqan tərəfindən mümkün olmamışdır. Həmçinin arxiv arayışında 1976-cı il (7 ay) və 1979-cu il (1 il) üzrə faktiki əmək günü qeyd olunmamışdır. Bu səbəbdən mübahisələndirilən 5 il 2 ay 5 gün onun xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına daxil edilməmişdir. Həmçinin, iddiaçının xx.xx.1997-ci il tarixli, ******* nömrəli əmək kitabçasında 1976, 1979, 1996-1998-ci illər üzrə faktiki əmək günləri qeyd edilməmişdir. Əmək kitabçasında qeyd olunan 1995-ci ilə nəzərən isə qeyd edir ki, həmin dövr üzrə iddiaçının əmək kitabçasında faktiki gün kimi 308 gün qeyd edilmiş lakin arxiv arayışı ilə öz təsdiqini tapmamış, bu səbəbdən həmin dövr tam il kimi nəzərə alınıb iddiaçının sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrün iddiaçının cavabdeh orqan tərəfindən nəzərə alınan sığorta stajına əlavə edilməsi halında belə (23 il 1 ay 26 gün + 1 il = 24 il 1 ay 26 gün) qanunvericiliklə tələb olunan 25 il sığorta stajını ödəməyəcəkdir. Belə ki, iddiaçının sığorta stajı hesablanarkən onun əmək haqqı aldığı dövrlər nəzərə alınmışdır. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.1997-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surəti, xx.xx.1980-ci il tarixli, BT 595069 nömrəli diplomun təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 322 nömrəli arayışı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubu, Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 85 nömrəli və xx.xx.2022-ci il tarixli, 14 nömrəli arxiv arayışları, pensiya işinin surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1995ci ildən 1998-ci ilədək Tərtər rayonu “Lenin” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, həmin dövrlərə aid əmək haqqı kitabları arxivə təhvil verilmədiyi üçün, həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Halbuki, iddiaçının 1995-ci ildən 1998-ci ilədək Tərtər rayonu “Lenin” adına kolxozda işlədiyi dövr iddiaçıya məxsus xx.xx.1997-ci il tarixli, ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan xx.xx.1997-ci il tarixli, ******* nömrəli nömrəli əmək kitabçasından məlum olur ki, İddiaçı 1995-ci ildən 1998-ci ilədək Tərtər rayonu “Lenin” adına kolxozda işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının 1995-ci ildən 1998-ci ilədək Tərtər rayonu “Lenin” adına kolxozda işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia ərizəsində hüququ yarandığı tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2020-ci il 1 iyulundan - 2021-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının 1995-ci ildən 1998-ci ilədək Tərtər rayonu “Lenin” adına kolxozda işlədiyi dövr də daxil edilməklə, cəmi 26 il 1 ay 26 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının 1995-ci ildən 1998-ci ilədək Tərtər rayonu “Lenin” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 1995-ci ildən 1998-ci ilədək Tərtər rayonu “Lenin” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov