Məhkəmə qərarları › İş №2-1(114)-1529/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1529/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1529/2022 28.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilər üzrə ödənilmiş 2370 manat artıq ödəmənin qaytarılması barədə müvafiq qaydada rəy tərtib edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ödənilmiş 2370 manat artıq pulun cavabdehdən alınıb qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək vergilər üzrə ödənilmiş 2370 manat artıq ödəmənin qaytarılması barədə müvafiq qaydada rəy tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətində bildirmişdir ki, Sahibkarlıq fəaliyyəti ilə həm fiziki, həm də hüquqi şəxs kimi məşğul olmaq mümkündür. Mövcud qanunvericiliyə istinadən fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi fəaliyyətidir. Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olsun. iddiaçının cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı olan inzibati işdə yuxarıda qeyd edilən normativ tənzimləmə vasitələrinin tələbləri pozulmuşdur. Belə ki, həm iddia ərizəsində, həm də məhkəməyə sonradan təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizədə iddiaçı kimi İddiaçı adı göstərilmişdir. Halbuki, iddia ərizəsinin təsviri və nəticə hissəsində "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş məbləğin qaytarılmasından bəhs olunur. Göründüyü kimi, İddiaçı başqa şəxs olan "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı məhkəmədə iddia irəli sürülməklə bağlı subyektiv hüquqa malik deyil. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də eyni məzmunda izahat verərərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etdi. İddiaçının şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının öz adından belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, elektron məhkəmə sorğu sistemindən əldə edilmiş məlumata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2008-ci il tarixdə ********** VÖEN ilə qeydiyyata alınmış hüquqi şəxsdir, onun rəhbəri İddiaçıdur. İddiaçının tələb etdiyi 2.370 manat artıq ödəmə də məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsində əks olunmuşdur. Bu isə iddiaçının öz adından iddia qaldırmağa dair subyektiv hüququn sahibi olmadığı anlamına gəlir. Həmin hal xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iddiaçının nəzərinə çatdırılmış və növbəti məhkəmə iclasınadək iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi təklif olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 16.4-cü bəndində qeyd edilmişdir ki, İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6.). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən təyin olunmuş müddətdə iddiaçı mövcud çatışmazlıqları aradan qaldırmamışdır. Məhkəmə iddiaçıya izah edir ki, hazırkı tələblə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilər üzrə ödənilmiş 2370 manat artıq ödəmənin qaytarılması barədə müvafiq qaydada rəy tərtib edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar