Məhkəmə qərarları › İş №2-1(114)-153/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-153/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-153/2023 15.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı X1 rəhbərliyinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd divizyasının rəhbərliyinə ailə vəziyyəti ilə əlaqədar təxris olunmağı barədə xahiş etmişdir, həmin vaxt hansı maddəyə əsasən ehtiyata buraximağına fikir verməmişdir. Bu yaxınlarda hərbi biletini Tovuz Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən alan zaman cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd divizyasının rəhbərliyinin 05 oktyabr 2021-ci il tarixli əmrində onun «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən guya xidmətə uyğunsuz olduğuna görə onunla olan bağlaşmanın ləğv edildiyini öyrənmişdir. Həmin əmrdən xəbəri olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı və ərizəni müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ehtiyata buraxılma barədə əmr ona elan edilmişdir, sadəcə hərbi bileti gec aldığına görə məhkəməyə gec müraciət etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə görə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N nömrəli hərbi hissədə xx.xx.2021-ci il tarixdə R-7398 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Tovuz rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı yazdığı raportla əlaqədar xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olubolmaması aydınlaşdırılmışdır. İddiaçı ailəsində problemlər olduğunu, həmin problemlərin xidmətinə mənfi təsir göstərdiyini, xidmət yerinin istənilən yerə dəyişdiriləcəyi təqdirdə belə qalıb xidmət etmək istəmədiyini və hərbi hissədə hər hansı şəxsə qarşı iddiasının olmadığını bildirmişdir. Söhbət zamanı hərbi xidmətə könüllü qaydada daxil olma qaydası, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri İddiaçı nəzərinə çatdırılmış, qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Söhbətin sonunda İddiaçı ehtiyata buraxılması barədə tələsik qərar verməməsi barədə tövsiyyə verilərək fikrini dəqiqləşdirmək üçün vaxt verilsə də, İddiaçı bundan imtina edərək 2-ci söhbətə ehtiyacı olmadığını bildirərək tez bir zamanda Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq edilmişdir. İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığı ərizədə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirsə də, iddiasında xidməti yerdəyişmələrlə bağlı narazılıqlarını qeyd etmişdir. İddiaçı xidməti vərəqəsindən görünür ki, xidmət etdiyi müddət ərzində xx.xx.2020-ci il tarixdə DSX rəisinin xx.xx.2012-ci il tarixli 0151 nömrəli əmrinin tələblərini kobud şəkildə pozduğu üçün ona rəhbərlik tərəfindən “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” inzitam cəzası verilməklə intizam məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Dövlət Sərhəd Xidməti rəisinin müavini – X2 684 ş/h nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, iddiaçı “Hərbi xidmət və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında sözügedən əmrin ona elan edildiyini, lakin hərbi bileti ona gec təqdim edildiyindən məhkəməyə qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. İş materialların əlavə edilmiş N nömrəli hərbi hissənin N nömrəli “Təyinatların qeydiyyatı” kitabının surətindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə həmin kitaba imza edərək təyinat vərəqəsini almışdır. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini xx.xx.2021-ci il tarixdə bilmiş, lakin məhkəmədə əmrin mübahisələndirilməsi barədə ərizəni isə xx.xx.2022-ci il tarixdə poçt xidmətinə müddət ötürülməklə təqdim etmişdir. Həmçinin müddətin ötürülməsinin səbəbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Başqa sözlə, hərbi bileti gec aldığına görə məhkəməyə gec müraciət etməsi faktı məhkəməyə müraciət etməsinin məhdudlaşdırılması baxımından inandırıcı deyildir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar