Məhkəmə qərarları › İş №2-1(114)-1530/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1530/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1530/2023 18.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, üçüncü şəxslər X6 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14, X3, X5, X15 və X10) şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə üçüncü şəxslərin adına tərtib olunmuş JN 1755A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Tovuz rayonu, Aşağı Ayıblı kənd (indiki Əyyublu kənd) sakini X11 miras qalmış əmlaka - Tovuz rayonun Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Ağstafa rayon Məhkəməsinin 02 dekabr 2005-ci il tarixli 2-144/2005 saylı qətnaməsi ilə mülkiyyətçi tanınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır və qətnamə əsasında mülkiyyət hüquqları cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır və ona 13 fevral 2006-cı ildə cavabdeh tərəfindən Qeydiyyat Vəsiqəsi, sonradan isə mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Lakin Çıxarışda iddiaçının yalnız evə görə hüquqları qeydə alınmışdır. Cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan və müvafiq Çıxarış verməkdən imtina edir. Əsas olaraq göstərir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi JN 1755A nömrəli şəhadətnaməyə əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı cavabdehin bu mövqeyi ilə razı deyil. Ona görə ki, həmin torpaq sahəsi ilə bağlı bütün sənədlər ləğv olunub. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Hansı ki, həmin qətnamə bir neçə il bundan əvvəl qanuni qüvvəyə minib və cavabdeh tərəfindən tam şəkildə icra olunub. İddiaçı hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir, bu səbəbdən də mərhum atasından qalmış miras evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə üçüncü şəxslərin adına tərtib olunmuş JN 1755A saylı şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Torpağın mülkiyyətə verilməsinə dair JN 1755A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı və vəkili Vəkil iddianı müdafiə etmişdir. Üçüncü şəxs X14 iddianı qəbul etməyərək bildirmişdir ki, o, həmin torpaq sahəsində yerləşən evi 1994-cü ildə almış, adına verilmiş qeydiyyat vəsiqəsinin ləğvi məsələsinə isə məhkəmə onun iştirakı olmadan baxmışdır. Ev onun adına olduğuna görə torpaq sahəsi də haqlı olaraq ona və ailə üzvlərinə verilmişdir. Üçüncü şəxs X10 iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN-1755A KOD 50300068 nömrəli Şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi X14, X3, X5, X15 və X4 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş Tovuz rayon Dövlət Arxivinin xx.xx.2004-cü il tarixli, 250 nömrəli arxiv arayışından görünür ki, Aşağı Ayıblı kənd XDS icraiyyə komitəsinin rayon dövlət arxivində 1969-1971-ci il təsərrüfat kitabının 52-ci vərəqəsində mərhum X16 adına təsərrüfat olmaqla 14 mart 1971-ci ildə vəfat etmişdir, onun vəfatından sonra təsərrüfat xx xxxx 1951-ci ildə anadan olmuş qızı X12 adına yazılması göstərilmişdir. -surəti işə əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 2-144-2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 mərhum atası X13 miras qalmış Tovuz rayonunun Aşağı Ayıblı kəndindəki yaşayış evinin cavabdeh X7 adına qeydə alınmasına dair 468 reyestr nömrəli qeydiyyat vəsiqəsi, həmin evin cavabdeh X19 tərəfindən cavabdeh X1 dair Tovuz rayonunun dövlət notariat kontorunda 11 iyun 1994-cü ildə 3 M-1-72 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında cavabdeh X6 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mülkün əvvəlki vəziyyətə qaytarılmaqla həmin evin mülkiyyət hüququnun bütövlükdə iddiaçı X17 verilməsi qət edilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.0120 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, işə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə verilmiş, bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN-1755A KOD 50300068 nömrəli Şəhadətnamə tərtib edilmişdir. İddiaçının adına verilmiş müvafiq çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə işlənmiş üçüncü şəxslərin adına tərtib olunmuş bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN-1755A KOD 50300068 nömrəli şəhadətnamənin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2-144-2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsinin üzərində yerləşən ev xx.xx.1994-cü il tarixdə X19 tərəfindən X2. Həmin qətnamə ilə Elşad Həsənovun adına verilmiş qeydiyyat vəsiqəsi, evin alqı-satqısı barədə X21 Səfixanov arasında bağlanmış müqavilə və İsmayıl Səfixanovun adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilsə də, ev 1994-cü ildən 2006-cı ilin 05 yanvar tarixinədək (icra vərəqəsi verilənədək) İsmayıl Səfixanovun mülkiyyətində olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq islahat zamanı evin yerləşdiyi torpaq sahəsi İsmayıl Səfixanovun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmçinin torpaq sahəsinə işlənmiş və hazırda mübahisələndirilən şəhadətnamə xx.xx.2004-cü il tarixdə verilmişdir ki, bu tarix də İsmayıl Səfixanovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilmə tarixindən əvvələ təsadüf edir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN-1755A KOD 50300068 nömrəli şəhadətnamənin İsmayıl Səfixanovun və onun ailə üzvlərinin adına verilməsi ilə qanun pozuntusuna yol verilməmişdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar