Məhkəmə qərarları › İş №2-1(114)-1531/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1531/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1531/2022 06.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh X3 qarşı saxta sənədlərlə torpağa girməsinin və onun bələdiyyənin 15.04.2007-ci il tarixli, 40 saylı qərarı ilə aldığı kadastr kitabında A seriyalı 239860 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və Dövlət kadastr kitabında 21.01.2010cu il tarixli, 621 nömrəli torpağın ona qaytarılması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh X3 (bundan sonra mətndə cavabdeh) qarşı cavabdehin saxta sənədlərlə torpağa girməsinin və onun bələdiyyənin 15.04.2007-ci il tarixli, 40 saylı qərarı ilə aldığı kadastr kitabında A seriyalı 239860 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və Dövlət kadastr kitabında 21.01.2010cu il tarixli, 621 nömrəli torpağın ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən mümkün sayılmamalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində qeyd edilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. “Azərbaycan Respublikasının MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bu mənada, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ müzakirə olunmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İşin hallarından göründüyü kimi iddiaçı tələbində inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan iş üzrə cavabdeh X1 sənədlərlə torpağa girməsinin və onun bələdiyyənin 15.04.2007-ci il tarixli, 40 saylı qərarı ilə aldığı kadastr kitabında A seriyalı 239860 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və Dövlət kadastr kitabında 21.01.2010-cu il tarixli, 621 nömrəli torpağın ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Nəzərə alınmalıdır ki, işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan məhkəmə nəzərdə tutulur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə, həmçinin hüquqi yardım göstərərək iddiaçının nəzərinə çatdırır ki, onun cavabdeh X3 qarşı hazırki iddiasının uğurluluğu sonuncuya sözügedən torpaq sahəsinin verilməsi barədə Ağstafa rayon Daş Kəsəmən bələdiyyəsinin 15.04.2007-ci il tarixli, 40 saylı qərarının mübahisələndirilməsindən keçir. Odur ki, iddiçıya izah olunur ki, O əvvəlcə sözügedən qərarı mübahisələndirməli və tələbi uğurlu olduğu halda cavabdeh X3 qarşı sözügedən torpağının zəbt edilməsinin qarşısının alınması tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh X3 qarşı saxta sənədlərlə torpağa girməsinin və onun bələdiyyənin 15.04.2007-ci il tarixli, 40 saylı qərarı ilə aldığı kadastr kitabında A seriyalı 239860 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və Dövlət kadastr kitabında 21.01.2010-cu il tarixli, 621 nömrəli torpağın ona qaytarılması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunsun ki, hazırkı tələb ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar