Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1532/2022 26.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13284/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayınadək Ağdam rayonu Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə özünü müdafiə dəstələrində iştirak etmiş, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmış və azyaşlı olduğuna görə hərbi hissədə uçota alınmamışdır. Bu əsaslara görə müharibə veteranı vəsiqəsinin verilməsi barədə ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh izibati orqanın xx.xx.2018-ci il tarixli d/o Ә- 4847 nömrəli cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi onun hərbi biletindəki qeydlərə əsasən hərbi xidmətinin atəşkəsdən sonrakı dövrə təsadüf etdiyi bildirilmişdir. Özünümüdafiə dəstələrində iştirak edərkən iddiaçının 15 yaşı olmuşdur. Bu baxımdan ona verilmiş hərbi biletdə döyüşlərdə iştirakı qeyd edilə bilməzdi. Hərbi əməliyyatlarda iştirak edən zaman yaralanmışdır və bu barədə Ağdam mərkəzi xəstəxanası Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş 25 yanvar 1992- ci il tarixli, 07 nömrəli arayışda onun, 17 yanvar 1992-ci ildə cəbhə xətdində yerləşən kəndə düşən mərmidən xəsarət aldığı, 25 yanvar 1992-ci ilə kimi ambulator müalicə aldığı təsdiq edilmişdir. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, birinci dəfə işə baxılarkən onun adı icra nümayəndəli tərəfindən tərtib edilmiş siyahıda yox idi, sonradan əlavə edilib, ona görə də yeni əsaslar yarandığına görə o, təkrar ərizə verib. O, azyaşlı olduğuna görə müvafiq siyahıda adı yazılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 3036 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" tələbinə dair 2020-ci ildə hər 3 (üç) instansiya məhkəməsində işə baxılmış, iddia tələbi təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir (Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1047/2020 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1132/2020 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2111/2020 nömrəli qərarı (əlavə olunur)). Sonradan iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallar bağlı icraatın təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarından sonra müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Milli X1 Quruculuğu, İnzibati və Hərbi qanunvericilik şöbəsinin müraciətinə cavab olaraq verdiyi 14 iyul 2021-ci il tarixli, 02/630 nömrəli arayışda onun birinci Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahısına əlavə edildiyi bildirilmişdir. Qeyd olunan arayışda onun Qarabağ döyüşlərində iştirak etməyi təsdiqlənir. O həmin sübut və ya halları ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edə bilməmiş, arayış 14 iyul 2021-ci il tarixində verilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-1047/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellayasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2514/2021 tarixli, 2-1(112)-1047/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ağdam Mərkəzi rayon xəstəxansının xx.xx.1992-ci il tarixli, 07 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdə düşən mərmidən travma (qapalı kəllə-beyin travması, beyin silkələnməsi, astenonevrotik sindrom) almış və xx.xx.1992-ci il tarixə kimi ambulator müalicə almışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 9/2-7506 saylı arayışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin fevral N-cı il tarixli və N nömrəli hərbi hissə komandirinin 1991-ci il tarixli, yanvar 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, Ә14508 saylı məktubundan görünür ki, iddiaçının cavabdeh orqana müraciətinə cavab olaraq bildirilmişdir ki, onun döyüş əməliyyatlarında iştirakını sübüt edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər yazılmış arayışlar, həmçinin digər tələb olunan sənədlərin tam toplandığını təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanın aidiyyəti komissiyasında baxıla bilər və onun tələbinin təmin edilməsindən imtina edilmişdir. -Ağdam Rayon İcra Hakimiyyətinin başcısının birinci müavininin 02/453 saylı, 24 iyun 2020-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı həmin dövrdə azyaşlı olmasına baxmayaraq 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayının 17-si yaralanma tarixinədək kənd sakinlərindən təşkil olunan könüllü özünümüdafiə dəstəsi ilə birgə və 1993-cü il may ayından 1993-cü il iyul ayının sonunadək N saylı hərbi hissə əsgər və zabitləri ilə birgə Ağdam rayonunun Şelli və Qurdlar kəndləri uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Həmçinin, iddiaçının döyüşlərədə iştirak etməsinə baxmayaraq həmin dövrdə azyaşlı olduğundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi və Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınmamışdır. -Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vətəndaşları 1988-1991-ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edən şəxslərin adlı siyahısında İddiaçı adı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. İddianın təkrar (eyni tərəflər arasında, eyni predmet barəsində) verilməsi ilə bağlı mümkünlük məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə icraatı zamanı iddiaçının adı Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edən şəxslərin adlı siyahısında mövcud olmamış, sonradan əlavə edilmiş, bunu müvafiq orqan iddiaçının həmin dövrdə azyaşlı olması ilə əlaqələndirmişdir. Qeyd edilən siyahıya iddiaçının adının əlavə edilməsi yeni əsasın yaranmasına dəlalət edir və eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisəyə baxılmasına mane olmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Әsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Әskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıların, xəsarət alma haqqında arayışların olması ilə şərtləndirilmişdir. Araşdırılmış sübutlarla təsdiq olunur ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş adlı siyahıya əsasən iddiaçı Әsgərov X2 hadisələri zamanı özünümüdafiə dəstələrinin tərkibində iştirak etmişdir. Digər tərəfdən, müvafiq arayışla İddiaçı xx.xx.1992-ci il tarixdə düşən mərmidən travma alması və xx.xx.1992-ci il tarixə kimi ambulator müalicə alması da öz təsdiqini tapır. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan müddətlərdə özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş və döyüşlərdə iştirak edən zaman travma almışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1532/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1532/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver