Məhkəmə qərarları › İş №2-1(114)-1535/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1535/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1535/2022 02.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi barədə iddia tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 26.04.2022-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərbi hissə komandirinin onun barəsində olan əmrinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə anadan olmuş, müddətli həqiqi hərbi xdmətini başa vurduqdan sonra 15.05.2014-cü il tarixdən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul edilmiş, N nömrəli hərbi hissədə sürücü vəzifəsində işləmiş, xidmət zamanı heç bir nöqsana yol verməmişdir. Qeyd edir ki, ailənin tək övladıdır və hər iki valideyinin səhhətində ciddi problemlər var. Bundan əlavə, 6, 8 yaşlarında iki övladı var. Onun işini itirməsi ilə ailəsinin maddi vəziyyəti daha da ağırlaşmışdır. Cavabdehin əmri əsasında 23.03.2015-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrdə onun barəsində qeyd edilən dəlillərin heç bir hüquqi əsası yoxdur. O, heç vaxt öz işinə xələl gətirəcək hərəkət etməmişdir. Cavabdeh 1367 nömrəli, 27.05.2022-ci il tarixdə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı 15.05.2014-cü il tarixdən 23.03.2015-ci il tarixinədək N nömrəli hərbi hissənin 3-cü taborun minatan bateriyaının baş sürücü vəzifəsində xidmət etmişdir. Hərbi hisədən SHXÇDX Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə göndərilmiş məktub əsasında götürülmüş sözügedənin xidməti vərəqəsindən görünür ki, sözügedən xidməti müddətində 2014-cü il tarixdə də xidməti yerini özbaşına tərk etdiyinə, digər inzitam pozuntularına görə ayrı-ayrı vaxtlarda intizam məsuliyyətinə cəlb edilmişdir. İddiaçı xidmətdə olarkən 08.01.2015-ci il tarixdən 09.01.2015-ci il tarixədək və 01.03.2015-ci il tarixdən 02.03.2015ci il tarixədək xidməti yerini özbaşına tərk etmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N nömrəli, 23.03.2015-ci il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır və həmin qərar qanuni olduğundan qüvvədə saxlanılmalıdır. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında sözügedən əmrin ona 2015-ci ildən məlum olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Göründüyü kimi, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Hazırkı iş üzrə iddiaçı cavabdehin N nömrəli, 23.03.2015-ci il tarixli əmrini 26.04.2022-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Habelə, mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması və ya elan olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmasa belə, iddiaçı özü əmrin 2015-ci ildə ona məlum olduğunu etiraf etmişdir. Bundan əlavə, iddiaçının hərbi biletində onun 23.03.2015-ci il tarixdə «Hərbi xidmətçəkmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı açıq və aydın şəkildə qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 24.1. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı hüquqi yardım göstərməyi məqsədəmüvafiq hesab etmir. Belə ki, sözügedən qərar iddiaçıya 2015-ci ildən məlum olduğundan və mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, ... qaldırıla bildiyindən, habelə İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinin tələbinə görə, müddətin buraxılmasından 1 il keçdikdən sonra müddətin bərpasına dair ərizənin verilməsinin qeyrimümkünlüyü sözügedən hüquqi yardımın heç bir hüquqi perspektivi olmadığı qənaətinə gəlir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “hərbi hissə komandirinin N nömrəli, 23.03.2015-ci il tarixli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar