Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1536/2023 01.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı müraciət etdiyi tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı müraciət etdiyi tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Həkim-Məsləhət Komissiyasının xx.xx.2022-ci il tarixli 0321003AAPV3 saylı göndərişinə əsasən ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin işin aidiyyətlə bağlı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsi zamanı baş vermiş partlayış nəticəsində qapalı kəllə-beyin travması almış, Səhiyyə Nazirliyinin X1 və Ortopediya İnstitutunda tibbi cərrahi yolla müayinə və müalicə olunmuşdur. Bununla əlaqədar olaraq ona 1995-ci ildə 3-cü qrup əlillik təyin edilmiş, lakin sonra təkrar yoxlanılmalardan sonra 2-ci qrup əlillik təyin edilmişdir. Onun əlillik vəziyyəti Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 0321003AAPV3 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən imtina edilmişdir. Daha sonra xx.xx.2022-ci ildə əyani olaraq müayinə olunsa da yenə əlillik təyin edilməmişdir. O, əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı davamlı mürcaiətlər etsə də nəticəsiz qalmışdır. Tovuz Rayon Mərkəzi Xəstəxanasında ona əlillik dərəcəsinin təyin olunması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə 0321003AAPV3 nömrəli göndəriş təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq ən azı müddətsiz 3-cü qrup əlillik dəyin edilməli olduğu halda, qanunsuz imtina verilmişdir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4290/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. II. Prosessual məsələlər
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı üzrə iclas xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
7. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə hazırlıq icraatı üzrə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
9. İddiaçı məhkəmə hazırlıq icraatı üzrə iclasda iddianı müdafiə etdiyini bildirmişdir.
10. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki: - Bəli, eyni tələblə əvvəlcə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra ona iddianın qaldırılmasında hüquqi yardım göstərən şəxsin təklifi ilə Gəncə İnzibati Məhkəməsinə də müraciət etmişdir. - Bəli, eyni məzmunlu iddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatında olduğu müddətdə Gəncə İnzibati Məhkəməsində ikinci iddianı qaldırmışdır.
11. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
12. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, Elektron məhkəmə informasiya sistemindən çıxarış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4290/2023 saylı qərardadı ilə müəyyən edilir ki, İddiaçı ona müraciət etdiyi tarixdən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı ilkin olaraq xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia həmin məhkəmənin icraatında olduğu müddətdə, eyni iddia ilə ikinci dəfə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu hal isə iddianın mümkün sayılmasını istisna edir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM-in) 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilmişdir ki: - 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. - 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
16. Göründüyü kimi, iddiaçı əlilliyin təyin edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə, iş məhkəmənin icraatında olduğu halda yenidən eyni tələb ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu isə inzibati prosessual qanunvericiliyin normalarına görə yolverilməzdir, ona görə ki, İPM-in 45.5.1-ci maddəsi iddia ərizəsinin icraata qəbul edilməsi halında iddiaçının eyni tələb ilə başqa məhkəməyə müraciət edə bilməsi imkanını qadağan edir.
17. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı müraciət etdiyi tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi mümkün sayılmamalıdır.
18. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülşən Əliyeva